BolgeXeber.Com » Analitika » Ticarət mərkəzləri özü yanır, yoxsa yandırılır?

Ticarət mərkəzləri özü yanır, yoxsa yandırılır?

13-10-2014, 09:20
Oxunub: 3 306 Ərəstun Oruclu: “Əgər yanğınlar təkrarlanırsa...”

Azərbaycanda son vaxtlar ticarət obyektlərinin tez-tez yanması belə şübhələr yaradıb ki, bu yanğınlar qəsdən törədilir. Üstəlik bir obyektin dəfələrlə yanması bu iddiada həqiqət payını bir qədər də gücləndirir.

Faktlara diqqət edək.

“Karvan”da yanğın

Oktyabrın 10-da Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində ümumi sahəsi 10 min kvadratmetr olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində 600 kvadratmetr sahədə və içərisində olan satış malları yanıb. Yanğın zamanı 1967-ci il təvəllüdlü İlqar Tərlan oğlu Əliyev ölüb, 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.

Bu, “Karvan”da ilk yanğın deyildi. 1 il 9 gün əvvəl də-19 oktyabr 2013-cü ildə ticarət mərkəzinin yarıdan çox hissəsi - 6 min kvadratmetrlik bir ərazisi yanmışdı. Həmin gün mərkəzin sahibi Ağamirzə Əhədovun ad günü idi. Sahibkarın 76 yaşı tamam olurdu. Belə məlumatlar vardı ki, bu, A.Əhədova ad günü “hədiyyəsi”dir. Həmin vaxt yanğının “Karvan” sahibinə 20 milyon manat ziyan vurduğu haqda məlumatlar vardı. Bu gün də “Karvan”dakı yanğınların hansı səbəbdən meydana gəlməsi bilinmir. Rəsmi qurumlar ilkin olaraq qısaqapanma versiyasını ortaya atmaqla işlərini bitmiş bilib. Qəsdən yandırılma faktının olub-olmamasını araşdırılmasını isə yaxına buraxmaq belə istəmirlər. Odur ki, yanğınlar davam edir. Bir ticarət mərkəzi dəfələrlə yanır. Odun əsarətində qalan təkcə “Karvan” deyil.

“Binə” və “Sədərək”də yanğınlar...

“Binə” ticarət mərkəzi də sanki “taxıl zəmisidir” və günəşin qızmasından da yanır - 2014-cü il avqustun 12-də “Binə” Ticarət Mərkəzi yenə yanıb. Mərkəzdəki “Dağıstan bazarı” adlanan ərazidə baş verən yanğını az sonra söndürdülər.

9 ay əvvəl, 3 fevral 2013-cü ildə “Binə” ticarət mərkəzində ümumi sahəsi 200 kv.m olan 2 mərtəbəli paltar satışı mağazası yanmışdı. Mağaza içərisindəki mallarla birlikdə, yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi, “QAZEL ” markalı yük avtomobilinin banı, “FORD” markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb.

“Sədərək” ticarət mərkəzində 16 iyul 2013-cü ildə baş verən yanğın Rüstəm Rza oğlu Quliyevə məxsus kafe tamamilə yanıb. Yanğınsöndürənlər yanğının digər obyektlərə keçməsinin qarşısını alıblar. 2 dekabr 2013-cü ildə “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Məlumata görə, yanğın “Şirniyyat bazarı” adlanan ərazidəki anbarlardan birində olub. Yanğın anbarın ventilyasiya sistemindən başlayıb.

“8-ci kilometr” bazarı yandı...

2010-cu ilin yanğın üzrə rekord vuran ticarət obyekti “8-ci kilometr” bazarıdır. Həmin il aprelin 29-da Nizami rayonu ərazisində “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzində güclü yanğın baş verdi. “Diqlas” ticarət mərkəzinin arxa tərəfində paltar satılan hissədə başlanan yanğını bir neçə saat sonra ram etmək mümkün oldu.

Həmin il, 6 ay sonra, daha dəqiq desək 26 oktyabr 2010-cu ildə “8-ci kilometr” bazarında baş verən yanğın ticarət obyektinin ərazisinin 30-35 faizini külə döndərdi.

“AMAY” yandı...

2014-cü il sentyabrın 13-də sahibi həbsdə olan “A.M.A.Y” ticarət mərkəzinin 4-cü mərtəbəsində də yanğın baş verdi. baş verən yanğın ofislərdən birində başlayaraq lift şaxtasına qədər irəlilədi. Yanğının söndürülməsi zamanı istifadə edilən su 2 saylı “ASAN Xidmət” Mərkəzinin ofisinə də ziyan vurdu.

