BolgeXeber.Com » Analitika » General süpürgəçinin puluna göz dikib?

General süpürgəçinin puluna göz dikib?

9-07-2014, 10:45
Oxunub: 3 717 SHXÇDX-nin işçilərindən telefon və «gold» nömrələrin alınması üçün yığılan 35 manat niyə geri qaytarılıb?

«Arzu Rəhimov öz aləmində yaxşı zabit, sərhədçi və miqrasiya xidmətinin işçisi ola bilər, amma bu sistem onluq deyil»

Arzu Rəhimov deyəndə ağla gələn ilk məsələ hərbi xidmət zamanı xəstəlikdən dünyasını dəyişən əsgərlər və onların gözü yaşlı valideynləridir. Rəsmi statistikadan da bəlli olduğu kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yarandığı gündən hərbi xidmət zamanı əsgərlər arasında xəstəlikdən baş verən ölüm hallarının sayı xeyli artıb. Xidmətin yerli şöbə və idarələrində gənc çağırışçılar necə gəldi həkim komissiyasından keçilirlər. Hərbi xidmətdən yayınmaq istəyən çağırışçılar birinci həkim komissiyasının üzvləri, daha sonra isə şöbə rəhbərliyi ilə danışıqlar aparıb müəyyən miqdarda «şirinliyin» müqabilində bu istəklərinə çatırlar.

Saxta sənədlərlə «niqodnıy» hərbi bilet alan şəxslərin yerinə isə sağlamlığında ağır problemlər olan xəstə çağırışçılar göndərilir. Bəlkə səhv deyirik, Arzu Rəhimov? Sizin rəhbərlik etdiyiniz xidmətin iş fəaliyyəti bundan qabağa gedə bilmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindəki xoşagəlməz məqamlarla bağlı əldə etdiyimiz məlumatların digər hissəsini diqqətinizə çatdırmaq istəyirik. Xatırladaq ki, SHXÇDX-də kadr islahatlarının düzgün aparılmaması ilə bağlı dünənki sayımızda böyük yazı dərc etmişdik. Etibarlı mənbənin dediyinə görə, SHXÇDX-nin bütün yerli şöbə və idarələrində çalışan şəxslərdən 35 manat pul yığılıb: «Pulu ona görə yığdılar ki, guya işçilərə «gold» nömrə paylayacaqlar. Lakin üstündən bir müddət keçəndən sonra pulları qaytardılar ki, lazım olmadı. Bu nömrələr xidmət işçilərinin bir-birləri ilə əlaqə saxlaması üçün nəzərdə tutulurdu. Amma nəyəsə görə Arzu Rəhimov bu fikrindən vaz keçdi. Onsuz da dövlət telefonların və nömrələrin alınması üçün vəsait ayırıb, bəs sən camaatdan niyə 35 manat yığırsan? Adi süpürgəçidən belə bu pulu almışdılar.

Süpürgəçinin nəyinə lazımdır «gold» nömrə? Camaatın narazılıq etdiyini görüb pulları geri qaytardılar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün işçiləri «Gündəlik Bakı»da Arzu Rəhimovla bağlı yazılan faktları nöqtə, vergülünə kimi oxuyurlar. Hər gün işə gələndə işçilər bir-birlərindən qəzetin xidmət rəisi ilə bağlı nə yazdığını soruşur. Səhər açılanda işə gəlib salamlaşandan sonra ikinci cümlə qəzetin generalla bağlı hansı məsələləri qabartdığını soruşmaq olur. Yəni xidmət işçilərində maraq bu qədər böyükdür. Çünki Arzu Rəhimov ətrafında olan bir-iki nəfərdən başqa səfərbərlik və hərbi çağırış sistemində işləyən zabit, gizir heyətinə lazım olan dəyəri vermir. Bir general ki, işçisi ilə kobud rəftar edə ondan nə gözləmək olar? Respublikanın keçmiş hərbi komissarı Əliağa Hüseynov tabeliyində olan şəxsi heyətin hər bir üzvünə öz doğması kimi yanaşırdı. O heç kimi bir-birindən ayırmırdı. Normal iş şəraiti və mehriban kollektiv var idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan sonra işlər tamam dəyişdi. Arzu Rəhimov sanki «gestapo» mühiti yaradıb. Biz hamımız ordumuzun güclü olmasını istəyirik. Arzu Rəhimov öz aləmində yaxşı zabit, sərhədçi və miqrasiya xidmətinin işçisi ola bilər, amma bu sistem onluq deyil. General-leytenantın hərbi çağırış sistemindən zərrə qədər də anlayışı yoxdur». Verilən məlumatda qeyd olunur ki, xidmət rəisi bacarıqlı kadrların işdə qalmasını istəmir: «Xidmətin şöbə və idarələrində çalışan şəxslərin heç biri deyə bilməz ki, mən əyri işlə məşğul olmuram. Bu sahədə vəziyyət həddən artıq gərgindir. Çağırışçıların hərbi xidmətə yola salınması zamanı elə qanunsuzluqlara yol verilir ki, adam məəttəl qalır. Hərbi həkim komissiyalarının sədr və üzvləri şöbə, idarə rəisləri ilə əlbir hərəkət edərək müəyyən maraqları naminə kimlərisə saxta sənədlər əsasında hərbi xidmətdən yayındırırlar. Mənim kimi yüzlərlə zabit beş adamın işini görür. Kadr çatışmazlığı ciddi problemə çevrilib. Zabitlər var ki, həm səfərbərlik, həm kadrlar, həm də çağırış bölməsinin rəisinin işini görür, ancaq bir nəfərin maaşını alır. Məsələn, mən ştatla kadrlar bölməsinə rəis təyin olunmuşam. Şöbə rəhbərliyi isə şifahi formada deyir ki, get başqa bölmənin də işlərini gör. Nə olsun ki, bu sahədən xəbərim var. Xırda nöqsan olan kimi adamı elə danlayırlar ki, qalırsan belə. Mənə aidiyyəti olmayan işə görə nəyə görə töhmət almalıyam? Arzu Rəhimov xidmətə yeni işçilər cəlb etmir.

