BolgeXeber.Com » Analitika » Həbsdəki vitse-admiral mafiya babası çıxdı – himayəçilərinin siyahısı

Həbsdəki vitse-admiral mafiya babası çıxdı – himayəçilərinin siyahısı

4-07-2014, 10:35
Oxunub: 3 152 Bəxtiyar Məmmədov: “Təlim karterini Səfər Əbiyevin istirahət yaxtasına çevirdi”; “Şahin Sultanovu himayə edən məmurlar cəzalandırılsın!”

Hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun vaxtilə həbs etdirdiyi hüquq müdafiəçisi Bəxtiyar Məmmədov “Yeni Müsavat”a müraciət edib və sensasion məlumatlar verib. Hüquq müdafiəçisi deyir ki, Ş.Sultanov büdcə pullarını mənimsəmək üçün cinayətləri təkbaşına törətməyib. Onun yüksək çinli məmurlardan ibarət korrupsioner dəstəsi olub: “Şahin Sultanov və onun korrupsioner dəstə üzvlərinin qanunazidd və cinayətkar əməllərini davamlı şəkildə ifşa etsəm də, bu günə qədər bir çox günahkar şəxslər cəzadan kənarda qalıblar.

Ona görə də həmin şəxslərin diqtəsi ilə Şahin Sultanovun vəkili Adəm Məmmədov ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır.

Mən əlimdə olan faktları açıqlayıram. Qoy Ş.Sultanovun cinayətlərini araşdıran istintaqçılar göstərdiklərimə diqqət ayırsınlar. Bilinsin ki, Şahin Sultanov niyə görə tutulub. Onun vicdanı və əlləri təmiz deyil. Bu adamın rəhbərliyi ilə illərlə HDQ-yə məxsus hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə yanacaq, sürtkü yağları, gəmilərə məxsus qiymətli aparatlar, rəngli metallar Türkmənistan və Qazaxıstana daşınıb".

Rusiya Müdafiə Nazirliyindəki qohumları...

Hüquq müdafiəçisi sensasion sayıla biləcək faktlara da toxunub: “Qaçaqmal daşıyan hərbi gəmilər Rusiya hərbçiləri tərəfindən saxlanıb, lakin Ş.Sultanovun həyat yoldaşının Rusiya Müdafiə Nazirliyində işləyən qohumları işə qarışandan sonra gəmilər sərbəst buraxılıb!

Bundan başqa, Şahin Sultanovun təşkilatçılığı ilə HDQ-yə məxsus gəmilər vasitəsilə Qazaxıstan dövlətinin ölkəmizlə su sərhədində brakonyer dəstələrlə əlbir olaraq balıq satışından milyon manatlarla ölçülən dövlət əmlakı mənimsənilib. Sultanov bu cinayətə tabeçiliyində işləyən şəxsləri də cəlb edib. Şübhəsiz, oğurluq nərə balığından vaxtaşırı yuxarılara pay ötürülüb. Bu iş müqabilində qonorarlar verilib".

Özlərinə villalar tikdiriblər!

Hüquq müdafiəçisi deyir ki, Ş.Sultanov SSRİ dövründən qalan və 2012-ci ilə qədər istismar müddətləri keçmiş bütün gəmiləri doğradaraq “kod 555" ləqəbli E.Hacıyev vasitəsilə Bakı şəhərində yerləşən müxtəlif dəmir qəbulu şirkətlərinə satıb: ”HDQ-yə məxsus istirahət mərkəzinin fəaliyyətini heç bir əsas və səbəb olmadan dayandırıb və “kod 555" ləqəbli E.Hacıyev vasitəsilə həmin müəssisənin binalarının altlarındakı torpaq sahələrini özəlləşdirməklə özününküləşdiriblər. Və həmin ərazidə taladıqları dövlət puluna özlərinə villalar tikdiriblər. Həmin villaların tikintisində isə HDQ-nin əsgər və matroslarının əməyindən istifadə ediblər. Bundan başqa, HDQ-yə məxsus və Bayıl qəsəbəsində yerləşən qonaq evini qeyri-rəsmi şəkildə bp şirkətinə və Bayıl qəsəbəsində yerləşən HDQ-nin tarix muzeyini özəl göz klinikalarından birinə icarəyə verib. Mətbuatda bu haqda informasiya gedən kimi göz klinikasını dərhal binadan çıxardılar, indi həmin binada HDQ-yə məxsus bölmələr yerləşir. Məhv edilmiş HDQ tarix muzeyini isə bərpa etmək mümkün deyil”.

