BolgeXeber.Com » Analitika » Sumqayit şəhəri üfunət iyi verir

Sumqayit şəhəri üfunət iyi verir

29-09-2010, 05:05
Oxunub: 6 450

Sumqayıtın icra başçısı Vaqif Əliyev 5 ulduzlu otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvasının açılışını özü edibmiş

Sumqayıtda fəaliyyət göstərən və hansısa nazir oğluna məxsus olduğu bildirilən striptiz klub haqqında məlumat vermişdik. Həmin yazıdan sonra bir neçə Sumqayıt sakini redaksiyamıza müraciət edərək şəhərdə olan digər problemlər barədə məlumatlar verdilər. Sakinlərin narazı qaldıqları əsas məqamlar Sumqayıtda olan antisanitariya şəraiti və əxlaqsız yuvaların sayının çoxalmasıdır.

Məsələni yerində araşdırmaq üçün Sumqayıta yollandım. İlk öncə getdiyim yer şəhərin “Kolxoz bazarı” kimi tanınan ərazi oldu. Əslində bu bazarda son 3-4 ildə olmamışdım. Bu müddət ərzində bazarı quruluşunda bir sıra irəliləyişlərin olduğunu müşahidə etmək olurdu, bazarın həmişəki – antisanitariya problemi isə qalmaqdadır.

Örtülü bazarın içində inək saxlayırlar

Bazara daxil olanda insanı üfunət iyi qarşılayır. Bazarda satılan məhsulun növündən asılı olmayaraq hamısı eyni qaydada satılır. Burada istər ət məhsullarının, istərsə də süd məhsullarının satışı üçün heç bir xüsusi şərait yoxdur. Bazarın qapalı olmağını nəzərə alsaq, içəridəki temperaturun çöldəkinə nisbətən bir neçə dərəcə çox olması məlum olur. Bazarın daxilində olan milçək və bu kimi həşəratların isə sayı-hesabı yoxdur, lakin bütün bunlara baxmayaraq, bazarda satılan pendir, yağ və ət məhsullarının demək olar ki, heç birinin üstünə hər hansı bir qoruyucu vəsait sərilməyib. Temperaturun və zibilliyin bura “gətirdiyi” həşəratlar azmış kimi, hələ bu bazarın içində inək də saxlayırlar. Təsəvvür edirsinizmi inək. “Kolxoz bazarı”ndan çəkdiyimiz fotolar da bunları təsdiq edir. Satıcılara yaxınlaşıb məhsulları nədən qeyri-standart şəraitdə satdıqlarını soruşurdum. Ət məhsulları satan satıcılar deyir ki, onların burada bu ticarətlə məşğul olmasına baytarlıq xidməti icazə verib. “Baytarlıq xidmətinin nümayəndələri hər gün gəlib satışla məşul olmaq üçün bizə icazə verirlər” deyə, satıcılardan biri baytarlıq xidmətinin yazılı razılığını bizə göstərir.

Nəzarətçilər reportaj hazırlamağa imkan vermir

Reportajı bazarın açıq havadan ibarət olan hissəsində davam etdirmək qərarına gəlirəm. Buradakı alıcılarla söhbət edərkən məlum olur ki, onların bazarla bağlı ən böyük problemi natəmizliyin mövcud olması ilə bağlıdır. Zəminə adlı müştəri deyir ki, bəzən elə olur ki, hansısa məhsulu almaq məqsədi ilə bazara gəlir, ancaq buradakı antisanitariyanı görüb məqsədindən vaz keçməli olur: “Məsələn gəlirəm qarpız-yemiş almağa, məhsulun satıldığı yerdə o qədər zir-zibil olur ki, insan sağlam yemiş-qarpızdan belə iyrənir.”

Satıcılır isə belə bir halın olduğunu etiraf etsələr də, bunun günahının onlarda olmadıqlarını iddia edirlər. Onların dediyinə görə, bu işlərlə bazar rəhbərliyi məşğul olmalıdır. Sabirabaddan bura qarpız satmağa gələn Vaqif adlı şəxs: “Mən bura yer pulu verirəm. Əgər təmizliyi də özüm edəcəyəmsə, daha o yerpulunu məndən niyə alırlar?! Kim pul alırsa, o təmizləsin də”.

