BolgeXeber.Com » Analitika » Kərəm Həsənovdan Putinə şikayət olundu

Kərəm Həsənovdan Putinə şikayət olundu

27-10-2014, 10:05
Oxunub: 2 961 Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Rusiya vətəndaşının hüquqlarını pozması diplomatik qalmaqala səbəb ola bilər

Rusiya vətəndaşı Fuad Abbasov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan Rusiya prezidenti Valdimir Putinə şikayət edib. Bolgexeber.com bildirir ki, bu bu barədə istiqlal.az-a Fuad Abbasovun özü məlumat verib və Vladimir Putinə ünvanladığı şikayət məktubunun surətini redaksiyaya təqdim edib.
Yada salaq ki, Fuad Abbaszadə bir qədər əvvəl Kərəm Həsənovun ona haqsızlığı barədə redaksiyamıza müraciət etmişdi. Şikayətçi deyir ki, 2010-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Azadlıq prospektində yerləşən 146, 148, 150 və 154 saylı binaların sakinlərinə bildiriblər ki, bu evlər qəzalı olduğu üçün söküləcək.
Onun sözlərinə görə, sakinlərə evlə təmin ediləcəyi bildirilib: "Biz məsələni araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Lakin hər üç qurumdan bizə cavab gəldi ki, onlar da bu binaların qəzalı olması və söküləcəyi barədə məlumat yoxdur” .
Fuad Abbasov bildirib ki, həmin ərəfədə o ailəsi ilə Rusiyanın Moskva şəhərinə gedib: "Moskvada olarkən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları binanın sakinlərinə müxtəlif ünvanlarda mənzil təklif ediblər. Bir otaqlı mənzilə iki otaqlı, iki otaqlıya üç otaqlı, dörd otaqlıya biri üç digəri 2 otaqlı olmaqla beş otaqlı mənzil təklif ediblər. Bizimlə isə hər hansı söhbət aparılmayıb. Çünki qeyd etdiyim kimi biz Moskvada idik. Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov göstərişi ilə bizim mənzilin dam örtüyünü sökərək mənzilə daxil olublar. Evdəki əşyaları ordan çıxarıblar. Bu zaman oğurluqla yanaşı, bəzi əşyaları da yararsız hala salıblar. Əşyaları Əliyar Əliyev küçəsində bir mənzilə yığıblar”.
Lakin Fuad Abbasov deyir ki, digərlərindən fərqli olaraq ona mənzil əvəzinə pul təklif olunub. Mənzilin hər kvadrat metrinə 1500 manat verilməsi qərara alınıb. Lakin Fuad Abbasov bununla razılaşmayıb. O mənzilinin əvəzində yeni mənzil tələb edib. Bu məsələ ilə bağlı Azərbaycan məhkəmələri də Abbasovun xeyrinə qərar çıxarsa da, qətnamə icra edilməmiş qalıb.
Rusiya vətəndaşı Vladimir Putinə şikayətində bildirir ki, Azərbaycanda Kərəm Həsənovun ona qarşı qanunsuz hərəkətlərini dayandıran yoxdur. "Cənab prezident, Azərbaycanda mənim və ailəmin hüquqları pozulur. Düz dörd ildir ki, şikayətimizə qulaq asan yoxdur. Bununla bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə də müraciət etmişik. Səfirlik iki dəfə məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət edib ki, bizim hüquqlarımızın bərpa olunması təmin edilsin. Lakin bir nəticə yoxdur.
Cənab prezident, Kərəm Həsənov və deputat qardaşı Malik Həsənov öz səlahiyyətlətlərindən istifadə edərək bizə təzyiq etmək yolu ilə mənzili hüququmuzu pozur. Bu azmış kimi bizimlə bağlı məhkəmə iddiası da qaldırırlar. Sizdən xahiş edirik ki, Azərbaycan Respublikasinda mənzil hüquqlarimizin bərpasina köməklik göstərəsiniz ".