Hərbçi vəzifələrinə işə qəbul zamanı rüşvət toplayıb

Hüquq müdafiəçisi Ş.Sultanovun qohumbazlığından da danışıb: “Əmisi oğlu olan, HDQ-də manqa komandiri vəzifəsini daşıyan Elçin Sultanov vasitəsilə gizli yolla dəyəri 100 min manatla ölçülən ərzağı oğurlayaraq Bakı şəhərində yerləşən müxtəlif marketlərə paylamaqla külli miqdarda dövlət əmlakını mənimsəyiblər. Elçin Sultanov vasitəsilə HDQ-də rütbələrin, vəzifələrin verilməsini və müddətdən artıq xidmət edən (MAXE) hərbçi vəzifələrinə işə qəbul zamanı rüşvət toplayıb. E.Hacıyev vasitəsilə saxta MMC-lər açmaqla və saxta sənədləşdirmə aparmaqla pul köçürmələri yolu ilə milyon manatlarla dövlət əmlakını mənimsəyiblər. Uzun illər ərzində sayı-hesabı bilinməyən bu MMC-lərdən guya mal alınması göstərilsə də, faktiki olaraq bütün mal-material ya söküntüdən çıxmış material, ya da vergidən gizlədilən əmlak olub. Saxta MMC-lər isə bir neçə ay kağız üzərində fəaliyyətdə olduqdan sonra vergi orqanlarının nəzarətindən yayındırılmaq məqsədilə bağlanıb.

Ş.Sultanovun cinayətkar dəstəsi uzun müddət ərzində HDQ-nin sabiq rabitə rəisi Natiq Əsgərov, sabiq MTT rəisi Cabbar Qəmbərov, bölmə rəisi Teymur Əsgərov və başqalarını komissiya üzvü təyin etməklə saxta aktlar tərtib etməklə külli miqdarda dövlət əmlakını mənimsəyiblər. Ş.Sultanov HDQ-yə aid binaların söküntüsündə əldə etdiyi 100 min manatlarla dəyəri olan tikinti materiallarını yalandan sənədləşdirmək yolu ilə guya müxtəlif şirkətlərdən yenidən alınmış material kimi aktlar tərtib etməklə dövlət əmlakını külli miqdarda mənimsəyib. Ş.Sultanov saxta aktlar tərtib etməklə sabiq rabitə rəisi Natiq Əsgərov vasitəsilə 8000 metr kabel almaq adı altında və 16.000 lampa almaq adı ilə dövlət əmlakını külli miqdarda mənimsəyib. Hərbi gəmilərin təmiri zavodunun rəisi Ə. Muradxanovla əlbir olub HDQ-yə aidiyyəti olmayan xarici şirkət gəmilərinin, Azərbaycanın müxtəlif dövlət qurumlarına məxsus gəmilərin təmirini həyata keçiriblər. Bundan qeyri-rəsmi yollarla milyon manatlarla vəsait əldə olunub. Gəmilərə aid dəyəri milyon manatlarla avadanlıqların alınması görüntüsü yaratmaqla özünün saxta MMC-lərdən alınması göstərilməklə və saxta MMC-lərə pul köçürülməsi yolu ilə rəsmiləşdirib külli miqdarda vəsait mənimsənilib. HDQ-yə məxsus emalatxanalardan milyon manatlarla dəyərində dəzgahların yerli və xarici şirkətlərə qanunsuz, qaçaqmalçılıq yolu ilə satılması ilə külli miqdarda dövlət vəsaiti mənimsənilib. Hərbi gəmilərə dəyəri milyon manatlarla ölçülən avadanlıqları xarici ölkələrdən gətirən zaman həmin avadanlıqların Müdafiə Nazirliyinin adına gəlməsini göstərməklə vergi rüsumundan yayınıblar".

