BolgeXeber.Com » Analitika » Qazax rayon TSEK sədrinin özbaşınalığı davam edir

Qazax rayon TSEK sədrinin özbaşınalığı davam edir

23-08-2014, 16:55
Oxunub: 4 060 Əli Qasımov vətəndaşları süründürməçiliyə məruz qoyur

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan strukturlar ilə bağlı zaman-zaman şikayətlər səslənib. Füzuli Ələkbərovdan yadigar qalan şikayətlər deyəsən, yeni nazir Səlim Müslümovun dövründə də davam etdirilir. Əgər belə olmasaydı, Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) ilə bağlı vətəndaş narazılıqları aktual olaraq qalmazdı. Sabiq nazir Füzuli Ələkbərovun rəhbərliyi dövründə bir çox TSEK sədrlərinin fəaliyyətlərində yol verdikləri qanunsuzluqlara görə məsuliyyətə cəlb olunmasının, barələrində cinayət işinin açılmasının şahidi olmuşuq.

Lakin son zamanlar bu sahədə baş verən neqativ hallara görə nədənsə qanunun aliliyi təmin olunmur. Belə ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Qazax rayon Tibbi Sosial Ekspert Komissiyasında qanunsuz əməllər, vətəndaşların hüquqlarının pozulması, özbaşınalıqlar adi hala çevrilib. Qeyd edək ki, Qazax TSEK-in sədri Əli Qasımovdur. Bizə verilən məlumata görə, Qazaxda fiziki qüsurlu şəxslər əlillik dərəcəsi almaqda çətinlik çəkirlər. Həmin şəxslər get-gələ salınır. Şikayətçilər bildirir ki, əlillik dərəcəsi almaq üçün gərək TSEK sədri Əli Qasımova görüm-baxım edəsən. Yoxsa süründürməçiliyə məruz qalacaqsan. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar. Bütün bunlar göstərir ki, Qazax rayonunda özbaşınalıq, qanunsuzluq hökm sürür. Ümumiyyətlə, Qazax TSEK-in qanunsuz fəaliyyəti rayon camaatını cana yığıb. TSEK sədri əksər hallarda əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir.

Qeyd edək ki, "Gündəlik Bakı" qəzeti olaraq bəzi TSEK-lərin qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar dəfələrlə dərc etmişik. Buna baxmayaraq, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyəti qurumlar tərəfindən bu əməllərin son qoyulması istiqamətində hələ də heç bir tədbir görülməyib. Bu vəziyyətdən böyük məharətlə yararlanmaqda davam edən Qazax rayonu TSEK sədri isə rayonun səhiyyə sistemini nüfuzdan salmaqda davam edir. Pensiya almaq istəyənlərə maneələr yaradırlar. Qazax sakinlərindən biri şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyə görə qeydiyyatdadır. TSEK sədri onun bütün sənədlərinə baxıb. Lakin xəstə pensiya ilə təmin olunmayıb. Həmin şəxs lazımi qurumlara şikayət edəcəyini bildirib. Əli Qasımov isə öz növbəsində bildirib ki, kimə istəyirsən, hara istəyirsən müraciət et. Görünür, bu şəxs heç kəsdən qorxmur. Onu himayə edən şəxsə çox güvənir. Əks halda belə arxayınçılıqla danışmazdı.

Bizə verilən digər bir məlumata görə, Qazax TSEK-də heç bir tibbi müayinə aparatı yoxdur. Komisiyada xidmət edən həkimlər maraqlı olsalar belər xəstənin diaqnozunu dəqiqləşdirə bilməz. Müraciət edən xəstələrin mərkəzi xəstəxanalarda müayinədən keçib gətirdiyi xəstəlik tarixçələrində xəstənin durumu açıq-aşkar təsdiq olunur. Komissiya sədri həmin xəstəlik tarixçəsinin doğru olub-olmamasının fərqinə varmadan 8 ildən çox əlillik dərəcəsi ilə pul müavinəti alan xəstəyə sənədlərin saxtadır deyərək əlilliyini ləğv edir. Bu göstərişin birbaşa nazirin əmri olduğu vurğulanır. Xəstələrin sayının azaldılmasının plan üzrə olduğunu bildirir. Xəstələrə belə yanaşma tərzi nədən xəbər verir?gundelik-baku