BolgeXeber.Com » Analitika » Rövşən Lənkəranski haqda şok iddia

Rövşən Lənkəranski haqda şok iddia

16-09-2014, 08:25
Oxunub: 4 747 Məşhur rusiyalı araşdırmaçı “oğru dünyası”nın pərdə arxasında baş verənlərlə bağlı ilginc açıqlamalar verdi

Vladimir Kireyev: “Mirseymurun qətlini Canıyev sifariş vermişdi” “Rusiyanın bəzi bölgələrində kriminal aləm paralel hakimiyyət sayılır” “Hazırda Rövşənin ovuna çıxanlar onun başına 15 milyon dollar qoyublar”. Keçmiş SSRİ məkanında “qanuni oğrular” adlandrılanlar arasında azərbaycanlılar da az deyil. “Lotu Bəxtiyar“ və “Sabirabadlı Hikmətdən” sonra yəqin ki, “Rövşən Lənkəranski” kriminal aləmdə ən tanınan “avtoritet”lərdən biridir. Rusiya mətbuatının yazdığına görə, “qanuni oğru” adlandırılanların xaç atası sayılan, bir müddət əvvəl sui-qəsd nəticəsində öldürülən “Ded Xasan” bir dəfə Rövşən barədə: “Rövşən anadan “qanuni oğru” doğulub” ifadəsini işlədir.

Kimdir Ukrayna və Rusiya hüquq-mühafizə orqanlarının cinayət başında yaxalaya bilmədikləri bu Rövşən Lənkəranski?

Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) - Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlidir. Lənkəran şəhəri, T. İsmayılov küçəsi, ev 26-da anadan olub. İlk dəfə həbsxanaya 1996-cı ildə düşüb. Maraqlıdır ki, Rövşən Canıyevin atası Rafiq Canıyev milis əməkdaşı idi. Dayısı da daxili işlər şöbəsində işləyirdi.

Rövşənin 17 yaşı olarkən atası kriminal aləmdə tanınan bir “avtoritet” - Quliyev tərəfindən qətlə yetirilib. 1996-cı ildə Quliyevin məhkəməsi zamanı müttəhim son sözünü söyləyərkən məhbəsdən buraxılandan sonra Rafiq Canıyevin bütün qohum əqrəbasını məhv edəcəyini bildirir. Bu vaxt Rövşən ayağa qalxaraq cibindən çıxardığı tapança ilə müttəhimə dörd dəfə atəş açır.

21 yaşlı Rövşənin məhkəməsi zamanı prokuror onun əməlini 12 illik həbs cəzası ilə qiymətləndirsə də, hakim müttəhimin cinayət törətdiyi vaxt affekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alaraq, onu cəmi 2 il müddətinə cəzalandırmaq haqqında qərar çıxarır. İki il günə-gün “oturduqdan” sonra azadlığa çıxan Rövşən artıq gələcək həyatının hansı yolla davam edəcəyini qət eləmişdi. O, “qanuni oğru” həyatını seçmişdi.

O, 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Bu dəfə Cinayət Məcəlləsinin 15.94-cü maddəsi (Qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb.

Cəmi 1 il sonra Rövşən yenə də azadlığa çıxır. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilir, amma 2002-ci ildə Rövşən barəsində olan həmin cinayət işi təzələnib. Lənkəranski istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01 iyul 2002-ci il tarixdə axtarış elan olunub.

2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda Elçin Yevlaxskinin qətlə yetirilməsini bəzi rəqibləri Canıyevin üstünə yıxmağa çalışsalar da, cəhdləri baş tutmayıb. 2006-cı ildə Kutaisi klanının Moskvada keçirdiyi “sxodka” iştirakçıları MUR əməkdaşları tərəfindən saxlanılanda Rövşən də Petrovka-38-ə gətirildi. Həmin vaxt Lənkəranski beynəlxalq axtarışda olsa da, saxta sənədlər sayəsində həbsdən yaxa qurtara bildi. Ukrayna MCMİ-nin məlumatına görə, Rövşən Canıyev xəfiyyələr tərəfindən üç dəfə bu ölkədə saxlanılıb.

2008-ci ilin soyuq fevralında Rövşən özəl mehmanxanalardan birində dincələrkən, qapı döyülmədən açılır və otağa beş-altı nəfər girir. Rövşəni milis bölməsinə aparırlar. Elə həmin gün Şevçenko rayon məhkəməsi Canıyevə 40 sutkalıq həbs cəzası kəsir. Rövşənin xilası üçün Ukraynanın ən savadlı vəkilləri işə girişirlər. On gün sonra isə Lənkəranskini Azərbaycana ekstradisiya edirlər.

2010-cu ilin sentyabrın əvvəllərində Rövşənin yaxın tərəfdaşlarından biri - Vaqif Tukanov qətlə yetirilir. Olaydan iki həftə sonra, yəni ayın 16-da Moskvada Aslan Usoyana sui-qəsd təşkil olunur. Hadisədən bir gün əvvəl Ukrayna hüquq-mühafizə orqanları Kiyevdə Rövşəni saxlayaraq KPZ-yə oturtmuşdular. “Praym Kraym”-ın yayımladığı xəbərə görə, Canıyev Moskva - Kiyev qatarından düşərkən perronda əməliyyatçılar tərəfindən “gül-çiçəklə” qarşılanmışdı. 2012-ci ilin iyununda Dubayda dincələn Rövşənə sui-qəsd təşkil olundu. Onu üç bıçaq yarası ilə ağır vəziyyətdə reanimasiyaya çatdırdılar.

