BolgeXeber.Com » Analitika » "İlk İnşaat" tikinti şirkəti fəhlənin qanını batırır?

"İlk İnşaat" tikinti şirkəti fəhlənin qanını batırır?

18-09-2014, 12:20
Oxunub: 3 821 Bir neçə gün öncə baş vermiş ölüm hadisəsinin üstü ört-basdır edilir

Dəmir konstruksiyanın altında qalan ağdamlı məcburi köçkün faciəvi şəkildə dünyasını dəyişib.Son vaxtlar istehsalatda baş verən bədbəxt hadisələrin sayı xeyli artıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) məlumatına görə, işə götürən tərəfindən əmək qanunvericiliyinə əməl olunması ilə bağlı 5500 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Bu müəssisələrdən 1017-si dövlət, 4483-ü isə özəl müəssisələr olub. Qeyd edək ki, istehsalatda təhlükəsizlik qaydalarına əməl edilməməsi faktı aşkar olunduğu təqdirdə işə götürən müvafiq qaydada cərimə edilir və bu cərimə maksimum 3000 manatadəkdir. Fəhlə ölümləri daha çox tikinti sektorunda qeydə alınır. Belə ki, tikinti şirkətlərinin bir çoxunda təhlükəsizlik tədbirlərinin istənilən səviyyədə olmaması səbəbindən bədbəxt hadisələr qaçılmaz olur.

Ekspertlərin fikrincə, işə götürənlə fəhlə arasında imzalan əmək müqaviləsinə uyğun olaraq işçinin təhlükəsizliyi tam şəkildə təmin edilməlidir: "Bunların hamısı Əmək Məcəlləsində öz əksini tapır. Baş verə biləcək hər hansı bədbəxt hadisəyə görə işə götürənlər məsuliyyət daşıyır. Eyni halda işçilər də təhlükəsizlik qaydalarına əməl edəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Müvafiq təlimatlarla təlimatlandırılan işçi sənədə imza atır. Digər tərəfdən işə götürənlər işçini lazımi olan bütün avadanlıq və təhlükəsizlik vasitələri ilə təmin etməlidir". Təəssüf ki, tikinti şirkətlərinin yetərli hissəsində fəhlələrin təhlükəsizliyinə o qədər də önəm verilmir. İş adamları öz maraqlarını hər şeydən üstün tutaraq fəhlələri necə gəldi işlədir. Ki, bu da əksər hallarda bədbəxt hadisələrin qeydə alınmasına gətirib çıxarır. Artıq bir müddətdir ki, ölkəmizin tikinti sektorunda özünə yer etmiş Türkiyənin "İlk İnşaat" şirkətində də bəzi qanunsuzluqlar mövcuddur. Bu barədə redaksiyamızı məlumatlandıran şəxsin sözlərinə görə, indiyədək Azərbaycanda maliyyə dəyəri çox yüksək olan bir sıra layihələri həyata keçirmiş şirkətdə acınacaqlı durum yaşanmaqdadır. Belə ki, burda çalışan fəhlələrin bir çoxunun həyatı təhlükə altındadır: "Adıçəkilən şirkətin ölkəmizdə həyata keçirdiyi ən böyük layihələrdən biri "Port Baku Rezidens"dir. 2010-2012-ci illərdə tikilib başa çatan layihədən şirkət rəhbərliyi külli miqdarda xeyir əldə edib. Şirkətdə işləyən azərbaycanlı usta və fəhlələrə az maaş verilir. Əcnəbi işçilərin aylıq məvacibi isə qat-qat çoxdur. Bir neçə gün əvvəl "İlk İnşaat"ın Heydər Əliyev Mərkəzinin yaxınlığında həyata keçirdiyi tikinti işləri zamanı bədbəxt hadisə qeydə alınıb. Əslən Ağdam rayonundan olan fəhlənin üstünə dəmir konstruksiya aşıb və o hadisə yerindəcə dünyasını dəyişib. Amma aidiyyəti hüquq-mühafizə orqanlarının bundan xəbəri olmayıb. Belə ki, şirkətin nümayəndələri fəhlənin qanını batıraraq cinayət faktının üstünü gizli saxlayıbar. Və onun ailəsinə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Əslində, isə fəhlənin ölümünə səbəb təhlükəsizlik qaydalarına riayət edilməməsi olub. "İlk İnşaat"da işləyən fəhlələrin həyatı hər dəqiqə təhlükə altındadır. Buna baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, habelə digər səlahiyyətli qurumların rəsmiləri sözügedən şirkətin fəaliyyətinə nəzarət etmir. Burda çalışan fəhlələrin çoxu rayonlardan paytaxta çörəkpulu dalınca gələn şəxslərdir. Nə yazıq ki, kimlərinsə maddi maraqları onların həyatla erkən vidalaşmasına səbəb olur". Məlumatda o da deyilir ki, türk şirkətində təşkilati, texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur: "Məhz bu səbəbə görə tez-tez bədbəxt hadisələr qeydə alınır. Deyilənə görə, şirkət hazırda gördüyü tikinti layihəsi üçün texniki attestasiyadan keçməyib. Fəhlələr işə qəbul edilərkən təlimatlandırılmır, zəruri tibbi yoxlanışdan keçirilmirlər. Digər tərəfdən, onlara xüsusi geyim vasitələri verilmir. Qanunları göz görə-görə pozan türk şirkətinin rəhbərliyi layiqli şəkildə cəzalandırılmasa, insan tələfatı arta bilər". Məsələni araşdırmaq üçün "İlk İnşaat"la əlaqə saxladıq. Zəngimizə cavab verən xanım şirkət rəhbərinin Türkiyədə olduğunu və mətbuatla bağlı olan məsələlərə Namiq müəllimin məsul olduğunu dedi. Namiq müəllimlə isə əlaqə yarada bilmədik. İstənilən halda, hansı müəssisə qanun pozuntularına şərait yaradırsa, onun barəsində mütləq cəza tədbirləri görülməlidir. Odur ki, əlaqədar dövlət qurumları tezliklə "İlk İnşaat"da yoxlamalara başlamalı və fəhlənin qanının batırılmasına imkan verməməlidir.gundelik-baku

Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.