BolgeXeber.Com » Analitika » “Get bozbaşını bişir, maşın sənlik deyil....”

“Get bozbaşını bişir, maşın sənlik deyil....”

18-08-2014, 08:15
Oxunub: 4 764 Qadın sürücülərə niyə “yaşıl işıq” yandırılmır?

“Elə ki, yan tərəfimdə bir qadın sürücünün idarə etdiyi maşın görürəm, dərhal ordan uzaqlaşıram. Çünki bilirəm ki, gec-tez bəlamı tapacam, onun hansısa ”naruşeniya"sının altını mən çəkəcəm..."


Bu, kişi sürücülərdən daha çox eşitdiyim rəylərdən biridir. Kişi sürücülər birmənalı qaydada qadınların sürücülüyünü bəyənmir, onların yolda özlərinə və piyadalara problem yaratdığını qabardır. Bunun səbəbləri və elmi izahatına bir azdan qayıdacağıq.

Hələliksə onu deyək ki, son vaxtlar xəbərlərdə də qadın sürücülər üzümüzü güldürmür. Yol verdikləri qəzaların sayı gündən-günə artır...

Qadınlara hələ də sürücülüyün yaraşdırılmadığı, bütün qəzalarda qadının haqsız sayıldığı bir məmləkətdə faktlar tamam fərqli məqamlardan xəbər verir. Halbuki dünya qadın sürücülərə çox daha öncədən yaşıl işıq yandırıb.

Fransadan İrana... qadınlar sükan arxasında

Qadınların avtomobil idarə etməsi XX əsrin əvvəllərindən başlayır. O zaman Fransada istehsal olunan maşınlar kişilərlə bərabər qadınların da maraq dairəsinə düşüb. II Dünya Müharibəsindən sonra Almaniyanın “Volkswagen» şirkəti də qadınlar üçün avtomobil istehsalına başlayıb. Sırf qadın avtomobilinin buraxılması isə ötən əsrin 50-ci illərinə təsadüf edir. Almaniyanın ”Borqvard A" şirkəti 1957-ci ildə “Isabella Coupe A» modelli asan idarə oluna bilən qadın avtomobili istehsal edib. Artıq bu gün dünyanın istənilən aparıcı avtomobil firması qadın avtomobilləri istehsal edir. Məsələn, ”Volkswagen Polo A", “Volkswagen Golf A”, “Opel Tigra A”, “Renault TwigoA”, “Suzuki VitaraA”, “Fiat PuntoA”, “Peugeot 206A” markalı maşınlar ən məşhur qadın avtomobilləri sayılır.
Amma məsələ təkcə avtomobillə bitmir. Britaniyanın yalnız qadınlara xidmət göstərən sığorta şirkəti “Sheilas Wheels” sükan arxasında hündür dabanlı ayaqqabı geyməkdən imtina etməyən qadın sürücülər üçün xüsusi ayaqqabı ixtira edib.

Qadınların çoxu üçün avtomobili bizdə “şpilka” adı ilə tanınan nazik dabanlı ayaqqabıda idarə etmək nəinki narahatdır, həm də təhlükəlidir. Bu cür ayaqqabılarla əyləci axıradək basmaq və ya sürətli manevr etmək çox çətindir. Xüsusi “Sheila Driving Heel” ayaqqabılarının dabanı kifayət qədər gözəl və zərifdir, amma başlıcası budur ki, gizli düyməni basdıqda daban qatlanır. Bundan başqa, ayaqqabının altının pəncə hissəsinin xüsusi relyefi ayaqqabının “pedal”dan möhkəm “yapışmasına” kömək edir. Xatırladaq ki, bu ayaqqabıların qiyməti 74 dollardan başlayır.

Qonşu İranda isə qadınlar sükanı daha diqqətli idarə edirlər. Məhz buna görə Tehranda taksi sürən qadınların xidmətindən daha geniş istifadə olunur. Bir qadın tərəfindən qurulan taksi dayanacağının 700 sürücüsü hazırda yalnız qadınlara xidmət göstərir. Dayanacağın 40 min nəfərlik bir müştəri siyahısı olduğu deyilir...

