BolgeXeber.Com » Analitika » Milli kinomuza ayrılan milyonlar hara sərf olunur?

Milli kinomuza ayrılan milyonlar hara sərf olunur?

19-09-2014, 11:05
Oxunub: 4 353 Son illər hərbi vətənpərvərlik mövzusunda filmlər çəkilmir

Müasir dövrdə kino ən təsirli təbliğat vasitələrindən biridir. Xüsusən hərbi vətənpərvərlik mövzusunda çəkilən filmlər ssenari xəttindən, süjetindən asılı olaraq, dünyanın əksər ölkələrində geniş yayılaraq populyarlıq qazanır. Bu baxımdan Qarabağ boyda dərdi olan ölkəmiz barəsində həqiqətlər yalnız mətbuat, kütləvi informasiya vasitələri ilə yox, həm də kinoyla yayılmalı, təbliğ edilməlidir.

Milliyyətcə yəhudi, jurnalist Pyotr Lyukimsonun bu günlərdə Qarabağ həqiqətlərini əks etdirən faktları açıqlaması bu mövzunun hər an aktual olduğunu ortaya qoydu: "Qışın sonunda "mövcud olmayan" erməni ordusu Qarabağ və ətraf rayonlara hücuma keçdi. Xocalının yüzlərlə sakininin başı kəsildi, gözləri çıxarıldı. Qadınların sinələri kəsilərək qənimət götürüldü. Sağ qalmış şahidlər danışırdı ki, dördyaşlı azərbaycanlı qızı anasının gözü önündə zorlandı. Onun anasını və bacılarını güllələdilər. Ardınca qaliblər cəsədi təhqir etmək üçün növbəyə düzüldü. Heç kəs Xocalı faciəsini açmağa çalışmadı. Sadəcə, quş hündürlüyündən jurnalistlər cəsədləri, yandırılmış şəhəri çəkə bildi. Ermənilər tələsik car çəkdilər ki, bütün bunlar iki tərəfin müharibəsi zamanı baş verib. Tezliklə Xocalı faciəsi Azərbaycanın digər rayonlarında da təkrarlandı".

1989-1992-ci illərdə Ermənistan bəyan etdi ki, Azərbaycan torpaqlarına iddialı deyil və Qarabağda insan hüquqlarının müdafiəsinə çalışır. Bütün bunlar "dünya ictimai rəyi" ilə qəbul edildi və təcavüzkar Ermənistan insan hüquqlarının qorunması uğrunda mübarizə aparan ölkəyə çevrildi. Dağlıq Qarabağda referendum keçirildi və qondarma olan, amma özlərini ayrıca respublika elan edən "Dağlıq Qarabağ Respublikası" meydana gəldi.

Lakin təəssüf ki, torpaqları 20 ildir işğal altında olan respublikamızla bağlı həqiqətlər kino vasitəsilə, filmlərin çəkilişləri ilə kifayət qədər təbliğ edilmir. Əfsuslar olsun ki, indiki filmlərimizin keyfiyyəti hələ sovet dövrünün filmləri ilə müqayisədə çox aşağıdır. Kinorejissor Şeyx Əbdül deyir ki, kinoda bəzən hadisələrin gedişatına proqnoz vermək olmur, hər şey nəzarətdən çıxır. Şeyxin təbirincə desək, belə "ÇP"lərdən sığortalanmaq müşkül məsələdir: "Bizim kino tarixində çəkilişi faciə ilə bitən bir film olub. "Mən ki, gözəl deyildim" filminin çəkilişində mən ikinci rejissor, Rasim Ocaqov operator idi. Çəkilişlər Lənkəranda gedirdi. Filmdə Dneprin alınması səhnəsi lentə alınanda, çaya iki qayıq buraxıldı. Birində aktyorlar idi, digərində çəkilişin texniki heyəti. Partlayış səhnəsində zabitin səhlənkarlığındanmı, yoxsa ehtiyatsızlığındanmı deyim, bilmirəm, partlayış baş verdi. Faciə çox böyük idi, o hadisənin təsirindən uzun müddət çıxa bilmədik. Çox istedadlı cavan rejissorumuzu - Ramiz Əliyevi, Arif adlı operatoru və iki əlavə kino işçisini itirdik. Bizə döyüş səhnələrində kömək edən rus əsilli polkovnikin ayaqlarını kəsdilər. Ümumən dörd nəfər xəsarət aldı. Rasim Ocaqov operator kimi filmdən imtina etdi, sonradan başqa tərkib cəlb olundu və filmi rəhmətlik Tofiq Tağızadə başa çatdırdı".