Vallah-billah qurumun yerlərdəki şöbə və idarələrində biabırçı vəziyyət hökm sürür. Zabitləri əlavə yüklə yükləyirlər. Bunun müqabilində çox cüzi maaş verirlər. Biz də bu xalqın övladlarıyıq. Hər birimiz Milli Ordumuzun güclü olmasını istəyirik. Bir halda ki, xidmət rəisi səhhətində problem olan çağırışçıların hərbi xidmətə göndərilməsinə göz yumur hansı şəffaflıqdan danışmağa dəyər? Arzu Rəhimov deyir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti şəffaf prinsiplər üzərində qurulub. Bəs belədirsə, saxta sənədlərlə ordudan yayındırılan gənclərin sayı niyə artır? Xaricdə biznes fəaliyyəti ilə məşğul olan bəzi gənclər nəyinsə qarşılığında «niqodnıy» hərbi bilet alıblar. Hansı müəssisədə narazılıq və problem varsa, bu, ilk növbədə, kadr islahatlarının düzgün aparılmaması ilə bağlı olur. Əliağa Hüseynovun dövründə xidmətdə yol verdiyi kobud nöqsanlara görə təqaüdə göndərilmiş şəxslərin bu gün yenidən vəzifəyə bərpa olunması çox gülünc məsələdir. Məgər, başqa kadr yox idi ki, Arzu Rəhimov pensiya yaşında olan insanları vəzifəyə qaytarır? Savadlı və peşəkar kadrlar kifayət qədərdir, sadəcə onlar general-leytenantın maraqlarını təmin etmirlər. Təqaüddən hərbi xidmətə qayıdan keçmiş hərbi komissarlar necə lazımdırsa Arzu müəllimin qulluğunda dayanırlar. Xidmət rəisinə məhz belələri sərf edir. Yadınızda saxlayın savadlı kadrlar hər zaman işdən başı çıxmayan rəhbər şəxslərə problem yaradırlar. Yəni onların gördüyü qanunsuz işləri tez ifşa edirlər. Buna görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində savadlı kadrlara yer yoxdur. Bu sahədə mövcud olan ağır vəziyyət hər birimizi narahat etməlidir. Ordunun əsas aparıcı qüvvəsi əsgərlərdir. Əsgər sağlam olmayandan sonra müharibəyə başlamağın nə mənası var? Bu gün hərbi xidmətə yola salınan vərəmli əsgərlər sabah müharibə başlasa asanlıqla düşmən tərəfindən məhv ediləcək. Tək bir nəfər xidmətin fəaliyyətindən narazılıq etsə, general bunu qərəzçilik mövqeyi kimi başa düşə bilər. İş orasındadır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti bütün cəmiyyət tərəfindən tənqid olunur. Çoxları qurumun gözləntiləri doğrultmadığını bildirir. Açığı bu gedişlə müsbət irəliləyiş gözləmək yersizdir. Arzu Rəhimov və onun vəzifəyə gətirdiyi bəzi kadrlar işdən azad olunmasa, hərbi səfərbərlik sistemindəki problemlər daha da dərinləşəcək». Növbəti sayımızda Arzu Rəhimovun hərbi xidmətdən iyrəndirdiyi zabitin başına gələn dəhşətlərdən söhbət açacağıq. Bilirik, SHXÇDX-nin bütün şöbə və idarələrinin işçiləri Arzu Rəhimovun Xaçmazdakı möhtəşəm villasından hazırlayacağımz reportajı səbirsizliklə gözləyirlər. Yaxın günlərdə general-leytenantın Fransız qəsrlərindən heç nə ilə fərqlənməyən villasının şok görüntülərini təqdim edəcəyik. Bizi izləməyi unutmayın.gundelik-baku.com

Yazı ilə bağlı Arzu Rəhimovun da münasibətini dərc etməyə hazırıq.