BolgeXeber.Com » Analitika » Gənclərin ailə qurma problemi

Gənclərin ailə qurma problemi

28-09-2010, 00:45
Oxunub: 10 105

İşsizlik və mənzil problemi yeni ailələrin yaranmasına maneçilik törədir

Azərbaycanda iqtisadi inkişaf getdiyi barədə deyilənlərə rəğmən, bunun real həyatda özünü göstərmədiyi bir faktdır. Düzdür, bəzi istiqamətlərdə bir çox işlər görülüb. Amma vəziyyət ondan ibarətdir ki, sosial-iqtisadi problemlər məngənəsində boğulan insanlar bir sıra problemlərini həll etmək iqtidarında deyillər. Elə bu səbəbdəndir ki, gənclərin əksəriyyəti öz seçimi çərçivəsində bir iş tapa bilmir. Və ən əsası bu gün gənclərin yarıdan çoxu iş və mənzil problemi üzündən ailə qurmaq istəmir. Nə qədər acınacaqlı olsa da, hazırkı şəraitdə gənclərə ailə həyatı qurmaqda əngəl törədən iki amil-işsizlik və mənzil problemi ön plana çəkilir. Məsələnin aktuallığını nəzərə alıb, gənclər arasında «sizə ailə qurmaqda nə çətinlik yaradır» sualına cavab tapmağa çalışdıq. 100-dən çox respondent arasında keçirdiyimiz sorğuda maraqlı və maraqlı olduğu qədər də düşündürücü fikirlər eşitdik.

Evsiz oğlana «pəpə» yoxdur

Suallarımızı ilk olaraq 26 yaşlı Asif cavablandırdı. Ali təhsilini Rusiyadakı universitetlərdən birində aldığını deyən müsahibimiz yaşının irəliləməsinə baxmayaraq, ailə qurmağa tələsmədiyini bildirdi. Təbii ki, o bunu müxtəlif səbəblərlə əlaqələndirdi: «Mən məsələyə bir neçə istiqamətdən yanaşmaq istəyirəm. Hazırda Azərbaycanda gənclərin böyük hissəsi evlənməyə meylli deyil. Çünki ya onların çoxu işsizdir, ya da ki evi yoxdur. Bu, həqiqətdir. Mən də işsiz gənclərdənəm. Universiteti bitirib ölkəyə qayıdandan sonra düşünürdüm ki, yaxşı iş taparam. Ancaq hara getdimsə, mənə 200 manatdan çox maaşla iş təklif edən olmadı. Deyirsiniz ki, niyə evlənmirsən. Nə işləyirəm, nə də şəxsi evim var. Ailə qurmaq böyük məsuliyyətdir. Gərək ailə qurdunsa, bunun məsuliyyətini dərk edəsən. Demirəm ki, iş yerləri yoxdur. Var, amma o iş yerləri subay insanlar üçündür ki, gündəlik gəlir əldə etsinlər. Evli adam 200 manatla necə ailə saxlaya bilər?». Asif onu da bildirdi ki, mənzili və işi olmayan gənclərə indi heç kim qız vermək istəmir: «Sizə bir şeyi də deyim ki, indi işsiz və evsiz oğlana qız vermirlər. Bu həm mənim, həm də yaxın dostlarımın başına gəlib. Uzun illər sevdiyim qıza elçi göndərəndə evim olmadığına görə onu mənə vermədilər. Demək olar ki, bütün qızların valideyni evsiz oğlana qız vermirlər. Hesab edirəm ki, gənclərin bu problemləri dövlət səviyyəsində həll edilməlidir».
Asiflə söhbəti bitirdikdən sonra digər gənclərlə də söhbət etdik. Hüseyn Cavid parkında var-gəl edən və fikirli görünən gənclərdən birinə yaxınlaşıb, ailəli olub-olmadığını soruşduq. Fikirdən ayılıb bizi cavablandıran Zeynal Cavadov ailəli olmadığını söylədi: «Ailə qurmaq mənim hansı günümə yaraşır? Düz əməlli işdə işləmirəm ki, deyim ailə saxlamağa gücüm var. Ayda 250 manat maaş alıram, özüm də Bakıda kirayədə yaşayıram. Təkcə evin kirayəsinə 150 manat pul verirəm. Elə bir dövrdə yaşayırıq ki, pulsuz iş görmək mümkün deyil. Normal işim və evim olsa, əlbəttə ailə qurmaq istəyərəm. Sadəcə, hələlik yüksək maaşlı iş tapa bilmirəm. Mənim fikrimcə, ev və yaxşı iş olmadan ailə qurmaq ağılsızlıqdır. Ailəli adamın kirayədə qalması çox çətindir. Kirayədə qaldınsa, onda acından ölməlisən».

