BolgeXeber.Com » Analitika » "Aysberq"şirkətində maaş problemi yaranıb

"Aysberq"şirkətində maaş problemi yaranıb

25-10-2014, 08:55
Oxunub: 5 498 İşçilər iki aydır maaş ala bilmirlər

Artıq bir neçə müddətdir ki, "Aysberq" Pivə İstehsalat Müəssisəsinin təsisçisi Qasım Muradovun adının hallandırıldığı qalmaqallı məsələ ölkə mətbuatının əsas gündəm mövzusuna çevrilib. Xatırladaq ki, vətəndaş Paşa Əliyev bir müddət əvvəl pivə zavodunun direktorunun qanunsuzluqları barədə Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Şikayətçinin sözlərinə görə, Qasım Muradovdan daha 10 nəfər fəhlə polisə müraciət edərək əməkhaqlarının verilməsini və onlara müxtəlif yollarla edilən təzyiqlərin dayandırılmasını istəyiblər. Paşa Əliyev bildirib ki, pivə zavodunun müdiri özünə hər il evlər və müxtəlif obyektlər tikdirir, həmişə də fəhlələrin əməkhaqlarını mənimsəyir: "Kimsə ona etiraz edəndə hədələyir, şikayət verirsən, polis çox vaxt baxmır. Təsəvvür edin ki, rayonda nə qədər tikinti materialı satan dükanlar var hamısına borcludur. Çoxu haqqını tələb etməyə qorxur. Mənim rəhbərlik etdiyim usta-fəhlə qrupuna 9440 manat borcu var, amma məsələ təkcə bu məbləğdə deyil. Biz bundan əvvəl də onun işini görmüşük. Pivə zavodunun da üzləmə-fasad işlərini görmüşəm. Onda bizim 10 min manatımızı kəsdi. Nə qədər çalışdıq ala bilmədik". Qeyd edək ki, problemlə bağlı qəzetimizdə məqalə dərc olunan vaxt Qasım Muradovla əlaqə saxlayıb münasibət öyrənmək istəmişdik. O isə zəngimizə cavab verib xaricdə olduğunu və bu səbəbdən suallarımızı cavablandıra bilməyəcəyini demişdi. Bir neçə gün əvvəl, daha doğrusu oktyabr ayının 1-də Paşa Əliyevin Qasım Muradov barəsində Nərimanov Rayon Polis İdarəsinə etdiyi şikayəti geri götürdüyü bildirildi: "Aradakı anlaşılmazlıq aradan qaldırılıb və o şikayətini geri götürüb. Arada olan borc qalmaqalı təkrarən araşdırılıb və məsələ həllini tapıb". Bu hadisə səngiməmiş pivə zavodunun müdirinin adı növbəti qanunsuzluqlarda hallandırılmağa başlanıb. Xaçmazdakı qaynaqlardan əldə etdiyimiz son məlumatlara görə, Qasım Muradov bu dəfə "Aysberq"də işlətdiyi işçilərin maaşını vermir, üstəlik, onların hüquqlarını pozur: "Pivə İstehsalat Müəssisəsində çalışan şəxslər iki aya yaxındır maaş ala bilmir. Qasım müəllim xaricdən təzə qayıdıb. O vaxtını əyləncədə, istirahətdə keçirir, amma zavodda çalışanlar maaş üzünə həsrət qalıb. Fəhlələr əməkhaqlarını tələb edəndə müdir deyir ki, gözləyin hər şey düzələcək. Ortada isə heç nə yoxdur. "Aysberq" Pivə İstehsalat Müəssisəsinin istehsal gücü və satışı çox yaxşı səviyyədədir. Yəni müəssisənin gəliri çoxdur. Qasım Muradov keyfiyyət göstəriciləri aşağı olan pivələri ayrı-ayrı iş adamlarına sataraq böyük məbləğdə qazanc əldə edir. Buna baxmayaraq, işçilərin maaşını vaxtı-vaxtında vermir. Bu səbəbdən bəzi işçilər həvəsdən düşür və enerji ilə işləmir. "Aysberq"də hökm sürən problemlərdən biri də işçilərin əmək hüquqlarının kobud surətdə pozulması ilə bağlıdır. Müəssisədə fəaliyyət göstərən şəxslərdən bir neçəsinin əmək müqaviləsi yoxdur. Qasım müəllim bu şəxsləri qeyri-qanuni formada, yəni əmək müqaviləsi olmadan işlətməklə həm cinayət əməli törətmiş olur, həm də dövlət büdcəsinə ziyan vurur. Çünki zavod rəhbəri müqaviləsiz işlətdiyi işçilərə görə dövlətə nə vergi, nə də sosial sığorta haqqı ödəyir. Bəzi hallarda işçilər gündəlik iş saatından artıq işlədilsə də, buna görə onlara əlavə ödəniş edilmir. Beləcə, hər ay dövlətə müəyyən miqdarda ziyan dəyir. Xaçmazda çoxlarına məlumdur ki, "Aysberq"də pivə istehsalı gigiyenik sertifikat, reseptura və texnoloji təlimat olmadan həyata keçirilir. Burda istehsal edilən pivələr çox keyfiyyətsizdir. Müəssisədə pivə istehsalı zamanı digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilir. Zavodun aylıq gəlirinin çox olmasına baxmayaraq, dövlət büdcəsinə az məbləğdə vergi keçirilir". Məsələni aydınlaşdırmaq məqsədilə Qasım müəllimlə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz oldu. Buna baxmayaraq, zavod rəhbərinin də fikirlərini işıqlandırmağa hazırıq. gundelik-baki