Təlim karterini Səfər Əbiyevin istirahət yaxtasına çevirdi

B.Məmmədovun dilə gətirdiyi maraqlı məlumatlardan biri də admiralın təlim karterini istirahət yaxtasına çevirməsi ilə bağlıdır: “Şahin Sultanov Polşa dövlətinin istehsalı olan və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbinin müdavimlərinin şturman təlim-tədris təcrübəsi praktikası üçün keçirməsi nəzərdə tutulan, dəyəri milyon manata yaxın olan katerin bütün tədris otaqlarını sökərək özü, ailəsi və sabiq müdafiə naziri Səfər Əbiyev üçün istirahət otaqlarına, qəbul otaqlarına çevirib. Bu, dövlətə külli miqdarda ziyan vurmaq deyil?!”



Saxta möhür əldə edərək...

Hüquq müdafiəçisi deyir ki, Ş.Sultanov HDQ-nin Hidroqrafiya xidmətinin sabiq rəisi Qasım Quliyevlə əlbirliyindən də danışıb: “Saxta möhür əldə edərək saxta MMC-lərə pul köçürüblər. Qasım Quliyevin bu cinayətini 2013-cü ildə Müdafiə Nazirliyinin inspeksiyası aşkarlayaraq S.Əbiyevə məruzə edib. Bundan sonra sabiq nazir Q.Quliyevin təcili şəkildə ordudan tərxis edilməsinə komanda verib, hətta buna dair əmr də imzalayıb. Lakin cəmisi 1 gün sonra Ş.Sultanov böyük pullar müqabilində cinayət ortağını yenidən iş başına qaytarıb. Sabiq nazir Əbiyevin isə hansı səbəbdən öz əmrini geri oxumasına istintaq aydınlıq gətirməlidir!”

Dövlətin hesabına pulsuz danışıblar. Özü də illərlə!

B.Məmmədovun sözlərinə görə, həbsdəki vitse-admiral gözətçi gəmisinin üzərinə bir neçə qurğu və avadanlıqlar quraşdırmaq yolu ilə də külli miqdarda dövlət əmlakını mənimsəyib: “Gəmilərin təmiri zavodunun direktoru Əsəd Muradxanov vasitəsilə 4-5 il bundan qabaq istismarı dayanmış gəmini fəaliyyətdə olan gəmi kimi qeydiyyatda göstərməklə həmin gəmiyə illər ərzində yanacaq və sürtkü yağlarının verilməsini yazıblar. Aydındır ki, həmin yanacaq və sürtkü yağları dənizə axıdılmayıb. Təsəvvür edin ki, HDQ-nin sabiq rabitə rəisi, ehtiyatda olan II dərəcəli kapitan Natiq Əsgərov Şahin Sultanovun birbaşa göstərişi əsasında 50 min manata yaxın dövlət puluna telefonlar alıb. Həmin telefonlardan Şahin Sultanov və ailə üzvləri, Natiq Əsgərovun özü və yaxınları istifadə ediblər. Bu adamlar bu qədər dövlət vəsaitini mənimsəyib, amma iştahaları dözməyib, üstəlik, dövlətin hesabına pulsuz danışıblar. Özü də illərlə! Şahin Sultanov HDQ-nin əsas bazasının Şıx çimərliyi ərazisində yerləşən inzibati ərazisinə köçmək adı altında yeni kazarmalarının və inzibati binaların təmiri-tikintisi ilə əlaqədar əlavə olaraq 2 milyon, İsraildən korroziya əleyhinə boya alınması adı altında 300 milyon manat dövlət vəsaiti ələ keçirib”.