Sabirabadlı Hikmət və Masallı Mamedin ölümlərindən sonra, Moskvada bir neçə tanınmış avtoritetin qətli Rövşəni radikal qərarlar qəbul etməyə vadar edirdi. Belə ki, azərbaycanlı “oğruları” hiss olunacaq dərəcədə sıxışdıraraq nüfuz dairələrindən uzaqlaşdırmaq istəyirdilər.

Xatırladaq ki, Rövşənə nüfuzlu azərbaycanlı “qanuni oğru” Mirseymur “tac” qoyub. Sabirabadlı Hikmət, Çingiz Axundovun ölümündən sonra Rövşən azərbaycanlıların Moskvadakı biznesinə nəzarət etməyə başladı. Rövşən azərbaycanlıların çoxluq təşkil etdiyi bazarlarda - məsələn, Çerkizov bazarında Ded Xasanın ağalıq etməsini qəbul etmirdi. Elə bu səbəbdən də Ded Xasan onunla düşmən olmuşdu. Bu zaman Rövşənlə Ded Xasana müxalif olan daha bir “qanuni oğru” Tariyel Oniani (Taro) yaxınlaşdı. Rusiya mətbuatı öz mənbələrinə istinadən yazır ki, Ded Xasanın ölümünün arxasında, çox güman ki, elə Rövşənlə Taro dayanır. Versiyalar çoxdur, Ded Xasanı Rusiya hüquq-mühafizə orqanları da aradan götürə bilərdi ki, “oğrular” bir-biri ilə mübarizə aparsınlar. Amma fakt ondan barətdir ki, bu gün Rövşən Rusiyada kriminal aləmdə Tarodan sonra ilk yerdədir.

Beləliklə, “Bizim Yol” əməkdaşı azərbaycanlı “qanuni oğruların” kriminal aləmdə yeri, xüsusilə, Rövşən Lənkəranski faktoru ətrafında Rusiyanın tanınmış sosioloqu, kriminal aləm barədə əsas araşdırmaçılardan biri sayılan Vladimir Kireyevlə həmsöhbət olub.

- Vladimir, Rusiya kriminal aləmində nələr baş verir? "Qanuni oğrular" yenə də əvvəlki kimi təsirə sahibdir?

- Rusiyanın müxtəlif bölgələrində "qanuni oğruların", kriminal aləmin təsiri müxtəlifdir. Elə bölgə var ki, onlar hakimiyyətə paralel hakimiyyət sayılırlar, elə bölgə də var ki, "oğru"ların təsiri olduqca minimaldır. Ümumi tendensiya isə belədir: 90-cı illərin əvvəlində güclənən, müstəqillik xaosu mühitində hakim olan kriminal aləm bu gün o qədər də güclü deyil. Rusiyada yeni hakimiyyətin mövqeyi belədir - onlar hakimiyyət məsələsində konkurensiyanın mövcudluğunu qəbul etmirlər. Bu da təbiidir.

Amma Rusiyanın müxtəlif bölgələrində bir-iki situasiyaya təsir edən kriminal qruplar var ki, onlar da ümumi "mərkəzə" bağlıdırlar. 90-cı illərin kriminal mühitindən çıxan, artıq leqallaşan insanlar isə öz imkanlarını indi kriminal aləmdən daha çox siyasi hakimiyyətə yönəldirlər. İndi onlar Rusiya kriminal sisteminin deyil, leqal siyasi sistemin tərkib hissəsidirlər.
Bir sıra kriminal "avtoritet"lər Moskvada külli miqdarda dəyəri olan obyektlərə sahibdirlər, amma bütün Rusiya miqyasında götürəndə, bu, o qədər də çox deyil. Hakimiyyətdə olan elita kriminal aləmə nəzarət eləmir, amma siyasi elitanın bu aləmə nüfuzu burada baş verənlərə təsir etmək üçün olduqca yüksəkdir. Götürək elə Aslan Usoyanı (Ded Xasan) - indi o da Rusiyanın ilk prezidenti Boris Yeltsin kimi ölkənin bir tarixidir. Yenidənqurma, SSRİ-nin dağılması və digər qlobal problemlər kimi, Ded Xasan da gələcək tədqiqatlar üçün mövzu olacaq.

- Son zamanlar, xüsusən də, "Ded Xasan" ləqəbli kriminal avtoritetin ölümündən sonra kriminal aləmdə Rövşən Lənkəranski adı gündəmə gəlib. Uzun müddətdir ki, "oğru" aləmi barədə tədqiqatlar aparırsınız. Rusiya kriminal aləmi üçün Rövşən Lənkəranski adı nə deməkdir?