“AMAY” yandı... gələn ilin bu günlərində bir də yanmayacağına inam azdır. Çünki iri ticarət mərkəzlərində baş verən yanğınların səbəbi bir qayda olaraq sonradan ictimaiyyətə açıqlanmır. Müvafiq qurumlar ilkin qısaqapanma açıqlaması ilə işlərini bitmiş hesab edirlər.
İri ticarət mərkəzlərində dəfələrlə təkrarlanan yanğınlarla bağlı araşdırma aparılmalıdırmı? Qəsdən yandırılma versiyası niyə araşdırlmır?

Ekspert nə deyir?

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Ərəstun Oruclu baş verən yanğınlarla bağlı fikirlərini bölüşüb.

Mərkəz rəhbəri deyib ki, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hətta ofislərdə Fövqəladə Hallar Nazirliyi yanğına qarşı xəbərdarlıq sistemi quraşdırıb: “Bütün bu obyektlər faktiki olaraq məcbur edilir ki, müvafiq standartlara uyğun həmin yanğına qarşı texnikanı, zəruri ləvazimatı konkret firmalardan alsın. Bu işlər bir neçə ildir ki, aparılır. Bunun qarşısında yanğından xəbərdarlıq sistemi işləmirsə, bu sistemin mükəmməlliyi sual doğurur. Digər tərəfdən, yanğınların böyük əksəriyyəti məhz ticarət mərkəzlərində baş verir. Özü də hər birində bir neçə dəfə! Nəzəri cəhətdən mümkündür ki, orada müxtəlif icarə obyektləri olduğuna görə, müxtəlif insanlar işlədiyinə görə bu yanğınlar sırf təsadüfi xarakter daşıyır. Amma eyni zamanda bu yanğınların təkrarlanmasını nəzərə alaraq o obyektlərdə nəzarət, təhlükəsizlik və profilaktika tədbirləri də gücləndirilməlidir. Əgər yanğınlar təkrarlanırsa, deməli bu işlər görülmür”.

Yanan obyektlərin sahiblərinin dəyişdirilməsi...

Ə.Oruclu qəsdən yandırılma versiyasını istisna etmir: “Bir sıra hallarda yanan obyektlərin sahiblərinin dəyişməsi, təyinatının dəyişdirilməsi, sökülməsinin şahidi oluruq”.
Ə.Oruclu yanğınlarla bağlı təhqiqatların nəticələrinin ortaya qoyulmamasına da diqqət çəkdi: “Yanğınla bağlı təhqiqatın nəticəsinin ictimailəşdirlməsinin şahidi olmamışıq. Bu günə qədər ortaya qoyulmayıb ki, istintaq aparılıb, bu qədər ziyan dəyməsinin səbəbi filan olub. Ümumi bir ifadə ilə - qısaqapanma ifadəsi ilə kifayətlənirlər. Bu çox ümumi bir ifadədir. Niyə həmin qısaqapanma nəticəsində ticarət obyektlərindən qat-qat böyük hündürmərtəbəli evlərdə yanğın olmur? Yoxsa orada hər şey idealdır? Ticarət obyektlərindən fərqli olaraq həmin evlərdə elektrikdən başqa qaz da var. Deməli risk dərəcəsi də yüksəkdir. Yəni evdə kimisi qaz açıq qoyub gedə bilər, kimisi elektrik şəbəkəsini əlavə yükləyə bilər. Yanğının ticarət obyektlərində meydana gəlməsi, özü də hər bir obyektdə təkrarlanması çox müəmmalı bir haldır. Sonuncu belə yanğın ”Karvan"da meydana gəldi və orada ölüm oldu. Ölüm hadisəsi varsa, deməli çox ciddi bir təhqiqat aparılmalıdır. “Yanğının səbəbi nədir” sualına cavab verilməlidir. Üstəlik bu “Karvan”da ilk yanğın deyil. Ötən ilin oktyabrında da orada yanğın olmuşdu. Hər 2 yanğının bir neçə gün fərqlə oktyabrda baş verməsi sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır. Həmin müzakirələrdə “Karvan”ın yerləşdiyi ərazidə yeni ticarət obyektinin tikintisi planlaşdırılır. Sanki bu məqsədlə yanğınlar qəsdən törədilir ki, rəqiblər sıradan çıxsın. Burada çox ciddi təhqiqata ehtiyac var".

Ə.Oruclu iri ticarət obyektlərində natəmiz rəqabətin nəticəsi olaraq qəsdən yandırılmanın mümkünlüyünü istisna etmir: “Bütün versiyaları gündəmdən çıxarmaq üçün ciddi təhqiqat aparılmalıdır. Hər dəfə bəyan edirlər ki, yanğına səbəb qısaqapanmadır. Əgər 1, 2, 3... 10, 15-ci obyekt qısaqapanmadan yanırsa, sonradan həmin obyektlərdə niyə profilaktiki iş aparılmır? Niyə yanğın təhlükəsinin aradan qaldırılması üçün müvafiq işlər aparılmır? Bəs FHN-in işi nədən ibarətdir?”
“Yeni Müsavat”