Qadınlar diqqətli olsalar da, məlumatsızdılar...

Aparılan araşdırmalar, keçirilən sorğular qadınların yolda daha diqqətli sürücü olması faktını dəfələrlə təsdiqləyir. Hətta Avropa Birliyinin ekspertləri də qadın sürücülərin kişi sürücülərdən daha diqqətli olduğunu üzə çıxarıb. Lakin araşdırmada məlum olub ki, onlar idarə etdikləri avtomobil haqqında çox az məlumata sahib olurlar. Elə qadınların törətdiyi qəzaların əsas başvermə səbəbi onların diqqətsizliyi deyil, avtomobilinin nasaz olduğunu bilməməsidir.

“Guardian”nın araşdırmasına görə, xanım sürücülərin 61%-i maşınını ustaya yalnız hansısa hissənin sıradan çıxmasından sonra aparır. 77% qadın sürücü isə mühərrikdəki yağın, əyləc mayesinin səviyyəsini ölçə bilmir. Sükan arxasına əyləşən xanımların yalnız 10%-i təkərlərin havasına, yeyilib-yeyilməməsinə fikir verir.

Siqnaldan səbəbsiz yerə istifadə edənlər ordusu

Qadınlar kişilərlə müqayisədə adətən sürət həddini keçmirlər. Qadın sürücülərin törətdiyi qəzaların 82%-i əks-cinsin nümayəndələrinin xanım sürücüləri yolda “sıxışdırmaları” ilə bağlıdır. Kişi sürücülərin qəza törətməsinə səbəb isə bir çox hallarda içkili olmalarıdır.
Amma qadın sürücülər kişilərə nisbətən çox vaxt gərəksiz yerlərdə siqnaldan istifadə edirlər. Kişi sürücülər isə daha az siqnal verirlər. Qadın sürücülər qaydalara ifrat dərəcədə əməl edirlər. Bəzən bu həm nəqliyyatın hərəkətinə, həm sürücülərə, həm də xanımın özünə zərər verir. Qadın sürücülər kişilərə nisbətən az nəzakətlidirlər. Çünki kişi sürücülər yolda digərlərinə daha çox yol verirlər. Qadınlar isə daha çox özlərinə yol verilməsini gözləyirlər və piyadalara, avtomobillərə nadir hallarda yol verirlər.
“Onepoll.com”un apardığı araşdırmaya görə, qadınların avtomobil istifadə edərkən buraxdıqları ən böyük səhvlər yolda diqqəti toplaya bilməmək, əyləci çox gec basmaq, avtomobili birdən sürətləndirmək, şose lentlərinə diqqət yetirməmək, başqa avtomobillərlə çox az məsafə saxlamaq, radio ilə “oynayarkən” yola fikir verməmək, güzgüyə çox baxıb bəzənmək və digər səhvlərdir.

Dünyada qadınların avtomobil idarə etməsinə qadağa qoyan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Burada əcnəbi xanımlara sükan arxasına əyləşməyə icazə verilmir.

Onlara sürücülük vəsiqəsi daha çox hədiyyə olunur

Statistikaya görə, Azərbaycanda qadın sürücülər xırda qəza və yol pozuntusu hallarına kişilərə nisbətən daha çox yol versələr də, ağır yol-nəqliyyat hadisələrini daha az törədirlər. DİN Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Azərbaycanda qadın sürücülər daha çox yüngül toqquşmalara düşürlər. Ağır qəzalarda hələ də kişilər liderlik edirlər. Kişi sürücülər ən çox sürət həddini aşmağa və ötmə qaydalarını pozmağa meyllidirlər. Qadınlar isə manevr və sıranı dəyişərkən xətaya yol verirlər.

