BolgeXeber.Com » Analitika » Gəncənin icra başçısının oğlunun qalmaqallı fəaliyyəti...

Gəncənin icra başçısının oğlunun qalmaqallı fəaliyyəti...

18-06-2014, 08:20
Oxunub: 3 325 Elmar Vəliyevin Bakıda kortejlə və mühafizəçi ilə gəzən oğlu biznesini genişləndirir

Bir neçə gün öncə Gəncənin icra başçısı Elmar Vəliyevin və oğlu Elmir Vəliyevin Bakının Bilgəh qəsəbəsində sabiq polis polkovniki Tofiq Əsədovun bağ sahəsini zəbt etməsi ilə bağlı qəzetində məlumat yayılmışdı. Şikayət edən vətəndaş bildirirdi ki, Vəliyevlər onun bağını zorla əlindən alıblar. Daha sonra Bakı sakini Səliqə Lətifova da şikayət edərək bildirirdi ki, Vəliyevlər Tofiq Əsədovun bağına bitişik olan bağ sahəsini də zəbt ediblər. Bolgexeber.com bildirir ki, Qaynar.info-ya daxil olan məlumata görə, bu informasiyalar mediada yayılandan sonra Vəliyevlər bir qədər narahatlıq keçirsələr də, yenə də iddialarından əl çəkməyiblər. Həmçinin bildirilir ki, Vəliyevlərin biznesi təkcə zəbt etdikləri bağla kifayətlənmir, onların Bakıda, Gəncədə və bir neçə rayonda iri biznes obyektləri və torpaq sahələri var. Gəncə isə demək olar ki, tam Vəzliyevlərin nəzarətindədir. Belə ki, şəhərdə “quruculuq və abadlıq” işləri adı altında uzun illər aparılan talançılıq və söküntü əslində, Vəliyevlərə geniş imkanlar yaradıb, onlar Gəncədə sökdürdükləri obyektlərin yerində özlərinə biznes obyektləri yaradıblar. Hətta Gəncəçayın sahilində ən münbit və səfalı yerlərin də Vəliyevlərə məxsus olduğu iddia olunur.

Gəncəni kim idarə edir: Elmar, yoxsa Xanlar Vəliyev?

Məlumatlı mənbə bildirir ki, Gəncənin icra başçısına bu imkanları qardaşı, hərbi prokuror Xanlar Vəliyev yaradıb. Onun sözlərinə görə, əslində, Gəncə Xanlar Vəliyevin kurasıyasındadır və Elmar Vəliyevin ora icra başçısı göndərilməsində də məhz onun böyük “əməyi” olub. Bir sözlə, Vəliyevlər Gəncəni nəzarətə götürərək öz şəxsi mülkiyyəti kimi idarə edirlər. Hətta icra başçısı vəzifəyə təyin etdiyi şəxsləri də məhz Xanlar Vəliyevin xeyir-duası ilə kürsüyə əyləşdirir. Bununla yanaşı, Xanlar Vəliyevin də Gəncədə böyük biznes şəbəkələrinin olduğu, bu biznesin Elmar Vəliyev tərəfindən idarə oldunduğu deyilir.

İcra başçısının adı qalmaqallarda hallanan oğlu Elmir Vəliyev kimdir?

Vətəndaşın bağını zəbt etməklə yenidən gündəmə gələn icra başçısının oğlu Elmir Vəliyevlə bağlı bir müddət öncə maraqlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, icra başçısının oğlu, Milli Məclisin işçisi Elmir Vəliyev bahalı maşınlardan ibarət karvanın və silahlı mühafizəçilərin müşayiəti ilə hərəkət edir. Həmçinin gənc Vəliyevin bahalı avtomobil həvəskarı olduğu vurğulanır, ona məxsus “Galendevagen”in AA seriyalı, digər avtomobillərin isə AO və AZ seriyalı olduğu deyilirdi. Məlumatlarda o da bildirilirdi ki, Elmir Vəliyev Gəncədən Bakıya ağ “Mercedes Galendevagen” markalı, Az 90 AA 700 nömrə nişanlı avtomobillə gəlməyi çox xoşlayır. Onun kortejinə daxil olan maşınların nömrə nişanlarının 700-lə bitdiyi xüsusi qeyd olunurdu. İndinin özündə də Elmir Vəliyevin kortejində bir neçə AO seriyalı avtomobilinin olduğu deyilir. Hər maşında 3 nəfər mühafizəçi olduğuna dair məlumatlar isə dəfələrlə mediada əksini tapıb. Belə ki, həmin maşınların Elmir Vəliyevə qayınatası, Baş Prokurorluqda idarə rəisi olan Əzizağa Həsənov, digər məlumatlarda isə əmisi Xanlar Vəliyev tərəfindən bağışlandığı iddia olunur. Məlumatlarda qeyd olunur ki, icra başçısının oğlu, bu gün vətəndaşların bağ sahəsini almaqda ittiham olunan və adı məhkəmə çəkişmələrində hallanan Elmir Vəliyev bu işləri özbaşına etmir. O, bütün bunları ona komfort həyat, geniş şərait yaradan atasına və ölkədə ən önəmli postlardan birini tutaraq oliqarxlaşan əmisinə arxalanaraq edir.

Prezidentin tapşırığından nəticə çıxarmayanlar…

Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyev ötən il keçirilən konfransda məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etmişdi. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb etmişdi. Hətta bildirmişdi ki, qudurğanlıq edən məmur övladları cəzalandırılacaq, ataları isə işdən qovulacaq: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Təbii ki, prezidentin bu çıxışından sonra bir neçə məmurun cəzalandırıldığının şahidi olduq. Belə ki, bu ilin mart ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55" markalı, Az 90 FE 007 dövlət qeydiyyat nişanlı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi maşını vurdu. Məmur oğlu qəzanı sərxoş halda törətmişdi. Nəticədə isə xalq artistinin həyat yoldaşı və azyaşlı nəvəsi dünyasını dəyişdi. Baş verən cinayət olayından sonra M.Mədətov məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən qovuldu.

Doğrudan da, qəribə mənzərənin şahidi oluruq: adı Milli Məclisin Aparatında işçi kimi keçən, ara-sıra Milli Məclis həndəvərində 150 min manatlıq “Mazeratti” ilə dolaşdığı iddia olunan Elmir Vəliyevin adı bu gün vətəndaşın bağ evini zəbt etməkdə hallanır. Situasiya eynidir, yenə məmur, yenə məmur övladı… və əzilən vətəndaş…

Təəssüf ki, İlham Əliyevin məmurlara və onların yaxınlarına barmaq silkələyərək “özünüzü xalqdan üstün tutmayın, sadə həyat tərzi keçirin” ismarışlarını hələ də bəzi məmurlar və övladları görməzdən gəlirlər. İ.Əliyev “xalqın bir nömrəli xidmətçisi mən özüməm” mesajını isə bilərəkdən qulaqardı edirlər.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.