Sultanovu kimlər himayə edir?

Hüquq müdafiəçisi vitse-admiralla “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin də münasibətlərinə toxunub: “Pirverdiyevin himayədarlığı ilə Şahin Sultanov Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 4a və 4b ünvanlarında yaşamış 28 hərbçi ailəsini Nazirlər Kabinetinin köçürülməyə dair Qərarı, Bakı ŞİH başçısının Sərəncamı, məhkəmənin qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsi olmadan, əksinə, Səbayel rayon və 1 saylı İnzibati İqtisadi Məhkəmələrin söküntünün qadağan olunması və köçürülmənin mümkün olmaması barədə qüvvədə olana qərardadı, eləcə də Bakı ŞİH tərəfindən həmin ünvanlarda söküntünün planlaşdırılmadığı haqda rəsmi məktubu olmasına baxmayaraq, hər ailəyə təhdid altında cədvəl əsasında əlbəəl 10 min manat qanunsuz pul vəsaiti paylatdırıb, köçürülmədən imtina edən və hüquqlarını müdafiə etdiyim 2 yüksək rütbəli hərbçi ailəsini isə qanunazidd şəkildə, kobud şəkildə müdaxilə edilərək, zor tətbiq etmək yolu ilə, polis qüvvələrini və icra qurumlarını da cəlb etməklə zorla mənzillərindən çıxarıb. Bu ”əməliyyat"dan Sultanov 2 milyon manat qazanıb. Etibar Pirverdiyevlə iş birliyindən irəli gələrək yeni tikilməkdə olan HDQ-nin müasir bazasında aparılan tikinti işlərində də keyfiyyətsiz tikinti materiallarından istifadə edilib. Bu yolla dövlət əmlakının milyon manatlarla mənimsənilməsi faktı vardır. Elə bu səbəbdən də qeyd etdiyim HDQ-nin yeni bazasının SQ-nin 96-cı il dönümü münasibətilə təhvil verilməməsi, açılışın qeyri-müəyyən vaxta təyin olunması sübutdur. Bütün bunlar Şahin Sultanovla Etibar Pirverdiyevin birgə planı və maddi maraqları zəminində baş verib".

Cinayət işi başlansın!

Hüquq müdafiəçisi müdafiə naziri Zakir Həsənova səslənib: “Bildirirəm ki, Sultanov kimiləri Hüquq İdarəsinin rəisi Rauf Kişiyev himayə edir. Onun kimilərdən nə qədər tez qurtulsaz, ordumuz bir o qədər inkişaf edər, qanunçuluq möhkəmlənər. Cinayətkar dəstəni himayə edən adamdan qanun keşikçisi olmaz.

Əfsuslar olsun ki, sabiq müdafiə naziri Səfər Əbiyev, MN-in keçmiş inspeksiya idarəsinin rəisi Məmməd Beydullayev, HDQ-nin sabiq hüquqşünası mayor Rauf Zeynalov, MN-in hüquq idarəsinin rəisi polkovnik Rauf Kişiyev və “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev bu günə qədər cinayət məsuliyyətindən kənarda qalıblar. Bu şəxslərin cəzasızlığı həbsdə olan Şahin Sultanovun müdafiəçisi Adəm Məmmədovu şirnikləndirir. Ona verilən vədlər əsasında hərbi prokuror Xanlar Vəliyevi və müdafiə naziri Zakir Həsənovu qaralayır. Mən Hərbi Prokurorluqdan təkidlə tələb edirəm ki, bu şəxslər barəsində tutduqları cinayət əməllərinə görə cinayət işi başlansın".
Bolgexeber.com