BolgeXeber.Com » Analitika » Prezidentin cəbhə xəttinə səfəri və qalmaqallı generalla bağlı ilginc məqam - TƏHLİL

Prezidentin cəbhə xəttinə səfəri və qalmaqallı generalla bağlı ilginc məqam - TƏHLİL

11-08-2014, 12:45
Oxunub: 3 425 Gəlin proseslərin sonunu gözləyək!

Son günlər cəbhədə baş verən gərginlik, Ermənistanın təxribatçı mövqeyi, atəşkəsin işğalçı dövlət tərəfindən tez-tez pozulması, əsgərlərimizin düşmən tərəindən şəhid edilməsi, bir sözlə, ölkədə müharibə ab-havasının yaşanması ən çox müzakirə olunan mövzulardandır.

Heç şübhəsiz ki, bütün baş verənlərə görə günahkar Ermənistan dövlətidir və faktiki olaraq 20 faiz torpağımız hələ də işğal altındadır. Bütün bunlara baxmayaraq, Ermənistan hakmiyyəti beynəlxalq hüququ tanımır, BMT-nin bu ölkənin işğalçı mövqeyi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələbləri hələ də kobud şəkildə pozulur.

Gərginlik bu şəkildə davam etdiyindən Azərbaycan ordusu da itkilər verir. 11 əsgərin son baş verən atışmalar zamanı şəhid olması isə cəmiyyətdə ciddi rezonans doğurub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin ilk günlərdə ictimaiyyəti müntəzəm məlumatlandırmaması isə ciddi suallar doğurub.

Əslində, burada başqa səbəblər axtarmağa dəyməz, çünki əsas səbəb sözügedən qurum tərəfindən informasiya siyasətinin peşəkar qurulmaması idi. Ona görə də mətbuatda sensasion məlumatlar yer aldı, hətta bəzi xəbər saytları gündəmə təsir etmək və oxucuları cəlb etmək üçün dezinformasiyalar yaymağa başladılar.

Bütün bunlar isə bir həqiqəti çılpaqlığı ilə ortaya qoydu: nazirlik icimaiyyətlə işini qura bilmir, qeyri-peşəkar kadrların önə çəkilməsi ciddi problemlər yaradır. Doğrudan da, məsələnin ən ciddi tərəfi kadr siyasəti ilə bağlıdır. Nazirlikdəki son aylar aparılan kadır siyasəti artıq acı nəticəsini verir. Xüsusən, Baş Qərargah rəisi (BQR) Nəcməddin Sadıqovun özünə yaxın kadrları önə çəkməsi və qohumbazlıq siyasəti yeritməsi ciddi narahatlıq doğurur.

Cəbhədə gərginliyin davam etdiyi və 11 əsgərin şəhid olduğu ərəfədə belə bir informasiya yayıldı ki, Nəciməddin Sadıqov Bərdə korpusunun komandiri, general-leytenant Nizam Osmanova zəng edərək kobud danışmış, hətta onu söyərək təhqir etmişdi. Hələ də sovet ordusunun davranış qaydaları ilə orduya nəzarət edən Sadıqov, əslində, baş verənlərlə bağlı generalı söyməli deyildi, bir ordu generalı olaraq öz vəzifəsinin məsuliyyətini dərk edərək xalqa hesabat verməli idi. Amma görünən o idi ki, Sadıqov bunun əksini etdi. Baxmayaraq ki, qeyri-peşəkar kadr siyasətində onun da günahı az deyil və ordudakı problemlərin başında duranlardan biri də məhz onun özüdür.

Bununla yanaşı, vəziyyət elə bir hal aldı ki, mediada iki kəndin azad olunması ilə bağlı xəbərlər də yer aldı. Amma nazirlik bunu təkzib etdi. Halbuki Azərbaycan Ordusu nəinki bu kəndləri, bütövlükdə Qarabağı işğaldan azad etsəydi, bu onun doğal haqqı idi.

Ekspertlərin bir çoxu isə düşünür ki, mətbuatın nə yazmasından (yalan və ya doğru) asılı olmayaraq, bu boyda həngamədən sonra bir kənd belə, doğrudan da, alınmayıbsa, bu, sadəcə, biabırçılıqdır. Rusiyanın açıq heç bir müdaxilə etmədiyi və Ermənistanın iqtisadi böhran yaşadığı bir vaxtda ordu rəhbərliyinin boş yerə «regionda analoqu olmayan ordu» mifini alt-üst etməyə cəhdi isə təbii ki, diqqətdən yayınmadı.

Əldə etdiyimiz ilginc məlumatlara görə Ali Baş Komandan, prezident İlham Əliyevin gərginliyin davam etdiyi bir vaxtda cəbhə bölgəsinə getməsi, problemlə şəxsən maraqlanması, ən əsası isə bütün generalitetin iştirak etdiyi səfərdə Sadıqovun ortada görünməməsi ciddi faktordur və bununla bağlı artıq müəyyən fikirlər səsləndirilir. Deməli, artıq kimin kim olduğu ortaya çıxıb.

Ekspertlər hesab edirlər ki, bununla da uzun illər orduda yanlış kadr siyasəti həyata keçirən, ordu generalından çox oliqarx məmuru xatırladan, bütün çevrələrdə işğalçı Ermənistanı forpostuna çevirən Rusiyanın adamı kimi təqdim olunan Sadıqov üçün artıq "xəzan yeli" əsməyə başlayıb. Bu, doğrudan da, çox ciddi nüansdır. Gəlin proseslərin sonunu gözləyək!