BolgeXeber.Com » Analitika » Bakı Biznes və Kooperasiya Kollecində acınacaqlı vəziyyət

Bakı Biznes və Kooperasiya Kollecində acınacaqlı vəziyyət

1-10-2014, 02:10
Oxunub: 8 643 Direktor Fatimə Quliyevanın qanunsuz hərəkətləri müəllimləri və tələbələri təngə gətirib

Nə qədər ürəkağrıdıcı da olsa etiraf etmək lazımdır ki, bu gün orta ixtisas təhsili müəssisələrinin bir çoxunda təhsilin keyfiyyəti istənilən səviyyədə deyil. Sabiq nazir Misir Mərdanovun dövründə yaranan bəzi problemlər hələ də mövcudluğunu qoruyub saxlayır. Əlbəttə, Mikayıl Cabbarov nazir təyin ediləndən sonra təhsil sahəsində olduqca əhəmiyyətli islahatlar həyata keçirib. Amma bütün bunlara baxmayaraq, orta ixtisas təhsili müəssisələrində vəziyyət düzəlmir ki, düzəlmir. Qeyd edək ki, müxtəlif özbaşınalıqların və qanunsuzluqların qeydə alındığı təhsil ocaqlarından biri də Bakı Biznes və Kooperasiya Kollecidir.

Nazirlər Kabinetinin 21.01.2002-ci il və "Azərittifaq"ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində 40-dan çox sinif otağı, 25 fənn kabineti, kimya laboratoriyasi, kompyuter otağı və tələbə yeməkxanası var. 1500-dən çox tələbənin oxuduğu kollecdə son illər təhsilin səviyyəsi xeyli aşağı düşüb. Əldə etdiyimiz məlumatlarda deyilir ki, bunun əsas səbəbkarı direktor Fatimə Quliyevadır: "Ölkəmizin köklü təhsil ocaqlarından hesab edilən Bakı Biznes və Kooperasiya Kolleci son üç ildə cəmiyyətə savadlı kadrlar təqdim etməyib. Çünki Fatimə xanım 2001-ci ildən, yəni kollecə direktor təyin olunan gündən buranı öz bildiyi formada idarə edir. Sentyabrın 19-da onun direktor vəzifəsinə qoyulmasının üç ili tamam oldu. Amma xanım direktor bu müddət ərzində kollecdə təhsilin səviyyəsinin artırılmasından ötrü tutarlı addımlar atmayıb. İstər müəllimlər, istərsə də tələbələr direktorun səbəb olduğu qeyri-qanuni işlərin əlindən təngə gəliblər. Kollecə bu il daxil olan tələbələr dərs ilinin sevincini istədikləri şəkildə yaşaya bilməyiblər. Belə ki, şöbə müdirləri tədris ili başlayan kimi 1-ci kurs tələbələrinin qanını qaraldıblar. Qış imtahan sessiyasına hələ 4 ay müddət qalsa da, şöbə müdirləri dolayı yollarla həmin tələbələrə imtahanlara ciddi hazırlaşmağı tapşırıb. Yəni tələbələr o vaxta kimi özlərini toparlayıb imtahanlarda ən yüksək səviyyədə iştirak etməlidirlər. Yoxsa onların imtahanlardan keçməyi qəlizləşə bilər. Ümumiyyətlə, Fatimə Quliyeva üç illik fəaliyyəti ərzində savadı hesabına imtahandan keçmək istəyən tələbələrə şərait yaratmayıb. Bunu görən tələbələr isə ruhdan düşürlər və dərsə həvəs göstərmirlər. Belə olan təqdirdə kollecdə həm tədris prosesi zəifləyir, həm də tələbələr dərsə intizamla yanaşmırlar. Dərslər iki həftədən çoxdur başlayıb. Amma kollecin yuxarı kursunda oxuyan tələbələrin günü bufetdə, ya da kollecin yaxınlığındakı çayxanalarda keçir. Direktor buna inanmırsa, dərs vaxtı gedib həmin çayxanaları yoxlaya bilər. Kollecin oğlan tələbələrinin əksəriyyəti orda olur. İnformatika müəllimliyi, mühasibat uçotu, maliyyə işi, vergi və vergitutma, gömrük işi, marketinq, bələdiyyə təsərrüfatının təşkili, kommersiya, kompyuter şəbəkələrinin hesablama texnikasının təmiri və servis xidməti, əmtəəşünaslıq və istehsal mallarının ekspertizası, mehmanxana-turist və sanatoriya- kurort komplekslərində iaşə və servis xidmətləri ixtisasları üzrə təhsil alan tələbələrin bəzisi şöbə müdirlərinin vasitəsilə kollec rəhbərinin "tələb"lərini qarşılayaraq dərsdən yayınırlar". Onu da bildirək ki, bir müddət əvvəl Baki Biznes və Kooperasiya Kollecinə qəbulun dayandırılması ilə bağlı xəbər yayılmışdı: "Təhsil müəssisəsində Təhsil Nazirliyinin nümayəndəsinin yoxlamalarından sonra bildirilib ki, bu ildən kollecə qəbul qanunsuz hesab olunacaq. Kollecin adı "Abituriyent" jurnallarından çıxarılıb". Ancaq sonradan necə oldusa kollecə qəbul bərpa edildi. Verilən məlumatlardan isə aydın şəkildə görünür ki, Fatimə Quliyeva Bakı Biznes və Kooperasiya Kollecinin fəaliyyətini yaman günə qoyub. Odur ki, aidiyyəti dövlət qurumları, xüsusi olaraq isə Təhsil Nazirliyinin əməkdaşları adıçəkilən təhsil ocağının fəaliyyətini araşdırmalı və qanun pozuntularını üzə çıxarmalıdır. Yoxsa bu gedişlə Fatimə xanım daha böyük qanunsuzluqlara imza ata bilər.(gundelik-baku)

Qarşı tərəfi də dinləyə bilərik.