BolgeXeber.Com » Analitika » "Toy box" oyuncaqlarından təhlükəli kampaniya

"Toy box" oyuncaqlarından təhlükəli kampaniya

6-10-2014, 17:55
Oxunub: 4 982 Xüsusi qabların içində dərman həblərini xatırladan şirniyyatlar var

Respublikamızda şirniyyat istehsalı ilə məşğul olan ayrı-ayrı fabriklərin məhsullarının satış qabiliyyətinin yüksək səviyyədə olmasıyla bağlıdır ki, belə müəssisələrin sayı gündən-günə artır. Bu siyahıya xaricdə fəaliyyət göstərən şirkətlərin ölkəmizə idxal olunan şirniyyatlarını da əlavə etsək, vəziyyətin yaxşı olması üzə çıxır. Lakin təəssüf ki, bu sahədə də problemlər mövcuddur. Özü də necə! Məsələ burasındadır ki, əməkdaşlarımız bu günlərdə "Toy box" oyuncaqlarını istehsal edən şirkətin uşaqlar üçün təhlükəli kampaniya keçirməsinin şahidi olub.

Söhbət oyuncaqların içinə yığılan, uşaqlar üçün nəzərdə tutulan, lakin dərman həblərini xatırladan şirniyyatlardan gedir. Yəqin ki, bir çox böyüklər bunun fərqinə varmadan azyaşlılara həmin oyuncaqları hədiyyə alıblar. Deməli, valideyn uşağına "Toy box" oyuncağını hədiyyə edir. Oyuncağı açan uşaq onun içində dərman həblərinə oxşayan kiçik şirniyyatları götürüb bir-bir yeyir. Beləcə, dərman həblərinə oxşayan yumru şirniyyat dənəcikləri uşaqların yaddaşına həkk olunur. İndi təsəvvür edin, hansısa ailədə böyüklər ağır dozalı, yüksək təsirə malik olan dərman həblərindən istifadə edirlər. Ani ehtiyatsızlıq, diqqətsizlik baş verir. "Toy box" oyuncaqlarının dərman həblərinə öyrəşmiş uşaqların gözünə evdə oynayarkən stolun üstündə, lap elə götürək hər hansı şkafdakı dərman həbləri sataşır. Azyaşlı ağır dozalı, yüksək təsirə malik olan şirin dadlı dərman həblərini "Toy box" oyuncağı hesab edərək udur. Nəticəni özünüz təsəvvür edin. Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda iki azyaşlı uşaq nənələrinin dərman həblərini şirniyyat hesab edərək udmuşdu. Həkimlər uşaqlardan birini sağalda bildilər, digərinin isə həyatını xilas etmək mümkün olmadı.