BolgeXeber.Com » Analitika » Elman Rüstəmovdan Əhməd Vəliyevə şok zərbə

Elman Rüstəmovdan Əhməd Vəliyevə şok zərbə

19-06-2014, 16:40
Oxunub: 3 610 MB sədri deputatın «Muğanbank»ını sıradan çıxarmaq istəyir

Azərbaycanın bank sektorunda mövcud olan problemlər gündən-günə daha da çoxalır. Mərkəzi Bank (MB) tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərən kommersiya banklarının bir çoxunda müştərilərə yüksək faiz dərəcələri ilə kreditlər verilir, o cümlədən kreditlərin verilməsi zamanı qanunsuz işlərə zəmin yaradılır. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılıb.

Mövcud vəziyyət isə onu göstərir ki, bank sektorunun 50 milyon manatlıq kapital tələblərinə uyğunlaşma potensialı çox aşağıdır. Və MBbanklar qarşısında bu tələbi irəli sürəndən sonra müştərilərin banklardan şikayəti birəbeş artıb. Yəni bankların bir çoxu məcmu kapitalı 50 milyona qaldırmaqla yanaşı, faiz dərəcələrini də artırıblar. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin azaldılması üzrə banklarla danışıqlar apardığını bildirsə də, hələlik müsbət nəticəsi yoxdur. Diqqətinizə çatdıraq ki, beynəlxalq bank təşkilatlarının açıqladığı hesabatlarda Azərbaycan faiz dərəcələrinin yüksək olduğu ölkələrin sırasında yer alır. Bu isə heç də xoş hal deyil. Bank sektorunda müxtəlif problemlərin meydana çıxması son nəticədə öz mənfi təsirini vətəndaşlara göstərir. Müştərilər incidilir, süni problemlərə və haqsızlığa məruz qalırlar. Vətəndaşların fəaliyyətindən narazı qaldığı banklardan biri də Milli Məclisin deputatı Əhməd Vəliyevə məxsus olan, daha dəqiq desək millət vəkilinin himayə etdiyi «Muğanbank»dır. Bildirək ki, bankın nizamnamə kapitalı Əhməd Vəliyevin yaxın qohumları arasında bölüşdürülüb. Belə ki, deputatın kürəkəni, eyni zamanda bankın müşahidə şurasının sədri Elmir Mehdiyev səhmlərin 63,50%-nin sahibidir.

Deputatın qızı Vəfa Vəliyeva isə 12,05% səhmə payçılıq edir. Millət vəkilinin qudası Maqbet Mehdiyev 13,10%, onun həyat yoldaşı Fəridə Mehdiyeva isə 11.35 % paya sahibdir. Xatırladaq ki, bir neçə il əvvələ kimi MB sədri Elman Rüstəmovla «Muğanbank»ın himayəçisi və sahibi Əhməd Vəliyevin münasibətləri çox yaxşı idi. İddialara əsasən, iki şəxsin arasında sıcaq əlaqələrin yaranmasına Elman Rüstəmovun «Muğanbank» vasitəsilə bəzi niyyətlərini həyata keçirməsi səbəb olmuşdu. Belə ki, bəzi mətbuat vasitələrində də yazıldığı kimi, ölkənin baş bankiri dəfələrlə «Muğanbank»ın vasitəsilə bank sahəsindəki çirkli pulları yuyub. Məlumatlı mənbələrin dediyinə görə, bu cür əməliyyatlar əsasən bankın filiallarında həyata keçirilib.

Həmçinin «Muğanbank»ın adı büdcədən silinən vəsaitlərin xarici bank təşkilatlarına qanunsuz köçürülməsi məsələsində də hallandırılıb. Amma Elman Rüstəmov hər dəfə bu kimi qalmaqallı olayların üstündən keçib və Əhməd Vəliyevin sahibi olduğu maliyyə təşkilatının dirçəlməsinə köməklik göstərib. Mənbənin verdiyi bilgiyə əsasən, son vaxtlar adıçəkilən şəxslərin münasibəti korlanıb və MB sədri artıq «Muğanbank»ın arxasından çəkilib: «Buna səbəb deputatın bankının Mərkəzi Bankın İdarə Heyətinin sədrinin bir sıra «tələb»lərini qarşılamaqdan imtina etməsidir. Rəsmi mənbələrdə sözügedən bankın məcmu kapitalının 50 milyon manata çatdırıldığı bildirilir, əslində belə deyil. Mərkəzi Bankın 2012-ci ildə bankların maliyyə kapitalının 50 milyon manata çatdırılması barədə irəli sürdüyü tələbdən sonra «Muğanbank»ın fəaliyyətinə xitam verilməli idi. Elman Rüstəmovun Əhməd Vəliyevlə yaxınlıq əlaqələri buna imkan vermədi. İndi isə vəziyyət başqa istiqamətdə cərəyan edir. Deputatın bankı bağlanmaq təhlükəsi ilə üzləşib. Mərkəzi Bankın rəhbərliyində gedən qızğın müzakirələr bankın lisenziyasının ləğv edilməsi yönündədir. Amma son qərar yenə də Elman Rüstəmovundur. Əgər millət vəkilinin bankı onun «tələb»lərini yerinə yetirməməkdə israr etsə, o zaman «Muğanbank» tezliklə sıradan çıxarılacaq».

Yazı ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.