BolgeXeber.Com » Analitika » İlham Mirzəyev dələduzluq əməllərini boynuna alıb...

İlham Mirzəyev dələduzluq əməllərini boynuna alıb...

29-09-2014, 08:35
Oxunub: 3 713 Mühakiməsi davam edən teleaparıcının saxlanılması necə həyata keçirilib...

Sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində “Space” telekanalının “Etiraf” verilişinin aparıcısı, dələduzluq ittihamı ilə həbs olunan İlham Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir.

Redaksiyamıza işdə adı zərərçəkən kimi keçən şəxslərdən biri olan Aynur Əhmədovanın məktubu və iş üzrə tərtib olunan ittiham aktı daxil olub. A.Əhmədova məktubunda İ.Mirzəyevin vergi cinayətlərinin araşdırılmamış qaldığını, talama cinayəti üzrə ona ittiham elan edilmədiyini qeyd edib. O, teleaparıcının məhkəmə qarşısına xırda maddələrlə çıxarılmasına diqqət çəkərək bildirir ki, işə baxan hakimlə İlham Mirzəyevin çox yaxşı münasibətləri var və buna qədər də bu hakim teleaparıcının iddiası əsasında qəzetlərə qarşı qərar qəbul edib. Zərərçəkənin redaksiyamıza təqdim etdiyi ittiham aktında yer alan epizodları oxuduqca teleaparıcının qəbuluna gedən və əli hər yerdən üzülmüş, övlad həsrətində olan insanların pullarını necə mənimsəməsi, sadəcə, ikrah doğurur...
Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təsdiqlədiyi ittiham aktından seçmələri təqdim edirik:


İlham Mirzəyevin həbsində iştirak edən əməliyyatçı nə deyib?

Cinayət işi üzrə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kərim Əlimərdanov ifadəsində göstərib ki, 10 aprel 2014-cü il tarixdə A.Əhmədova BMCMİ-nə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzində psixoloq işləyən İlham Mirzəyevin qəbulunda olarkən, İlham Mirzəyevin ona xoşuna gələn oğlanla münasibətlərində şirinlik yaradacağına, onları bir-birilərinə qovuşduracağına, nəticədə, evlənəcəklərinə söz verdiyini və bu işin həlli üçün ondan 3 min avro pul istədiyini bildirib. O, 9 aprel 2014-cü il tarixdə bu məqsədlə həmin tibb mərkəzinə gedərək İlham Mirzəyevə 1600 avro pul və iki ədəd fotoşəkillərini verdiyini, İlham Mirzəyevin 3 min avro pulu sabahı gün, yəni 10 aprel 2014-cü il tarixdə çatdırılmasını söylədiyini, lakin sonradan İlham Mirzəyevin onu yalandan aldadaraq pulunu ələ keçirməsini başa düşdüyünü bildirib və İlham Mirzəyev barəsində qanuni tədbir görülməsini xahiş edib. Həmin tarixdə əməliyyatçı vətəndaşın müraciətinə əsasən məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı raportla BMCMİ-nin rəisinə məruzə edib və rəhbərlik tərəfindən əməliyyatın keçirilməsinə dair qərar qəbul olunub.

“İlhaMed” tibb mərkəzinin direktoru İ.Mirzəyevin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə ərizəçi A.Əhmədova tərəfindən ona verilməsi üçün hal şahidlərinin iştirakı ilə A.Əhmədovanın şəxsi vəsaitindən olan 14 ədəd 100-lük avro pul əsginazları seriya və nömrələri yazılmaqla və kserosurətləri çıxardaraq A.Əhmədovaya verib. Ərizəçiyə əməliyyat-axtarış tədbirinin planına uyğun necə hərəkət edəcəyi izah olunub, bundan sonra həmin gün, yəni 10 aprel 2014-cü il tarixdə saat 15:30-da əməliyyat qrupunun üzvləri, dəvət olunmuş hal şahidləri və ərizəçi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzinin qarşısına gəliblər. Əməliyyat planına uyğun olaraq A.Əhmədova “İlhaMed” tibb mərkəzinə daxil olub, girişlə üzbəüz yerləşən İlham Mirzəyevin otağına keçiblər. Ərizəçi A.Əhmədovanın deməsinə görə, İ.Mirzəyev ondan qalan 1400 avro pulu həmin gün çatdırılmasını istəyibmiş. Təxminən 8-10 dəqiqə sonra A.Əhmədova İ.Mirzəyevin otağından bayıra çıxıb və kənardan dayanıb müşahidə aparan əməliyyat qrupunun üzvlərinə artıq əvvəlcədən seriya və nömrələri yazılmaqla əməliyyat tədbirində istifadə edilməsi məqsədilə ona təqdim olunmuş pulları İ.Mirzəyevə verməsini şərti işarə ilə xəbər verib.

