BolgeXeber.Com » Analitika » Nazir Heydər Əsədov Beyləqanın icra başçısını “vurdu”-Sənəd

Nazir Heydər Əsədov Beyləqanın icra başçısını “vurdu”-Sənəd

25-06-2014, 16:05
Oxunub: 4 316 30-dək icra nümayəndəsi tutulub

Ölkə rəhbərliyinin ayırdığı pullar mənimsənilib; Beyləqandakı vəziyyət haqda Baş Prokurorluğa şikayət olundu. Kənd təsərrüfatı naziri Heydər Əsədov Beyləqanın Vaqif Abdullayevi iri məbləğdə mənimsəmə faktı ilə üzbəüz qoyub.
Bu barədə daxil olan rəsmi məlumata görə, şəxsən nazir Heydər Əsədovun göstərişiylə Azərbaycanda buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Beyləqan rayonunda monitorinq keçirilib. Nazirin nədən məhz Beyləqanı «təcrübə meydanı» kimi seçməsi maraqlıdır. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqin mənfi tərəflərinin tələsik cəmiyyətə yayması ilə bərabər, Baş Prokurorluğa müraciət etməsi də, təsdiq edir ki, ortada ictimaiyyətin bilmədiyi başqa məsələlər var.

Kənd Təsərrüfatı Nazirliyindən adının çəkilməsini istəməyən şəxs tərəfindən verilən məlumata görə, Heydər Əsədovun belə davranması birbaşa icra başçısı Vaqif Abdullayevin yekəxana hərəkətlərindən qaynaqlanıb: «İcra başçısı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan «Aqrolizinq» ASC-nin Beyləqan yerli şöbəsinə ayrılmış texnikadan tutmuş, müxtəlif mənşəli kübrələrə qədər hər şeyə şəxsən nəzarət etməklə yanaşı, şöbənin fəaliyyətini iflic edib. «Aqrolizinq» ASC-nin yerli şöbəsinin müdiri isə açıq şəkildə icra başçısına qarşı çıxa bilmədiyindən, ASC-nin yerli şöbəsindəki kəm-kəsirlərin görünməyən tərəflərini nazirliyini diqqətinə çatdırıb.

Bundan əlavə, nazirlikdən gələn bir neçə tapşırıqlara da Vaqif Abdullayevin mane olmaq cəhdləri Heydər Əsədovun əsəblərini tarıma çəkib. Belə bir ərəfədə isə rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdirinin şikayətləri isə nazir Heydər Əsədovun əlinə ciddi bəhanə verib. Və o, Beyləqanda monitorinq keçirtməklə, Vaqif Abdullayevi güncə sıxmağa başlayıb».

Kənd Təsərrüfatı Nazirliyinin bir neçə gün əvvəl açıqladığı xəbərə xüsusi diqqət yetirilməsini vacib sayır: «Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq, 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün nazirliyin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib.

Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib. Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Göründüyü kimi, nazir təkcə Beyləqandakı mövcud vəziyyəti cəmiyyətə ötürməklə, icra başçısını nüfuzdan salmağa çalışmayıb. O, həm də buğda istehsalçılarının siyahıya alınmasını, hektarların müəyyənləşməsi proseslərini həyata keçirən icra başçısının kəndlər üzrə icra nümayəndələrini və digər vəzifəli şəxsləri də həbs təhlükəsiylə üz-üzə qoyub. Əlbəttə, Baş Prokurorluq nazirliyin göndərdiyi məlumatlar əsasında cinayət işi açıb, əməliyyat-istintaq tədbirləri həyata keçirəcək. Bu isə ən azı Beyləqan İcra Hakimiyyəti Başçısının 30-dan çox kənd üzrə icra nümayəndəsinin istintaqa cəlb olunması demək olacaq. Məncə, vəziyyətin bu şəkli alması Vaqif Abdullayevin özünün də vəzifə ömrünə ciddi «balta» vuracaq».

Bir neçə ay əvvəl Hesablama Palatasının da Beyləqanda dövlət vəsaitlərini təyinatı üzrə xərclənmədiyi haqda hesabatı da Vaqif Abdullayevin durumunu ağırlaşdırır: «Hesablama Palatasından sonra Kənd Təsərrüfatı Nazirliyinin Baş Prokurorluğa rəsmi müraciət etməsi, razılaşaq ki, icra başçısının nəinki özündənrazı davranışlarına son qoya, hətta onun vəzifədən azad edilərək, istintaqa cəlb olunmasına da zəmin yarada bilər».

Son olaraq onu da qeyd edək ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 1 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul edib. Və bu qərar üzrə Beyləqana ayrılan yarımilyon manatdan çox vəsaitin bir hissəsinin əkin sahələrinin «şişirdilməsi» ilə mənimsənildiyi bildirilir.

Bu barədə deyilənlərin təsdiqi kimi, Beyləqan rayonunda 38 kənd ərazi komissiyaları üzrə 01 dekabr 2103-cü il tarixinə buğda səpini aparmış istehsalçıların sayı və onlara verilən yardımın məbləğləri ilə bağlı rəsmi sənədi də əldə edib. Həmin sənəddən isə görünür ki, təkcə bir əməliyyat nəticəsində Vaqif Abdullayevin kəndlər üzrə icra nümayəndələrinin əliylə 670 min 296 manat pul yazılıb. Siyahı və ayrılan məbləğlə bağlı Mia.az-ın araşdırması zamanı aydın olub ki, elə kəndlər olub ki, orada adına pay torpağı olan şəxs nəinki buğda səpini aparıb, ümumiyyətlə, digər məhsul da əkməyib. Bundan əlavə, buğda əkini sahələrinin hektarlar da ciddi şəkildə artırılıb. Nəticədə isə prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədiylə ayırdığı vəsaitlərin bir qismi mənimsənilib.

Həmin sənədi də təqdim edirik və beyləqanlı oxucularımızdan 38 kənd sakinləri üzrə yol verilən qanunsuzluqlarla bağlı bizi məlumatlandırmağı xahiş edir.


Çox təəssüf ki, bu və ya digər faktlarla bağlı icra başçısı Vaqif Abdullayevin mövqeyini öyrənə bilmədik.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.