BolgeXeber.Com » Analitika » "Banklar müştərinin xəbəri olmadan ona faiz yükləyir"

"Banklar müştərinin xəbəri olmadan ona faiz yükləyir"

4-09-2014, 17:45
Oxunub: 3 683 Virtual pul

Vəsait ödənməsində istifadə edilən, özünəməxsus “elektron pul” sayılan plastik kartlardan istifadə hazırda inkişaf etmiş ölkələrdə çox geniş yayılıb. Çünki bu kartlarla alış-verişin bir sıra üstünlükləri var.

Son iki ildə Azərbaycan bankları müxtəlif adlarla “Albalı kart”, “Bolkart”, “Word kart” müştərilərə təqdim edilib. Plastik kartların mahiyyəti nədir? Azərbaycanda plastik kartlardan istifadə necədir?

Ancaq pul ödəyirsən

Aydan deyir ki, ilk dəfə “Bolkart” alanda işinə yarayacağını düşünüb, lakin istifadə etdikdə səhv düşündüyünü anlayıb: “Bolkart” vasitəsiylə 500 manat pul çəkmişdim. Bu pulun 1 aylıq olduğu haqqında mənə məlumat verilmədi. Hər ay pulu ödəməyimə baxmayaraq, borcumda cuzi azalma hiss olunurdu.

Digər tərəfdən, borcun ayın 10-a kimi ödənməsi lazım olduğu yazılsa da, telefonuma mesaj 9-a kimi gəlir. Üstəlik, gecikmə düşməmiş bankdan telefonuma zəng vurub narahat edirdilər. Ən pis cəhət odur ki, sən demə, mən uzun müddətdir, ancaq faiz ödəyirmişəm. Borcdan pul çıxmırmış, təsəvvür edin, 500 manat yerində qalır, sən ancaq pul ödəyirsən. Daha sonra banka müraciət etdim, bunun normal olduğunu söylədilər. Pulu 1 aylıq çəkdiyim üçün belə olduğunu bildirdilər. Bu səbəbdən artıq kartdan istifadə etmirəm".

Gülnarə İbrahimova isə reklamda Unibankın “Albalıkart” ilə təqdim etdiyini görüb. Şərtə görə, müştəri geyim, parfümeriya, kompüter alır və pulunu hissə-hissə ödəyir: “Tələbə olduğum üçün bu reklam mənim diqqətimi çəkdi və düşündüm ki, istədiyim əşyanı kartla alıb təqaüdlə geri ödəyərəm. Mənə bankda faizin olmadığını desələr də, mağazalardan mal alan zaman ən azı 3% artıq ödəməli oluram.

Kartla bağlı heç bir problemlə üzləşməsəm də, borclarımı ödəyib kartı bağlatdırmaq istəyirəm. Çünki borcumu ödəyirəm, ödədiyim borc yenidən hesabıma yatır. Mən də arxayın oluram ki, kartda pul var, yenə mağazalara gedib nəsə alıram. Banka olan borcumu tam bağlamadığım üçün çıxış yolunu hələ ki kartı anama verməkdə gördüm və ona dedim ki, kartı mənə vermə, yoxsa yenə mağazalara üz tutacam..."

Banklarla əlaqə saxladıq. Bildirdilər ki, kartlar müştərilərə 7 illiyə verilir. Siz kartdan 500 manat çıxarmısınızsa, ilk ayda mütləq 500 manat, növbəti aylarda 25 manatla ödəyə bilərsiz. Mağazalarda müştəri faizlə qarşılaşırsa, bu, mağazanın seçimidir.

Məsələn, bankların müqavilə bağladığı mağaza faiz tələb edir. Bu, onların seçimidir. Müştəri əşyanı alırsa, pos-terminalda qabaqcadan faiz tutulur. Bizim müştərilər kartdan razı olmadıqları zaman kartı blok etdirə bilərlər. İstədikləri zaman aktiv etmək imkanına da malikdirlər.

Virtual pul

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, plastik kartların mahiyyəti ondan ibarətdir ki, ödənişsiz, yəni nağd şəkildə olmayan hesablamalarda istifadə olunur: “Virtual məkanda olan pul ki var, o pul kütləsinin hərəkətini təmin etmək üçün plastik kartlar işə yarayır. Dünya ölkələrində, hətta qonşu Türkiyədə artıq 10 ildən çoxdur vətəndaşlar bu kartlardan istifadə edirlər.

Sonra da vətəndaşlar xərclədikləri pulu 2-3 % artıq şəkildə banka geri ödəyirlər. Azərbaycanda, demək olar ki, 2 milyondan çox vətəndaş plastik kartlardan istifadə edir. Müxtəlif adlarla alış-veriş mərkəzlərində istifadə olunan plastik kartlar var və ölkəmizdə də son 1-2 ildir ki, bu plastik kartlar fəaliyyət göstərməyə başlayıb".

"Başı ağrıyan" tərəf

Ekspert hesab edir ki, Azərbaycanda əksər əhali bu kartların mahiyyətini anlamır və buna görə də bankların fırıldaq imkanları genişlənir: “Plastik kartlar inkişaf etmiş ölkələrdə olduğu kimi, aşağı faizlərlə verilmir. Əksər ölkələrdə kredit kartların aylıq faizi 0,05 faizdir. Azərbaycanda isə bu, iki-üç dəfə çoxdur.

Bundan əlavə, bəzi banklar müştərinin xəbəri olmadan ona faiz yükləyir. Yəni, kartlardan istifadə qaydaları haqda müştəriləri doğru-dürüst məlumatlandırmaqda maraqlı deyillər. Yalnız müsbət tərəflərini danışırlar. Faktiki olaraq əhalinin böyük bir qisminin məlumat və bilik səviyyəsi aşağıdır. Banklar özünə müştəri cəlb etmək üçün bu kartların ay ərzində adamın əlindən necə tutduğunu, nə qədər faydalı olduğunu, hər zaman əl çatan olduğunu öyrədir.

Amma izah etmirlər ki, bu puldan çox istifadə etdiyiniz təqdirdə nə baş verəcək... Qarşısındakı adamın məlumatsız olduğunu görüb, kiçik hərflərlə yazılmış müqavilə kağızlarına, sadəcə, imzalar atırlar. Müştəri heç bilmir hara və niyə imza atır. Nəticədə bir balaca problem yaranan kimi “başı ağrıyan tərəf” müştəri olur".

Mütəxəssis hesab edir ki, ödəmə kartları ilə bağlı vəziyyət getdikcə daha problematik xarakter alır: “Bu kartların mahiyyəti istehlakın artırılmasıdır. Amma əhali bu kartlardan kredit kimi istifadə edir. Ən yaxşı halda sadə vətəndaş alış-veriş zamanı kartla hər şeyi alacağını düşünür. Lakin həmin vəsaitə qənaətlə yanaşmaq lazımdır. Elə bu cür davranışlara görə Azərbaycanda problemli kart sahiblərinin sayı günü-gündən artır”.


teleqraf.com