STOP: Azərbaycanda 30 mindən artıq qadının sürücülük vəsiqəsi var. Onlardan 20 minə yaxını nəqliyyat vasitəsini idarə edir. 10 minə yaxın qadının sürücülük vəsiqəsi olsa da, avtomobil sürmür. Sürücülük vəsiqəsi olan qadınların 26 minə yaxını Bakı şəhərinin, qalanları isə respublikanın digər rayonlarının sakinləridir.

Bu arada DYP-dən onu da öyrəndik ki, qadın sürücülərin yol verdiyi pozuntular sırasında - avtomobili idarə edərkən kəmər taxmama, manevr edərkən və sağa-sola dönərkən işıq siqnallarından istifadə etməmə, yolayrıcı keçmə qaydalarını pozma, piyadalara yol verməmə kimi xətalar üstünlük təşkil edir.

Əvvəllər yol polisi əməkdaşları qadın sürücülər tərəfindən törədilən kiçik qayda pozuntularına göz yumurdular və xanım sürücülərə xəbərdarlıqla kifayətlənirdilər. Lakin ilbəil qadın sürücülərin və onlar tərəfindən yol verilən pozuntuların sayının artması onlara qarşı ciddi tədbirlər görülməsini zəruri edir.

Yol polisi əməkdaşları isə hesab edir ki, qadınların yolda qəzaya yol verməsi və ya qəza vəziyyəti yaratmasının kökündə onların həm də sürücülük məktəbinə getməməsi, yəni qaydaları bilməməsi, maşın idarə etmənin incəliklərinə yiyələnməməsidir. Belə demək mümkünsə, bir çox qadınlara sürücülük vəsiqəsi həyat yoldaşları tərəfindən hədiyyə olunur. İmtahanlarda iştirak etmirlər, qaydaları öyrənmirlər. Sadəcə bir neçə dəfə “yezda” dərslərinə getməklə bu işi öyrəndiklərini zənn edirlər. Daha bir tendensiya isə qadınların bir-birinin acığına sürücülüyə başlamasıdır. “Filankəs sürə bilər, mən yox” deyə-deyə bir çox qadınlar öz potensiallarını, reaksiyalarını nəzərə almadan sükan arxasına keçir.

Qadınlar yüngül toqquşmalara düşürlər, ağır qəzalara kişilər liderlik edir
Deyəsən, sözügedən qəza statistikası zərif cins nümayəndələrinin gözünü o qədər qorxudub ki, artıq bununla bağlı sığorta şirkətlərinə müraciət edənlər də çoxdur. MBASK sığorta şirkəti təkcə 2007-ci ildə 109 qadın sürücü üçün sığorta siyasəti açmışdı. Həmin qadınların 94-ü yol-nəqliyyat hadisələrinə düşüb. Bu isə sığortalanmış qadınların 86 faizindən çoxdur.

MBASK ekspertlərinə görə, qadınlar daha çox yüngül toqquşmalara düşürlər. Ağır qəzalarda hələ də kişilər liderlik edir. “Turan”a əsasən, şirkət rəsmiləri kişilər ən çox sürət həddini aşmağa və ötmə qaydalarını pozmağa meyllidirlər.

İngilis online satış araşdırmaları şirkəti - “Onepoll.com”un 3 min kişi üzərində icra etdiyi bir araşdırmaya görə, kişilərin üçdə biri qadınların istifadə etdiyi avtomobillərdə özlərini etibarda hiss etmirlər. Onlara görə, qadınların avtomobil istifadə edərkən etdiyi ən böyük 10 səhv bunlardır: 1. Konsentrasiya (diqqət) pozuntusu; 2. Əyləcə çox gec basma; 3. Avtomobili birdən sürətləndirmək; 4. Yoldakı xətlərə diqqət yetirməmək; 5. Digər vasitələrə çox yaxınlaşmaq; 6. Əyləcə çox sərt basmaq; 7. Radio ilə oynayarkən yola diqqət yetirməmək; 8. Siqnal verməmək; 9. Avtomobili həddindən artıq sürətlə idarə etmək; 10. Maşını yolun ortası ilə sürmək