Görün, sovet imperiyası dövründəki filmlər senzura şəraitində necə çətinliklərlə çəkilib! Halbuki yaradıcılıq üçün imkanların, habelə qəhrəmanlıq mövzularının mövcudluğu şəraitində ölkəmizdə Qarabağla bağlı filmlər çəkilmir. Hərbi-vətənpərvərlik mövzularının ekranlaşdırılmasının davam etdirilməməsi, Qarabağ həqiqətlərini dünyaya tanıtdıran, çatdıran bədii, sənədli filmlərin azlığı hər il milyonlarla manat dövlət vəsaitinin ayrıldığı müasir Azərbaycan kinosunun çatışmayan cəhətləridir. Ermənilər cəbhədə bizə qarşı total müharibə aparan vaxtlar - 90-cı illərin əvvəllərində biz "Bəxt üzüyü", "Təhminə" filmlərini çəkirdik. Yüngül həyat tərzi keçirən, ərindən boşanıb bir neçə kişinin sevgilisinə çevrilən Təhminə adlı qadının həyatını ekranlaşdırırdıq. Halbuki ermənilər artıq təbliğatlarını aparırdılar. Yaxşı ki, o vaxtlar rəhmətlik Ceyhun Mirzəyevin baş rolda çəkildiyi alayarımçıq "Fəryad" filmini çəkə bildik. Özü də yanlışlıqlarla. Fikir vermisinizsə, filmdə əsas qərbi Azərbaycan torpaqlarında əsirlikdə saxlanan qəhrəmanın - İsmayılın dilindən belə bir ifadə səsləndirilir: "Allah heç kimə düşmən evində yaşamağı nəsib eləməsin". Sual olunur: - Qərbi Azərbaycan, indiki Ermənistan nə vaxt düşmən evi olub? İsmayılın əsir saxlanıldığı torpaqlar bizim ata-baba yurdumuz deyilmi? Elə isə niyə "düşmən evi?" Qeyd edək ki, "Fəryad" filminin hazırlıq prosesi müharibənin ən qızğın vaxtlarına - 1992-ci ilin sonlarına təsadüf edir, çəkilişlər isə 1993-cü ilin yanvar ayında başlayıb. Filmdə "Ögey ana"dakı İsmayılla "Fəryad" filmindəki İsmayıl eyni bir xarakterdə birləşdirilib. Filmin ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Cavanşir Quliyevdir.

Quruluşçu operator Kənan Məmmədov filmin çəkilişlərini belə xatırlayır: "Bu günə qədər Qarabağ savaşı haqqında bir çox filmlər çəkilib. Lakin hesab edirəm ki, "Fəryad" filmindən yaxşısı yoxdur. 21 il keçməsinə baxmayaraq, "Fəryad" filmi bu gün də maraqla baxılır. Çünki orada insan taleyindən söhbət gedir, mövzu şəxsiyyət üstündə qurulub. Orada Qarabağ dərdini ürəyinə həkk edən Ceyhun Mirzəyev var. Buna görə film mənim üçün çox əzizdir. Baxmayaraq ki, filmi izləyəndə peşəkar operator kimi bu gün onu başqa cür görürəm, çünki o vaxt indiki texnika yox idi. Sadəcə, o zaman bütün çətinliklərə baxmayaraq, film çəkilməli idi".

Kənan Məmmədovun sözlərinə görə, filmin çəkilişləri zamanı aktyorun səhhətindəki problemlər daha da ağırlaşmışdı: "Ceyhun Mirzəyevin ürəyi xəstə idi, qan təzyiqi tez-tez oynayırdı. Təklif etdim ki, döyülmə səhnələrində onu kaskadyor əvəz etsin. O isə qəti şəkildə imtina etdi. Bildirdi ki, "bütün səhnələrdə özüm çəkiləcəm. Özü də həqiqətən döyün məni ki, təbii alınsın". Beləliklə, ona İtaliyada istehsal olunmuş bronejileti, üstündən də öz geyimini geyindirdik, "erməni" bunu şil-küt elədi. Amma bronejileti soyunanda bədənində izləri əməlli-başlı qalırdı".

Açığı, Ceyhun Mirzəyev kimi istedadlı aktyorun rol aldığı film ermənilərin bizə qarşı vəhşiliklərini əks etdirən yeganə normal ekran əsəridir. Yaxşı ki, quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyev 1992-1993-cü illərdə belə bir filmi ərsəyə gətirdi. Amma indi sual olunur: - onlarla erməni faşistini məhv edən Əliyar Əliyev, Yusif Mirzəyev, Mübariz İbrahimov, habelə digər Milli Qəhrəmanlarımızın şərəfli həyatı niyə ekranlaşdırılmır? Ermənilərin Qarabağda xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqında niyə filmlər çəkilmir? Azərbaycan kinosunun inkişafına ayrılan milyonlarla manat dövlət vəsaiti hara, hansı məqsədlərə, kimin üçün xərclənir? Sovet senzurasının mövcudluğu, kino senzorlarının qayçıları altında İkinci Dünya Müharibəsinə aid "Uzaq sahillərdə", "Mən ki, gözəl deyildim", "Tütək səsi" kimi "Şərikli çörək", "Bizim Cəbiş müəllim" kimi filmlər ərsəyə gəldi. Belə isə yaradıcılıq imkanlarının və azadlığının mövcud olduğu belə bir vaxtda, heç bir senzorun rejissorların işinə müdaxilə etmədiyi dövrdə niyə Qarabağ və ümumiyyətlə, hərbi vətənpərvərlik mövzularında filmlər çəkilmir? Xülasə, milli kinomuza ayrılan milyonlar hara sərf olunur?



Anar Tağıyev