BolgeXeber.Com » Analitika » Restoranlar toy sahibinə necə "toy tuturlar"?

Restoranlar toy sahibinə necə "toy tuturlar"?

14-08-2014, 09:05
Oxunub: 4 315 Ailə qurmağa hazırlaşan əməkdaşımız şadlıq evlərində heyrətamiz mənzərə ilə üzləşib

Administrator: «Əgər fotoqraf xidmətindən imtina edirsinizsə, buna görə restorana 700 manat ödəməlisniz»

Bəlkə də dünyanın heç bir ölkəsində toy etmək Azərbaycandakı kimi çətin deyil. Əgər toy etmək qərarına gəlmisənsə, sən bu prosesin əsəb və stressini əvvəldən nəzərə almalısan. Bakıda toy etmək üçün normal açıq məkan tapmaq çətindir. Belə məkanların sayı həm azdır, həm də burada toy etmək risklidir. Çünki bizdə şadlıq sarayı ilə 3-4 ay öncədən danışıb, yer bron etməlisən. Bakı küləklər şəhəri olduğundan sən 3-4 ay sonra toy günündə külək olub-olmayacağını bilə bilmirsən. Deməli, açıq havada toy etmək risklidir. Biz də bu səbəbdən açıq havada toy etmək qərarımızdan vaz geçdik. Keçdik qapalı məkanları axtarmağa. Çox yer gəzmədik. Büdcəmizə uyğun bir neçə şadlıq sarayı seçdik və bir-bir həmin məkanlara baş çəkdik.

Müştəri məmnuniyyəti...

Böyük şərtlərimiz yox idi. Tək şərtimiz şadlıq evinin fotoqraf və kamera çəkilişindən imtina etmək idi. Bunun da səbəbləri var. Qohum-əqrəbanın toy ərzində gəlin və bəyin oturduğu yerin arxasına keçib şəkil çəkdirməkdir. Çoxuna gülməli gələ bilər. Hətta bir neçə saniyəlik prosesə niyə bu qədər qarşı olduğumuza görə bizi qınaya da bilərlər. Ancaq özünü gəlinlə bəyin yerinə qoyanda görürsən ki, toya gələn hər qonaqla şəkil çəkdirməyə ayrılacaq 5-10 saniyəni toplasaq bu sənin ən xoş günündə azı 2 saatını ala bilər. Hələ bir dəfə ilə doymayıb bir neçə dəfə şəkil çəkdirmək istəyənləri də nəzərə alın. Kamera məsələsinə gəlincə, toyu başdan sonacan lentə almağı mənasız bildik. Nəzərə almaq lazımdır ki, bu kamera həm də çoxlarının gözünü qorxudur. Toyda istədikləri kimi əylənə, istədiklərini yeyə bilmirlər. Dəfələrlə kompleksli insanları yemək yedikləri yerdə lentə alındıqlarına görə utandıqlarının şahidi olmuşam.

"Fotoqraf istəmirsinizsə 700 manat ödəməli olacaqsınız"

Şadlıq saraylarının əksəriyyəti bizim bu şərtlə razılaşmadı. İlk getdiyimiz restoranın administratoru: "Bilirsiniz bizdə iki fotoqraf işləyir. Onların hər ikisi sarayda olan toydan çəkdiklərindən bizə 350 manat ödəyirlər. Siz fotoqraf istəmirsinizsə, bizə bunun müqabilində 700 manat ödəməlisiniz. Əksinə razı deyilik. Kamera məsələsinə gəlincə, əgər bizim şadlıq evinin kameramanını istəmirsinizsə, toyda əlavə kamera çəkən olmamalıdır. Yəni, toy lentə alınmamalıdır. Bizim şadlıq evinin özünəməxsus qayda-qanunu var. Onlardan kənara çıxa bilmərik".

Biz ona bu proseslərdə əsas olanın müştəri məmnuniyyəti olduğunu başa salmağa çalışsaq da, administrator şadlıq sarayının məmnuniyyətini daha üstün tutdu.

İkinci restoranın administratorunun reaksiyası da fərqli olmadı. Ancaq bu bir az da irəli gedib toyda telefon və şəxsi fotoaparatlarla çəkiliş aparılmasını da yasaqladı: "Birdən bizim fotoqrafdan imtina etməkdə məqsədiniz toya əlavə fotoqraf gətirmək olar ha. Bax, o zaman bütün anlaşmamız pozular". Kənardan dinləyən də elə başa düşər ki, sanki administrator özünə toy edir və bizim həmin toya müdaxilə etməyimizə qarşıdır.

"Qonağınız 350 nəfərdən az olacaqsa, bu sizə baha başa gələcək"

Digər bir restoran isə kamera və fotoqrafın olmamasını problem etmədi. Çünki bu restoranın daxili qaydaları bir az fərqli idi. Ancaq bu dəfə də adminitratorun başqa şərtləri oldu: "Bu zal 250-400 nəfər qonağı qəbul edə bilir. Sadəcə, bizim bəzi problemlərimiz olduğundan son vaxtlar 350 nəfər qonaqdan aşağı olanları qəbul etmirik. Etsək belə bu bir az baha olacaq. Görürəm siz bizim qiymətləri bilirsiniz. Ona görə əvvəlcədən xəbərdar edirəm ki, qonağınız az olacağı təqdirdə gərək bir az artıq pul ödəyəsiniz".

Keçək qiymətlərə...

İlk getdiyimiz restoranın cəmi bir menyusu var idi. Onun da qiyməti 55 manat idi. Administrator yeməkləri tərifləyib bitirə bilmirdi. Biz isə qoyulan şərtlərin müqabilində sayılan yeməklərin adlarını belə eşitmirdik. Bizə verilən menyuda isə "43 adda soyuq yemək, 12 adda isti yeməyin olduğunu görürük". Avtomatik bir sual çıxır meydana bir nəfər 43 soyuq, 12 isti yeməyi bir gecədə yeyib bitirə bilərmi? Başqa adla desək bir insanın bir oturuma 55 manatlıq yemək yeməsi nə dərəcədə realdır? Bir gecədə 200 adda yemək...

İkinci restoranda 3 cür menyu var idi. Birincisi VİP, ikincisi qızıl, üçüncüsü isə gümüş menyu adlanırdı. Birinci menyunun qiyməti 80, ikincinin qiyməti 70, ən ucuz menyu isə 55 manat idi. Və bu üç menyunun yer aldığı jurnal 43 səhifədən ibarətdir. İçində 200-dən artıq çeşid var. Qiymətə rəqqasə Fatimənin aş gətirməsi və atəşfəşanlıq da daxildir.

Qeyd: Restoranların əksəriyyətində ansambl qoyulan qiymətə daxil edilmir. Kənardan gətirəcəyin ansambılın qiyməti isə 2000-4000 manat arası dəyişir. Toyda əlavə fotoqraf istəyirsənsə, bu sənə minimum 500, maksimum da 2000 manata başa gəlir. (bizimyol.info)