BolgeXeber.Com » Analitika » Bütün ölkənin danaları birləşin!!!

Bütün ölkənin danaları birləşin!!!

24-06-2014, 18:55
Oxunub: 4 233 Bir müddət əvvəl sosial şəbəkədə paylaşdığım bir status maraqla qarşılanmışdı


Statusun qısa məzmunu belə idi: Bizim qadın şairlər öz şeirlərində “gülüm...bülbülüm...çiçəyim... maralım...” kimi müraciətlərdən istifadə edirlər. Bunu kişi şairlər istifadə edəndə başa düşüləndir. Ancaq şairələrimizin “gülüm..” deməyi heç bir məntiqə sığmır. Barı,“kəlim...öküzüm...ayqırım...nərim... danam...” desələr başa düşmək olar. Yoxsa, gülüm-çiçəyim... Kəl kimi kişi müğənnilərimiz isə “gül yanağım solmasınmııı...” oxuyur. Bəli, “danam...” daha gözəldir... Az qala 50-60 ildir ki, bizim körpələr üçün, daha doğrusu, birinci sinifə qədəm qoyan gül balalarımız üçün yazılan “Ana Dili” kitabı “Dadaş dana otarır” nağılı ilə başlayır.

Bu müddətdə gör neçə nəsil dəyişib, əsr dəyişib, minillik başa çatıb, imperiyalar yıxılıb, nə bilim geydirmə dövlətlər yaranıb, dünyanın xəritəsi büsbütün dəyişib...ancaq biz dəyişmirik ki, dəyişmirik.

Atom əsrini də, kosmos əsrini də dana ilə başa vurduq. Həmişə fikirləşirəm ki, görəsən, bir müəllif yoxdur ki, bu “dana məsələsi”ndən canımızı qurtarsın. Axı, yazıq Dadaş neçə il dana otarar? Dadaş niyə ancaq dana otarmalıdır? Onun başqa işi-gücü yoxdur?
Əlifbamızın ilk cümləsi olan bu “dana otarmaq” məsələsi cəmiyyətimizə ağıllı-başlı zərbə vurub. İnanmırsınız..?
Hər gün oxuyuram ki, filan rayonda bir dəstə dana oğrusu peyda olub...Ancaq cinayətkarlar cəzalandırılmır. Hətta deyirlər ki, bu dana oğrularını kimlərsə himayə edir...Özü də yuxarıdan...

Hətta deyirlər ki, hansı dana oğlu danasa oğurluq barədə yazan qəzetləri köşkdən alıb bütün nüsxələri yeyir. Görürsünüz, dana məmur, onun dana oğrusu qohumları, dana polis, qəzet yeyən dana...beləcə zəncirvari davam edir. Elə bilirsiniz məsələ bununla bitir...? Hələ düyələri demirəm...
Məmurlar var ki, mehrini-məhəbbətini ancaq dana-düyəyə salıb. Bakıda villasında dana saxlayır, dana biznesiylə məşğul olur. Sözün düzü, mən bu məmurları qınamıram. Heyvandarlıq bizim dədə-baba peşəmizdir. Bəlkə də bunlar qazancdan daha çox heyvanata olan sevgilərinə görə heyvan oğurluğu edirlər. Nə etsinlər, əllərindən zavod qurmaq gəlmir, fabrik işlətmək gəlmir.

Əslində dana oğurluğu it oğrusuna, toyuq oğrusuna baxanda hörmətli peşədir. Deyirlər, kişinin oğlu dana oğurlayıb. Bu az qala xalq qəhrəmanı olmaq kimi bir şeydir. Belə getsə hindistanlılar inəyi müqəddəsləşdirən kimi bizlər də dananı müqəddəs elan edəcəyik.

Hələ müdrik atalarımızın dediyi, “duran dana yatan dananın başını o məsələ...” deyimini yada salmıram...
Görürsünüz, bizdə dana mövzusu bitib tükənmir. Bu böyük bir ideologiyadır, uzağa hesablanmış siyasətdir. Dana yetişdirmək siyasəti. Hətta eşitdiyimə görə ölkədə çox modern, mütərəqqi bir Danalar Partiyası yaranmaqdadır. Şüarları isə belədir: Bütün ölkənin danaları birləşin.
İndi gördünüzmü, ilk oxu kitabımız əbəs yerə “Dadaş dana otarır”la başlamır...
Bircə qalıb qadın şairlərimizin “gülü...bülbülü...ceyranı...maralı...” buraxıb “öküz”dən, “dana”dan, “kəl”dən yapışmağı...
Bir də gördünkü televiziyada sən öl “düyə”lər şıllaq atır...

Qafqaz Xəbər Agentliyinin baş redaktoru
Kamran Məhərrəmli