BolgeXeber.Com » Analitika » "Sabirabad" kafesi əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir?

"Sabirabad" kafesi əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir?

9-08-2014, 10:50
Oxunub: 18 843 Əxlaqsızlıq yuvasının sahibkarı ƏMDK rəsmisinin adından istifadə edir

"Sabirabad" kafesinin rəhbəri bu obyekti komitə sədrinin müavinilə əlaqələndirir.Müvafiq qurumların rəsmi açıqlamalarına görə, gənclər arasında yoluxucu xəstəliklər getdikcə artır, habelə onların zərərli vərdişləri çoxalır. Bunun da əsas səbəblərindən biri əxlaqsızlıq yuvalarının kökünün kəsilməməsidir. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün ölkəmiz də daxil olmaqla insan alveri bir sıra ölkələri narahat edən əsas problemlərdəndir. Sadaladığımız faktor elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, gənc nəslin mənəviyyatının pozulmasına, ayrı-ayrı ailələrin dağılmasına, hətta bəzi gənclərdə sonsuzluğun yaranmasına, fahişəliyin geniş vüsət almasına şərait yaradır. Hər kəs çox yaxşı bilir ki, insan alverinin ən çox yayılmış növü məhz qadın alveridir.

Təəssüf ki, hazırda həm paytaxt Bakıda, həm Sumqayıtda, həm də ölkənin bir sıra şəhər və rayonlarında fəaliyyət göstərən disko klublar, sauna və gecə barları, otellər, masaj salonları, eləcə də digər əyləncə mərkəzləri yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər. Yəqin ki, söhbətin hazırda da paytaxtda sauna, bar, masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanalardan getdiyini anladınız. Dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də QİÇS virusuna yoluxanların sayında artım var. Artıq qloballaşan dünyanın bir hissəsi olan ölkəmiz də istər-istəməz onun mənfi və müsbət yenilikləri, dəyişiklikləri ilə üzləşir. Ölkəmizlə qonşu, habelə uzaq ölkələrin qəbul edilən və edilməyən yenilikləri bir müddət sonra bizim məkana da ayaq açır. Bəli, fakt faktlığında qalır - ölkəmizdə əxlaqsızlıq hallarının sayı ildən-ilə artmaqdadır. Buna yüngül həyat tərzi keçirən qadınların miqyasının çoxalmasını misal göstərmək olar. Maraqlıdır, bəs əxlaqsızlığın sayının artmasının başlıca kökü nədədir? Şübhəsiz ki, buna rəvac verən əxlaqsızlıq yuvalarının kəmiyyətinin artımında. Ölkəmizin paytaxtı Bakı şəhərində, habelə respublikamızın digər şəhər və rayonlarında istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri yuxarıda sadaladığımız problemlərin daha da genişlənməsinə rəvac verir. Nəzərinizə çatdıraq ki, bu cür obyektlərə daha çox Bakının mərkəzi hissələrində tez-tez rast gəlinir.

Düzdür, ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər, həmçinin onların himayədarları olan ayrı-ayrı məmurlar öz bildiklərini edir, bizneslərini genişləndirirlər. Qəzetimizin əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum oldu ki, paytaxtın Ziya Bünyadov prospekti, əhali arasında "Dərnəgül yolu" adıyla məşhur olan ərazidə, konkret desək, tikinti materiallarının topdan satıldığı yerdə yerləşən "Sabirabad" kafesi guya ictimai iaşə obyekti profiliylə fəaliyyət göstərsə də, əslində əxlaqsızlıq yuvasına çevrilib. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, "Sabirabad" kafesində günün günorta çağı şıdırğı qadın alveri gedir. Bura üz tutanlar heç də yalnız nahar etməyə deyil, həm də başqa məqsədlər üçün gəlirlər. Təəssüf ki, hazırda paytaxt Bakıda, hüquq-mühafizə orqanlarının gözləri qarşısında fəaliyyət göstərən bu əxlaqsızlıq yuvası yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə etmək məqsədilə təşkil olunub. "Sabirabad" kafesinin illərdir, Dərnəgül şossesinə yaxın ərazidə fəaliyyət göstərməsi onun rəhbərliyinin hansısa yollarla öz obyektini qoruyub saxlamağa nail olduğunu göstərir. Burada dəfələrlə böyük mubahisələr, müştərilərlə obyekt sahibləri arasında hesab üstündə düşən davalar, hətta qanla nəticələnən kriminal hadisələr baş verib. Ancaq təəssüf ki, əxlaqsızlıq yuvasıyla bağlı heç bir konkret tədbir görülməyib. Bildirək ki, bu məlumatlar həmin obyektin xidmətlərindən istifadə edənlər tərəfindən verilib. Belə qənaətə gəlmək olar ki, obyektə çox güclü himayəsi olan şəxs tərəfindən "krışa"lıq edilir. Bu səbəbdən də onun fəaliyyətinə heç kim müdaxilə edə bilmir. Kafe ilə az-çox tanış olan şəxslər deyirlər ki, artıq bu obyekt ətraf ərazilərdə də məşhurlaşıb: "Əvvəl elə bilirdik ki, bura ancaq yemək yeməyə, içki içməyə, bir sözlə dincəlməyə, nahar etməyə gəlirlər. Biz də bura yemək yeməyə gəlirdik. Amma içəridəki qadınların davranışlarını, geyimlərini, müştərilərini gördükdə hər şeyin formal olduğunu, obyektin daha çox əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini başa düşdük". Onların sözlərinə görə, "Sabirabad" kafesində "dincəlmək" orta hesabla 70-80 manatdan ("xidmətçi qadından asılı olaraq-red) 90-100 manata qədər dəyişir. Bu arada əldə etdiyimiz məlumata görə, "Sabirabad" kafesinin Nazim adlı sahibi öz obyektini qorumaq üçün ölkəmizin yüksək səviyyəli məmurlarından birinin adından istifadə edir. Belə ki, Nazim tez-tez Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sədrinin müavini Rafiq Cəlilovun adını hallandırır. Hər gün "Sabirabad" kafesindən əldə olunan çirkli pullarla var-dövlətinin miqyasını artıran Nazim "bu obyekti bizə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq müəllim bağışlayıb" - deyir. Obyektin sahibkarı elə bu vasitəylə indiyədək əxlaqsızlıq yuvasının fəaliyyətini davam etdirməsinə nail olub. Halbuki bəziləri, o cümlədən biz də "Sabirabad" kafesi ilə komitə sədrinin müavini arasında hər hansı bağlılığın olmasına inanmırıq. Di gəl ki, Nazim adlı şəxs çoxlarını buna inandıra bilib.

P.S. Üzümüzü Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilova tuturuq: - cənab Rafiq Cəlilov, yaxşı olardı ki, bu məsələni ətraflı araşdırasınız. Onda adınızın hansı qanunsuz məsələlərdə, kimin tərəfindən hallandırıldığını özünüz görərdiniz.
gundelik-baku.com