Z.Cavadov həmçinin qeyd etdi ki, mənzil problemi olan gənclər bu gün daha çox üstünlük təşkil edir: «Elə cavanlarımız var ki, ayda 600 manat maaş alır. Di gəl ki, evi yoxdur. Gənclərin ən böyük problemi mənzillə bağlıdır. Evim olsaydı, nəyə görə mən 28 yaşıma kimi subay qalardım? Mənə ən çox təsir edən odur ki, ev probleminə görə yüzlərlə bir-birini sevən gənc bir yerdə ola bilmirlər, ayrılırlar».

Hər şeyin olması, hər şey demək deyil

Sorğumuzda problemlərindən ürək yanğısı ilə danışan gənclərlə bərabər, heç bir problemi olmayan gəncələrə də rast gəldik. Onlardan 23 yaşlı Əli Məmmədov evinin və münasib işinin olduğunu, lakin evlənməyə marağının olmadığını dedi. Ailə həyatına maraq kimi baxan Ə.Məmmədov subaylığı evli olmaqdan üstün tutduğunu qeyd etdi: «Evlənənlərin çoxu zülm çəkir. Ailə quran adamın bütün fikri evdə qalır. Heyf deyil subaylıq, adam rahat olur, ürəyi istəyən kimi hərəkət edir. Mənim işim də var, evim də. Sadəcə, özümdə evliliyə bir maraq yoxdur. Hələ indiyə kimi eşitməmişəm ki, kimsə ailə qursun və evlilik həyatından razı qalsın. Yaxın dostlarımın hamısı ailəlidir. Onların gününə baxıb, özümə yazığım gəlir». Əlinin açıqlamasını eşidən gənc xanımlardan biri isə onun fikirlərinə kəskin şəkildə müdaxilə etdi. Özünü təqdim edən xanım sorğumuzda iştirak etmək istədiyini söylədi. Hələ tələbə olan Çinarə xanım evliliyin heç də zülm həyatı olmadığını vurğuladı: «Ailə həyatı qurmaq hər bir gəncin arzusudur. Bunu kim zülm adlandırırsa, çox böyük səhvə yol verir. İnsanın mənalı həyat yaşaması evliliklə bağlıdır. Ola bilər kiminsə işi yoxdur, evi yoxdur və digər problemlərə görə evlənmir. Bu o demək deyil ki, evlilik pis şeydir. Ailəli gənclər subaylarla müqayisədə daha qayğıkeş olurlar». Çinarə xanıma «sizcə bu gün gənclərin ən böyük problemi nədir» sualını verdikdə isə qısa cavab eşitdik: «Oğlanların ən yaralı yeri ev problemidir. Minlərlə gənc var ki, yaşı 30-a yaxınlaşıb, amma ailə qurmur. Qızların o qədər də problemi olmur. Qız elədir ki, gəlin köçür. Yəqin artıq şərhə ehtiyac yoxdur».

Problemi necə çözməli?

Sorğumuzda iştirak edənlərin çoxluğunu nəzərə alıb, onların hamısının fikrini sizlərə təqdim edə bilmirik. Keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, bu gün ailə qurmaq istəyən gənclərin önündə sədd kimi mənzil və daha çox işsizlik problemi dayanır. Bəs, bunun çıxış yolu varmı? Gənclərin vaxtında ailə qurması üçün nə etmək lazımdır? Ekspertlər hesab edirlər ki, gənclərin əlverişli şərtlərlə mənzil əldə etməsi üçün şərait yaradılmalıdır və sabit iş yerləri açılmalıdır. Onlar hesab edirlər ki, tikinti şirkətləri şəhərə uzaq olmayan yerlərdə hündürmərtəbəli binalar tikərək bunu ən ucuz qiymətə gənclərin ixtiyarına verməlidirlər. Ekspertlər düşünürlər ki, belə olan halda həm mənzillər satılar, həm də gənclərin ən böyük problemi həll olunmuş olar. İşsizlik probleminin aradan qaldırılması üçün də təkliflər səsləndirilir. Mütəxəssislər bu qənaətdədirlər ki, hər bir kəsi öz ixtisası və müvafiq maaş üzrə işə götürsələr, mövcud problem qısa zaman kəsiyində həll olunar. Yəni fəhlənin işini ali təhsilli şəxs, ali təhsilli şəxsin işini heç bir təhsili olmayan şəxslərə həvalə etməsələr, belə problem də ortaya çıxmaz.

Ailə qurmağa həvəsli olan, lakin yuxarıda sadalanan əngəllərlə üzləşən gənclərə isə məsləhət görərdik ki, ümidlə yaşamasınlar, bir az da hərəkət etsinlər. Çünki işləməyən dişləməz!