BolgeXeber.Com » Analitika » Nazirliyin yarmarkalarında alverçilər tərəzi oynadır

Nazirliyin yarmarkalarında alverçilər tərəzi oynadır

6-07-2014, 14:35
Oxunub: 3 295 “Yaşıl market”lərin yaradılmasından sonra yarmarkaların bağlanacağına dair məlumatlar səsləndirilir

“Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı yarmarkalarına çıxarılan ağartı məhsulları, meyvə-tərəvəz və bostan məhsullarının insan orqanizmi üçün təhlükəli olub-olmadığını araşdırmır.

Bazarlara nəzarəti həyata keçirən nazirlik əməkdaşlarının ölçmə üçün istifadə etdikləri əl aparatları standartlara cavab vermir. Bu aparatlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmayıb”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüquq müdafiəçisi dedi ki, kənd təsərrüfatı yarmarkaları ilə bağlı nazir Heydər Əsədova müraciət edib: “Təşkilatımıza yarmarkalarının hamısından, xüsusilə də Yasamaldan şikayətlər daxil olur. Yasamaldakı yarmarkaya 600-dən çox satıcı çıxır. Onların verdiyi məlumata görə, yerə görə hər dəfə 10-20 manat arasında pul ödəyirlər. Çünki bazarlara fermerlər yox, alverçilər buraxılır”.

E.Hüseynovun sözlərinə görə, ölkə prezidentinin 16.01.2014-cü ildə imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı var: “Həmin sərəncamda kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkilinin təminatı əksini tapıb. Amma yarmarkalar düzgün təşkil edilmir”.

E.Hüseynov söylədi ki, yarmarkalarda satışa çıxarılan ağartı məhsullarının tərkibi yoxlanılmır: “Bu isə xüsusilə brüselyoz xəstəliyinin yayılması ehtimalını artırır. Həmçinin bostan məhsulları yoxlamadan keçirilmir. Halbuki qarpızın tərkibində insan sağlamlığı üçün ciddi təhlükə olan və gəmiricilərlə mübarizə üçün vurulan pestisidlərin olub-olmadığı yoxlanılmalıdır. Bundan əlavə, araşdırma zamanı məlum olub ki, satıcıların əksəriyyətində rayon icra hakimiyyəti tərəfindən verilməli olan sənədləri yoxdur. Bu isə bazarda alver edənlərin fermerlər deyil, alverçilər olduğunu bir daha sübut edir”.

E.Hüseynov kənd təsərrüfatı yarmarkalarına Hindistan, İran, Dağıstan və digər ölkələrdən gətirilən məhsulların buraxılmamasını da tələb edir: “Kənd Təsərrüfatı Nazirliyinin hərəkət edən laboratoriyaları var, amma onlardan da istifadə edilmir”.

Eyyub Hüseynovun bu ittihamlarına münasibət öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsək də qurumdan bununla bağlı hər hansı fikir bildirmək istəmədilər.

Qeyd edək ki, “Yaşıl market”lərin yaradılmasından sonra yarmarkaların bağlanacağına dair məlumatlar səsləndirilir. Hələlik isə tənqidlərə baxmayaraq yarmarkalarda vəziyyət dəyişmir.