- Bir az düzəliş edim. Rövşən Lənkəranski adı kriminal aləmdə heç də "Ded Xasan"ın ölümündən sonra meydana çıxmayıb. 2000-ci ildə Rövşən Bakının mərkəzində günün günorta çağı tapançadan Kəramət Məmmədov adlı kriminal "avtoritet"i yaralayır. Hadisə yerindən qaçmağa cəhd edərkən tutulub və möhkəm döyülüb. Kəllə-beyin travması alan Rövşən psixi xəstəlikdən əziyyət çəkməyə başladı. İlk dəfə onun adı kriminal aləmdə məhz belə tanındı.

- Demək istəyirsiniz ki, Rövşəni "qanuni oğru" kürsüsünə xəstəlik çıxardı?

- Çıxarmasa da, kömək etdi. Psixi xəstəlik deyəndə pis başa düşməyin. Bu zədə nəticəsində Rövşən nüfuzlu adlar qarşısında qorxu hissini itirdi. Mən eşitmişəm ki, onun Rusiyaya köçməsinin bir səbəbi də qohumlarının onu burada müalicə etmək istəyi idi. Amma bunun əvəzində Rövşən "qanuni oğru"ya çevrildi. 2002-ci ildə o, Rusiya vətəndaşlığı aldı. Az bir zamanda nəinki Rusiyada və Ukraynada, hətta Avropa ölkələrində belə kriminal aləmdə tanındı.

- Açıq mənbələrdə bildirilir ki, Rövşənə "oğru" adını nüfuzlu "qanuni oğru" Mirseymur verib. Onun Rusiya kriminal dünyasında bu qədər hörməti vardı?

- Bəli, Rövşənə oğru adını Mirseymur verib. O, Moskvada bir çox bazarlara nəzarət edirdi. 2003-cü ildə Mirseymur Şelkovskoye şossesində yerləşən "Peşera" kafesində öldürüldü. Mən bu günə qədər əminəm ki, onu məhz Rövşən sifariş etmişdi.

- Sənə "oğru" adını verənin qətlini sifariş etmək? Axı bildiyimə görə, "oğru aləmində" bu qəbuledilən deyil...

- Söhbətimizin əvvəlində nədən danışırdıq?

- Rövşənin xəstəliyindən...

- Tamamilə doğrudur. O, anlaqlı vəziyyətdə deyil. Hər şey çox sadədir, diqqət yetirin: Rusiyaya narkotik dövriyyəsinə, Moskvanın bütün tərəvəz bazalarına, Çerkizov bazarına nəzarət edən Hikmət Muxtarovun və Çingiz Axundovun müəmmalı ölümündən, nüfuzlu "qanuni oğrular" Baxış Əliyev və Vaqif Lənkəranskinin həbsindən sonra, Rövşən bir çox azərbaycanlıların Moskvadakı bütün biznesinə nəzarət etməyə başladı. Bu qədər təsadüf ola bilərmi? Məncə, yox.

- Belə çıxır ki, Rövşən "Ded Xasan"ın qətlini də sifariş verə bilərdi?

- Bax, buna inanmıram.

- Niyə?

- Məndə olan məlumata görə, Rövşən o zaman başqa problemlərin həlli ilə məşğul idi. Bəzi mənbələr qeyd edir ki, onun vətənində hüquq-mühafizə orqanları ilə problemləri vardı və ümumiyyətlə, "Ded Xasan" öldürüləndə Lənkəranski Azərbaycanda olub. Məncə, onu sadəcə olaraq, "podstavit" ediblər. "Ded Xasan"ın öldürüləcəyi barədə söhbətlər çoxdan gəzirdi. Onu elə mənsub olduğu yezidi-kürdləri sifariş edə bilərdilər.

- Nə məqsədlə?

- Məqsəd Rövşənin aradan götürülməsi idi. Çoxları başa düşürdü ki, yaşlı "Ded Xasan"dan sonra kriminal aləminin kralı məhz Rövşən ola bilər.

- Rövşən kral ola bilmədi?

- Bilmədi. Daha doğrusu, imkan vermədilər. İndi onun başına 15 milyon dollar qiymət qoyublar. Maraqlıdır ki, onun öldürülməsinə daha çox marağı yezidi kürdlərin kriminal dəstələri göstərir. Amma onun Azərbaycanlı kriminallar tərəfindən öldürüldüyünü eşitsəm, təəccüblənmərəm.

- Özününkülər tərəfdən...?

- Bəli. Son zamanlar məşhur azərbaycanlı "qanuni oğru"nun (adını məlum mülahizələrə görə çəkmirik - red.) klanından olan insanlar Rövşənin ovuna çıxıblar. Rövşən Rusiya mətbuatında adı kifayət qədər çox çəkilən fiqurdur. Hesab edirəm ki, bu da təsadüfi deyil.

- Bəs indi Rövşən hardadır və nə işlə məşğuldur?

- Açıq mənbələrdən aldığım məlumatlara görə, Rövşən indi Birləşmiş Ərəb Əmirliyindədir. Amma onu da eşitmişəm ki, Əmirlik rəhbərliyi ondan yaxın zamanlarda Dubayı tərk etməsini xahiş edib.

bizimyol.info