Ərazidə açıq şəkildə küçə ticarəti ilə də məşğul olurlar. Səkinin üstündə kim nə formada, hansı məhsulu istəyir satır. Həmin şəxslərin şəkillərini çəkmək istəyərkən isə özlərini bazarın nəzarətçisi kim təqdim edən 3 nəfər üstümə cumaraq, sorğu-suala başladılar. Jurnalist vəsiqəmi təqdim etsəm də, reportaj hazırlamağıma imkan vermək istəmədilər. Onlarla söhbət etdiyimiz müddətdə isə aralarından biri ayrılıb dərhal səkinin üstündə ticarətlə məşğul olan insanların üstünə qışqırır və onları oradan uzaqlaşdırır. Adı İlqar olan nəzarətçidən qolumu buraxmağını tələb edəndən sonra isə məni müdürün yanına aparmaq istədiyini dedi. Qolumu buraxandan sonra onunla bazar müdirinin yanına getdim. Müdir isə yerində olmadı. Nəzarətçi onunla telefon əlaqəsi yaratsa da, bizimlə danışmaq istəmədi. Bundan sonra bazardan ayrılıb, sakinləri narazı olduğu digər bir məqam - əxlaqsız yuvaları ilə bağlı araşdırma aparmağa başladım. Sumqayıtda mənə bələdçilik edən bir dostum belə yerlərdən biri olan “Term” oteli haqqında məlumat verir. Bu yer 5 ulduzlu otel adı altında fəaliyyət göstərsə də, sakinlər buranın daxilində əxlaqsız yuvanın olduğunu bildirirlər. Sakinlərin əksəriyyəti bələdçimizin dediklərini təsdiq etsə də, onların heç biri adlarının çəkilməsini istəmir. Daha sonra onların nədən belə etməsi də məlum olur. Nadir adlı bir sakin deyir ki, insanların adlarının çəkilməsini istəməməsi icra başçısı ilə əlaqədardır: “Bu “otel” açılanda buranın açılışını Sumqayıtın icra başçısı Vaqif Əliyev edib. Bu səbəbdən sakinlər adlarının çəkilməsindən qorxur.”

Sakinlərlə söhbət etdiyimiz zaman qıraqdan bizi izləyən bir xanım diqqətimi çəkir. Nadir bəylə söhbəti yekunlaşdırandan sonra həmin xanıma yaxınlaşıram. Xanımdan bu otel haqqında hər hansı bir məlumatının olub-olmamağını soruşanda isə xanım sanki bu sualı gözləyirmiş kimi danışmağa başlayır. Çox təkid eləsək də adını öyrənə bilmədiyimiz bu xanım əminliklə deyir ki, bu oteldə fahişəxana mövcuddur. Xanımın dediklərindən: “Mən təqribən 6 ay bundan əvvəl iş axtarırdım. Bura gəlib iş axtardığımı dedim. Özünü adminstrator kimi təqdim edən bir nəfər elə ilk gündən mənə iyrənc təkliflər edəndən sonra hara gəldiyimi anladım. Mən onda bildim ki, bura oteldən çox fahişəxanadır. Adminstrator mənə deyirdi ki, işdə göbəyiaçıq köynək və çox qısa olan mini yubka geyməliyəm. Əvvəl buna məhəl qoymadım. Bir neçə saatdan sonra isə məndən soruşdu ki, əvvəllər hansı barda işləmişəm, hər hansı bir xəstəliyim varmı? Bu suallar artıq məndə buranın nə kimi bir yer olması barədə heç bir şübhə saxlamadı”.

Sakinlər deyir ki, belə əxlaqsız yuvaların sayı Sumqayıtda bir-iki deyil. Bu tip yerlər əsasən Bakı-Sumqayıt yolunun üstündə yerləşir və əksəriyyəti də disko klub adı ilə fəaliyyət göstərmir. Onların üzərində otel, avtoyuma, istirahət mərkəzi və bu kimi adlar yazılır.

Sonda bir daha qeyd edim ki, ötən sayımızda belə yerlərdən biri olan və avtoyuma adı ilə fəaliyyət göstərən striptiz klub haqqında məlumat vermişdik.


Hicran Afərqızı(Bolgexeber)