“Günahımız olmayanda da bizi günahkar çıxarırlar”

10 illik sürücülük təcrübəsi olan Aynur Musayeva deyir ki, maşın sürməyə hələ Bakı yollarında tıxaclar, hərc-mərclik bu qədər çox olmadığı vaxt başlayıb. Onun sözlərinə görə, son iki-üç ildə paytaxtda maşınla hərəkət etmək olduqca çətinləşib: “İlk vaxtlar yolda kişi sürücülər adama xortdan görmüş kimi baxırdılar. Bəziləri isə ya yolda sıxışdırır, ya da qəsdən qaydanı pozub adamı çaşdırırdı. İndi təəccüblənənlərin sayı azalıb, amma başqa hallar hələ qalıb. Yenə də kişilər qadın sürücünü həzm edə bilmir. Əgər qadın onlardan daha bahalı xarici maşın sürürsə, bu, ikiqat qıcıq yaradır və onda onların gözünün düşməninə çevrilirsən”.

Aynur deyir ki, əslində qadın sürücülərlə bağlı qabardılan qəza, neqativ hal məlumatları şişirdilib. Onun sözlərinə görə, əksinə, qadınlar qayda-qanuna daha çox əməl edir: “Mən fikir vermişəm, qadınlar adətən sürət həddini keçmir, lap qəza törədəndə də hadisə yerindən qaçmırlar. Humanistdilər deyə, zərər verdikləri adama yardım edirlər. Qadın sürücülər qaydalara ifrat dərəcədə əməl edirlər. Bəzən bu, həm yola, həm sürücülərə, həm də xanımın özünə zərər versə də”.

A.Musayevanın sözlərinə görə, bütün qəzalarda qadını haqsız çıxarmağa cəhd var: “Bir dəfə Rəsulzadə qəsəbəsində tıxaca düşmüşdüm. MSK-nın qabağına çatanda sağdakı və soldakı maşın eyni vaxtda məni sıxdı. Nəticədə hər üçümüzün maşını cızıldı. Amma maşından düşəndə hər ikisi məni haqsız çıxardı. Halbuki məni hər iki yandan bunlar sıxmışdı”.

Sürücü Tərlan: “Soruşursan ki, niyə yolun solu ilə asta-asta gedirsən? Qayıdır ki, başqasının arvadına sataşma...”

Tərlan Allahverdiyev də təcrübəli sürücü kimi qadın sürücüləri çox da həzm edə bilməyənlərdəndir. Onun fikrincə, qadın sürücülərin ilk xətası güzgüdən yola baxmaq üçün yox, özlərinə bəzək-düzək vermək üçün istifadə etmələridir: “Mən maşın sürə-sürə makyaj çəkən qadın görmüşəm. Demək, işıqforda qırmızı işıq yanan kimi başlayırlar makyaja, yaşıl yanır, arxadakı maşınlar siqnal verir, bunlar hələ tərpənmirlər, çünki bəzək-düzəkləri bitmir. Özü də qadınlar heç vaxt kişilərə yol vermirlər. Halbuki yola çıxmısansa, bərabərlikdən danışırsansa, burda centlmenlik söhbəti ola bilməz. Sən də yol verməlisən, nəqliyyatda hamı bərabərdir. Bir də görürsən, yolun solu ilə bir maşın asta-asta, öz kefi ilə gedir. 80-lik yolda 50 ilə sürür, özü də solla gedir. Yüz faiz bilirsən ki, qadındır. Gəlib çatanda siqnal verirsən, pəncərədən deyirsən ki, ay bacı, asta getmək istəyirsən, sağnan get. Qayıdıb deyir ki, ”sənin anan-bacın yoxdur? Niyə başqasının arvadına sataşırsan?" Bax belə, əcəb işə düşmüşük. (gülür) Ona görə də adam deyir, get bozbaşını bişir, maşın sənlik deyil...“
Sevinc TELMANQIZI