BolgeXeber.Com » Analitika » Göyçay Qaz İstismar İdarəsində şok qanunsuzluqlar

Göyçay Qaz İstismar İdarəsində şok qanunsuzluqlar

2-11-2014, 11:55
Oxunub: 4 235 Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov işçilərini obyektində fəhlə kimi işlədir

“Azəriqaz” İstehsalat Birliyinin Göyçay rayon Qaz İstismar İdarəsində baş verən qanunsuzluqlarla bağlı Aktual.az-a idarədəki mənbələrdən məlumat daxil olub.

İddia olunur ki, Göyçay rayon Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov podratçı "Alp-2010" təmir-tikinti müəssisəsinin Çingiz adlı əməkdaşı ilə əlbir olaraq vətəndaşlardan layihə hazırlanması üçün 200-250 manat dəyərində pul tələb edir və əlavə olaraq 200 AZN istənilir. Beləliklə vətəndaşın evinə qazın çəkilişi ona 450-500 manata başa gəlir.
Mənbə iddia edir ki, Göyçay rayonunun Nizami küçəsində abonentin 500 manat borcu olduğu halda ondan 100 manat alınaraq yeni sayğac quraşdırılıb və köhnə sayğacın üzərindəki borc silinib. Eyni halın Göyçayın Potu kəndində də həyata keçirildiyi bildirilir. Belə ki, ailə başçsının adına olan sayğacın yerinə xanımının adına yeni sayğac quraşdırılıb. Bu proseslərin Göyçay rayon Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahovun göstərişi əsasında baş mühəndis Abdulbağı Osmanovun həyata keçirdiyi iddia olunur.

Mənbənin digər bir məlumatında qeyd olunur ki, Murtuz Salahovun Göyçay rayon R.Rza küçəsində (Bələdiyyənin inzibatı binasının arxası) tikdirdiyi obyektində idarənin işçiləri fəhlə kimi işlədilir və onlara Qaz İstismar İdarəsində çilingər olaraq çalışan Vaqif Hüseynov adlı şəxs nəzarət edir.

Məsələ ilə bağlı qarşı tərəf olaraq Murtuz Salahovla əlaqə saxladıq. İdarə rəisi açıqlamasında bildirib ki, qazın çəkilişini lisenziyası olan təmir-tikinti şirkəti həyata keçirir:
"Bizdə 20-yə yaxın təmir-tikinti şirkətinin siyahısı var. Elanlar guşəsində adlarını vurmuşuq. Telefon nömrələri də qeyd olunub. Vətəndaş hansını istəyir müqavilə bağlayıb işini gördürür və pulunu da həmin şirkətin hesabına köçürür. İş bitəndən sonra istismara qəbul aktına imza atırıq və qəbul edirik".

M.Salahov abonentin 500 manat borcu olduğu halda ondan 100 manat alınaraq yeni sayğac quraşdırmasına münasibət bildirərkən deyib ki, həmin vətəndaşın kimliyi bəlli olarsa məsələni araşdırıb günahkarları cəzalandıra bilər. İdarə müdiri tərəfindən tikdirildiyi iddia olunan obyektdə qaz idarəsinin işçilərinin fəhlə kimi işlədilməsini inkar edib:
"Elə bir hal yoxdur. İstənilən vaxt, istənilən məsələni birgə araşdıra bilərik".