Bundan sonra əməliyyat qrupunun üzvləri dəvət olunmuş hal şahidlərinin və ərizəçi A.Əhmədovanın iştirakı ilə İ.Mirzəyevin iş otağına daxil olublar. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərib özlərini təqdim ediblər və İlham Mirzəyevi əməliyyat-axtarış tədbirinin keçirilməsi haqda qərarla tanış ediblər.

Sonra İ.Mirzəyevə vətəndaş A.Əhmədovanın onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsi əsasında əməliyyat tədbirinin keçirilməsi barədə məlumat verilib və ondan A.Əhmədova ona müraciət edib-etmədiyini, bu vətəndaşlardan hansısa məbləğdə pul alıb-almadığını şifahi soruşublar. Və ona təklif ediblər ki, əgər A.Əhmədovanın ona hansısa məbləğdə pul vəsaiti veribsə, həmin pulları təqdim etsin. İlham Mirzəyev əməliyyat-axtarış tədbirinin keçirilməsi haqda qərarla tanış olub təkliflərini dinlədikdən sonra bildirib ki, bəli, həqiqətən də, A.Əhmədovanı tanıyır, bu xanım əvvəllər 2-3 dəfə “İlhaMed” tibb mərkəzinə gəlib və A.Əhmədova şəxsən onun özünə psixoloji yardım üçün müraciət edib. İlham Mirzəyev bildirib ki, əvvəlki dəfələrdə A.Əhmədova onun qəbulunda olarkən göstərdiyi psixoloji yardıma görə hər dəfə direktoru olduğu tibb mərkəzinə 50 manat pul ödəmiş, həmin gün də, növbəti dəfə qəbuluna gəlmiş və bir qədər əvvəl iş otağında A.Əhmədova gələcəkdə göstərəcəyi psixoloji yardım xidmətinə görə ona 1400 avro pul verib. Təkliflərinə əsasən İlham Mirzəyev iş otağında əyləşdiyi stolun sağ tərəfindəki dördgözlü siyirtmə şkafın yuxarıdan ikinci gözünü açaraq oradan 14 ədəd 100-lük avro pul əskinazlarından ibarət cəmi 1400 avro məbləğində pulları təqdim edib və bildirib ki, bu pullar bir qədər əvvəl A.Əhmədovanın ona verdiyi pullardır.

Əməliyyat-axtarış tədbirinin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi başa çatdıqdan sonra araşdırma zərurəti ilə bağlı cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin və iş üçün əhəmiyyətli digər halların müəyyən edilməsi məqsədilə hadisə yerinin mühafizəsinin təmin edilməsi üçün tibb mərkəzinin direktoru İlham Mirzəyevin iş otağının qapısı kilidlə bağlanıb və möhürlənib. Sonra İlham Mirzəyev araşdırma zərurəti ilə əlaqədar izahat verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. İlham Mirzəyev yazdığı izahatında göstərib ki, həqiqətən də bir gün əvvəl Əhmədova ona 1600 avro pul və özünün və yaxın münasibətdə olduğu şəxsin fotoşəkillərini verib. İlham Mirzəyev iki ədəd fotoşəkilləri və 1600 avro pulları təqdim edə biləcəyini izahatda göstərib.

Bundan sonra hal şahidlərinin iştirakı ilə İlham Mirzəyev 2 ədəd 500-lük, 4 ədəd 100-lük və 5 ədəd 50-lik avro pul əsginazlarından ibarət cəmi 1600 avro pulları və ərizəçi A.Əhmədovanın və bir nəfər kişi cinsinə mənsub şəxsin iki ədəd rəngli fotoşəkillərini təqdim edərək bildirib ki, həmin pulları və iki ədəd rəngli fotoşəkilləri A.Əhmədova bir gün əvvəl, yəni 9 aprel 2014-cü il tarixdə sevdiyi oğlanla şirin münasibətlərini düzəltməsi üçün ona verib. Sonda İham Mirzəyevin təqdim etdiyi 1600 avro pullar və iki ədəd rəngli fotoşəkillər ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb möhürlənərək götürülüb. Bu barədə protokol tərtib olunub, protokol iştirakçılara ucadan oxunub, heç bir şikayət, təklif daxil olmamış və iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq ediblər. Cinayət işi üzrə şahid qismində dindirilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Camalov Rövşən Məhərrəm oğlu və Səfərov Emil Nizami oğlu, şahid K.H.Əlimərdanov da eyni məzmunlu ifadə veriblər.

Bununla da İ.Mirzəyev haqda ittiham aktından epizodların dərcini yekunlaşdırırıq. İş üzrə məhkəmə prosesindən reportajlarımız olacaq.
musavat.com