BolgeXeber.Com » Analitika » Bunlar kimə arxayındırlar?-Cəzasızlıq

Bunlar kimə arxayındırlar?-Cəzasızlıq

30-06-2014, 14:00
Oxunub: 4 087 Ata-oğul Sultanovların limiti bitmək üzrədir

Bir neçə gün öncə paytaxt Bakıda maraqlı bir olay baş vermişdi. Yerli mətbuatın yaydığı məlumata görə, iyunun 25-də saat 12 radələrində 28 may küçəsində yol polisi əməkdaşına 20 qəpik verməklə, onu ələ salan “Rols Roys” markalı avtomobilin sahibi Bakı ŞBPİ-nin rəis müavini işləmiş, hazırda istefada olan və Birləşmiş Ərəb Əmirliyində həbs olunması barədə iki dəfə xəbər yayılan Cavadağa Sultanovun oğludur. Xəbərdə bildirilir ki, sözügedən “Rols Roys”ın sahibi həm də keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin kürəkənidir.
Sözün düzü, yol hərəkəti qaydalarını pozmuş və hələ üstəlik dövlət polisini ələ salan, aşağılayan, təhqir edən bir şəxsin hərəkətləri bizi xeyli düşündürdü.Yəni insan bu qədər özündən razıdır? Bu qədər həddini aşıb ki, poilisi dilənçi kimi ələ salır? Bəlkə belə şəxslər dövlətin paytaxtında xaos, özbaşınalıq yaratmaq istəyirlər..? Bunlar kimə arxayındırlar? Bu cür harınlığın, yekəbaşlığın arxasında hansı amillər dayanır? Axı, ölkə başçısı dəfələrlə belə harınlamış məmur balaları ilə bağlı sərt xəbərdarlıq edib…
Həm də bu şəxs unutmamalıdır ki, atası barəsində cinayət işi var, axtarışdadır və sairə. Belələri öz eyiblərinə kor olmaq əvəzinə dövlət polisini ələ salır. Bizim məqsədimiz təhqir olunmuş polisə vəkillik eləmək deyil. Məqsədimiz qanunlara hörmət etməyənlərin ictimai qınağa çəkilməsi və sərt cəzalandırılmasıdır ki, bu, başqalarına da dərs olsun.
Ona görə də qərara gəldik ki, “təkrar biliyin anasıdır” məntiqinə əsaslanaraq Cavadağa Sultanov barəsində bildiklərimizi cəmiyyətə yenidən təqdim edək. Bəlkə bəzi harınlamış məmur balaları bundan nəticə çıxardalar.
Xatırlatma üçün bildirək ki, bir neçə il əvvəl C.Sultanovun adı DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun 26 nəfərlik bandasının cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin iclaslarında da tez-tez hallanırdı. Qeyd edək ki, ictimaiyyətdə çox böyük rezonans doğurmuş bu qalmaqallı məhkəmə işində C.Sultanov şahid qismində ifadə vermişdir. 2006-cı ildə baş tutan məhkəmədə H.Məmmədov bəyan etmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Cavadağa Sultanov “müttəhimlər kürsüsündə oturmalıdır”.
Quldurbaşı daha sonra bildirmişdi ki: “Əgər nə vaxtsa Cavadağanın məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır”.
Bəli, adı mətbuatda daha çox mənfi şəkildə, bir çox cinayətlərdə hallanan atanın oğlu bu gün ölkə paytaxtında at oynatmaq istəyir. Biz demirik ki, oğul atanın cinayətlərinə görə cavab verməlidir. Ancaq belə harınlıq da olmaz. Deməli, ortada cəzasızlıq var. Əgər vaxtında Cavadağa Sultanov layiq olduğu cəzanı alsaydı, bu, onun oğluna dərs olardı. Amma Cavadağa Sultanov vaxtında layiq olduğu cəzanı almadı. Beləliklə növbəti cinayətlərə yaşıl işıq yandırıldı.
Düzdür, C.Sultanov daxili işlər naziri Ramil Usubovun əmrilə vəzifədən uzaqlaşdırıldı…ancaq cinayət əməlindən uzaqlaşmadı.
Əməllərini uzaq Dubayda davam elətdirdi.
Belə ki, C.Sultanov Dubayda da “bekar” qalmamış, orada saxta bank sənədləri, saxta blanklar və saxta hesablarla bir rus vətəndaşına 28 milyon pul atmışdır. Lakin böyük maliyyə dələduzluğuna məruz qalan qarşı tərəf vaxtında yerli polisə şikayət etdiyindən C.Sultanov yerli hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir. Amma yenə hansısa sirli əl onu xilas elədi. Və yenə C.Sulatanov cəzasız qaldı.
Bəli, ən böyük problem cəzasızlıqdır. Deyəsən, Sultanovlar ailəsi, ata-oğul cəzasızlığa vərdiş ediblər. Ancaq bizə elə gəlir ki, limit bitmək üzrədir…
Tamerlan Zeynallı
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)