BolgeXeber.Com » Analitika » Hərbçilərimiz nə vaxta qədər bir-birilərini öldürəcəklər?

Hərbçilərimiz nə vaxta qədər bir-birilərini öldürəcəklər?

24-06-2014, 21:35
Oxunub: 4 506 Biz Azərbaycan vətəndaşı olaraq şəhid verməyə və şəhid olmağa qorxmuruq , çünkü torpaq uğrunda ölən varsa vətəndir...

Evimizdən övladlarımızı əsgər göndərəndə vətəni qorumaq, düşmən ilə döyüşüb onu məhv etmək və sonuncu anında şəhid olmasını düşüncələrimizdən keçdirdirik. Artıq illərdirki ordumuzda baş verən itkilər hər bir vətəndaşı bezdirib, çünkü əsgərlərimiz düşmən gülləsi ilə şəhid olmur, öz hərbçilərimiz tərəfindən öldürülür, ya da canından bezərək özü-özünə qəsd edir. Bu hadisələri necə adlandırmaq olar, bu hadisələrin səbəbini və səbəbkarlarını konkret olaraq necə bilmək olar? Respublikanın Müdafiə Naziri və Nazirliyin yüksək rütbəli şəxsləri də dəyişdirildi, amma Azərbaycan ordusunda hərbçilərin daxilində olan düşmənçilik və kin təəssüflər olsun bitmədi. Hərbçilərimiz nə vaxtaqədər bir-birilərini öldürəcəklər?
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dəyişildi və artıq 8 aya yaxındır ordumuzun müdafiə naziri general-polkovnik Zakir Həsənovdur amma ordumuz hələ də kənardan baxdıqda "morqa" bənzəyir. Hələ bu il orduda baş verən əsgər ölümlərinin ümumi sayı 44-ə çatıb.
Bunun əsas səbələri nədir görəsən? Bəlkə ordumuz düzgün strategiya ilə idarə olunmur, bəlkə hərbçilərimizə lazımı maddi və mənəvi qayğı göstərilmir, bəlkə ordumuzda düşmən tərəfindən sızıntılar var? Bu halların hamsı ola bilər, əks halda heç kəs ordumuzun bu gün bu halda olmasının səbələrini açıqlaya bilməz!
Daha nə qədər gözü yaşlı analar, atalar, bacı-qardaşlar, gəlinlər və övladlar qalacaq? Buna köklü şəkildə çözüm yolu tapmaq bu qədərmi çətindir? Ordumuz bu vəziyyətdə olduğu müddətcə biz heç bir müharibədən, heç bir qələbədən danışa bilmərik! Əvvəllər valideyinlər övladlarını əsgər göndərərkən övladlarının şərəfli vətən və qeyrət borcunu verməyə gedir deyirdilər amma indi valideyinlər övladlarını qorxaraq əsgər göndərir, çünkü övladları cəbhə xəttində olmasa belə hər an hansısa başqa bir formada övladlarının ölə biləcəyi qorxusu ilə yaşayırlar. Artıq bu kimi hallar səbəbindən valideyinlər öz övladlarını hərbiyə ürəklə göndərmir.
Bəlkə ilk olaraq hərbi strategiyalarımızda dəyişikliklər aparaq? Nə üçün orduya zabit, gizir və MAXE götürüldükdə onlar psixologi olaraq yoxlanılmır? Bu gün mülküdə iş tapa bilməyən, çörək qazana bilməyən hər bir şəxs MAXE, gizir olmaq üçün orduya müraciət edir. Onlar hüç psixologi olaraq yoxlanılmır, onların ailəsi, yaxın qohum-əğrabası yoxlanılmır. Onlar sadəcə xarici görünüşçə normal adama oxşayırlarsa işə qəbul edirlər. Onlar xüsusi testdən keçməlidir, çətin anlarda nə cür reaksiya verəcəkləri öyrənilməlidir və s. Amma axtarsaq bu gün ordumuzda elə MAXE və gizirlər var ki, bəlkədə onları bir az psixologi təzyiqlər etsək görərik ki əqli qüsurları var, bəlkə də bəzilərinin ailəsində və ya yaxın qohumlarından elə bir cinayətkarlar var ki, onlar bir başa olaraq ölkənin Milli Mənafeylərinə zərbə vura biləcək kimsələrdir. Amma onlar bizim ordumuza qəbul edilərkən bunların heç birin nəzərə alaraq yoxlamırlar.
Zabitlər nə üçün uzun illərlə döyüş bölgəsində xidmət edirlər? Ən azından müəyyən qısa müddətdən bir zabitlərin xidməti yerləri dəyişilməlidir ki, onların beyinləri bir az da olsa sakitləşə bilsin. Amma bəzi zabitlərimiz var ki uzun illər boyu eyni vəziyyətdə düşmən ilə üz-üzə döyüş bölgəsində xidmət edirlər və bəlkə də bundan Nazirliyin belə xəbəri yoxdur.
Biz Azərbaycan vətəndaşı olaraq şəhid verməyə və şəhid olmağa qorxmuruq , çünkü torpaq uğrunda ölən varsa vətəndir, çünkü bayrağı bayraq edən onun üzərindəki şəhid qanıdır. Bizim qorxumuz odur ki, bizi döyüş bölgəsində düşmən susdura bilmir, öldürə bilmir amma bizi öz vətənimizin böyütdüyü öz əsgərlərimiz arxadan vurur! Bax budur ən ağrılı dərdimiz! İllərlə Dövlət zabit yetişdirsin, üzərində əziyyət çəksin , düşmənin üzərinə yeriməyə hazırlaşdırsın amma onu arxadan sırf pul qazanmaq üçün orduya gəlmiş 5-6 ayın MAXE-si güllələyib öldürsün!

Bu yazı Şəhid Mayor Əsgərli Emil Əlihüseyn oğluna ithaf olunur. Bu gün (24.06.2014 tarixində) artıq onun torpağa tapşırıldığının üzərindən 40 gün keçir. Əsgərli Emilin valideyinləri , dostları və bütün yaxınları onun qatilinin ən ağır cəza ilə məhkum edilməsini və mümkünsə edam edilməsini istəyirlər. Çünkü , o qatilin Emilə vurduğu güllələr bütün Azərbaycana , Azərbaycan ordusuna vurulan güllədir. Çünkü dövlətimiz bu cür savadlı hərbçi yetişdirmək üçün illərlə əlindən gələni edib və bu cür vətənsevər bir hərbçi ortaya çıxartmışdı. Çünkü , Emil qədər vətənini, dövlətini, torpağını və dinini sevən övladlarımız həqiqətən say ilə hesablanacaq qədər azdır.
Bolgexeber.com