BolgeXeber.Com » Analitika » 9 saylı internat evində nə yaşanır?

9 saylı internat evində nə yaşanır?

20-10-2014, 14:05
Oxunub: 3 386 Ədilə Əliyevanın fəaliyyəti nəzərdən keçirilməlidir

Redaksiyamıza tez-tez paytaxtda fəaliyyət göstərən internatlarla bağlı şikayətlər daxil olur. Bu dəfə şikayət Buzovna qəsəbəsində yerləşən 9 saylı ruhi-əsəb, əlil və qocalar evi ilə bağlıdır. Bizə verilən məlumata görə, sözügedən qocalar evində şərait istənilən səviyyədə deyil. Oradakı insanlara vaxtlı-vaxtında yemək verilmir. Hətta mənbə bildirir ki, elə günlər olub ki, qocalara yemək verməyiblər. Bütün bunlara isə sözsüz ki, 9 saylı internat evinin direktoru Ədilə Əliyeva göstəriş verir. Etibarlı mənbələrin verdiyi məlumata görə, istər yaşlı insanlara, istərsə də gənclərə heç də yaxşı münasibət göstərilmir. Daim diqqətsizlikdən əziyyət çəkirlər. Xüsusilə də gənclərə cəza olaraq yemək verilmir. Onu qeyd edək ki, Ədilə Əliyevanın başı qanunsuz əməllərə qarışdığından internatdakı problemlər arxa plana keçib. Ona görə də məktəb binasında istilik sistemi normal fəaliyyət göstərmir. İstər yaşlılar, istərsə də gənclər soyuqdan donurlar və tez-tez xəstələnirlər. Bu cür hallar isə direktorun vecinə də deyil. Görünür, onların sağlamlığı direktoru düşündürmür. Bizə verilən məlumata görə, Ədilə Əliyeva dövlət tərəfindən qocalar evinin təmirinə ayrılan vəsaitin arxasına keçib. Ona görə də 9 saylı internat evi az qala ordakıların başına uçsun. Hətta oranın antisanitariya vəziyyətində olduğu bildirilir. Mənbə bildirir ki, həmin internata yerli və beynəlxalq təşkilatlar kifayət qədər yardım edirlər. Lakin direktorun qocalar evinə edilən yardımları mənimsədiyi qeyd edilir. Bundan başqa xüsusi günlərdə bayramlarda internat evinə çoxlu hədiyyələr göndərilir. Lakin həmin hədiyyələr nə qocalara, nə də gənclərə çatdırılmır. Lakin mətbuatda bu qədər yazılanlara baxmayaraq, internatda baş verənlərə dur deyən yoxdur. Görünür, məktəb direktorunun dayağı möhkəmdir.

Qocaların, əlillərin və ruhi-əsəbi xəstələrə qayğı normal deyil. Keyfiyyətsiz qida məhsulları oradakıların vəziyyətini daha da pisləşdirib. Onu da qeyd edək ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu tip müəssisələrin rəhbərlərinə işlərinə vicdanla yanaşmağı tapşırıb. 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəbi, əlil və qocalar üçün internat evində məskunlaşan insanlar övlad, valideyn qayğısına həsrət qalıblar. İnternat direktoru isə onlarla mülayim davranmaq əvəzinə kobud rəftar edir. Qırılmış qəlblərini bir də qırır. Sözsüz ki, heç kəs belə bir yerə düşmək istəməz. Lakin həyat pis və yaxşı sürprizlərlə doludur. Bunların qismətinə isə belə bir yer yazılıb. Ona görə də xanım direktor qoca və əlillərlə normal rəftar etməli, onların qırılmış qəlblərinə məlhəm olmalıdır. Ümid edirik ki, bu yazıdan sonra Səlim Müslümov, adıçəkilən internat evinə baş çəkib qocaların, əlillərin və ruhi xəstələrin durumu ilə şəxsən maraqlanacaq. Uzun müddət direktor vəzifəsində çalışan Ədilə Əliyevanı işdən xaric edəcək. Belə bir şəxsin internat evinə rəhbərlik etməsi yolverilməzdir. gundelik-baku