Kərəm Həsənovun ətrafından prezidentin tapşırığına sabotaj...
27-12-2014, 11:50
Oxunub: 5 455
“Makler Musa”nın Azərbaycanı hansısa yollarla tərk etdiyi də dolaşan xəbərlər sırasındadır
Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı ölkə prezidentinin tapşırığından 4 ilə yaxın zaman keçsə də, bu məsələ həllini tapmayıb. Xatırladaq ki, dövlət başçısı ilk dəfə bu problemi 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib.
Həmin tədbirdə prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib. Növbəti ilin 27 iyununda isə ölkə rəhbəri sənədsiz yaşayış evləri və digər tikililərlə bağlı mübahisələri araşdıracaq komissiyanın yaradılmasına dair sərəncam da imzalayıb. Bu günlərdə aldığımız məlumata görə, artıq sənədsiz evlərlə bağlı “buz” əriməkdədir. Belə ki, ölkə üzrə 1900-cü ildən mövcud olan 500 minə yaxın sənədsiz tikilinin rəsmiləşdirilməsi istiqamətində iş başlayıb.
Mötəbər mənbələrdən aldığımız məlumata görə, yaradılmış müvafiq komissiya sənədsiz tikililərin 4 mərhələ üzrə rəsmiləşdirilməsi barədə qaydaları müəyyənləşdirib. Belə ki, ilk olaraq sovet dövründə tikilmiş, indiyə qədər heç bir sənədi olmayan tikililər qeydiyyata alınacaq. Müstəqillik dövründə tikilmiş evlər isə ən azı iki mərhələdə qeydiyyata alınacaq. Bunun səbəbi isə sənədsiz evlərin, əsasən son iki onilliklərdə tikilməsidir. Mənbənin bildirdiyinə görə, artıq sənədsiz tikililərlə bağlı vətəndaşların müraciətləri nəzərdə tutulan qrafik üzrə araşdırılır və 2015-ci ilin yanvarından etibarən ilkin mərhələdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsinə, yəni ən “yaşlı” sənədsiz tikililərin rəsmiləşdirilməsinə start veriləcək.
İddialara görə, hakimiyyət gələn il parlament seçkilərinin olacağını nəzərə alıb əhalinin böyük hissəsini maraqlandıran sənədləşmə məsələsinin həllinə başlayıb. Qeyd edək ki, artıq Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun qüvvəyə mindiyi tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilməsi üçün səyyar xidmətlərə başlayıb. Verilən rəsmi məlumata görə, sənədləri qaydasında olmayan mülk sahibləri torpaq və evlərini asanlıqla sənədləşdirə biləcək.

“Yeni Müsavat” sənədləşdirmə məsələləri ilə bağlı ilginc məlumatlar da əldə edib. Adının çəkilməsini istəməyən qaynağımız deyib ki, sənədləşmə işlərini həll etmək istəyən vətəndaşların inamından sui-istifadə edən maklerlərin meydan sulaması artıq Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyini də çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Belə ki, bir neçə yüz vətəndaşdan evlərini sənədləşdirməyin müqabilində böyük miqdarda pul toplayan “Makler Musa” kimi tanınan birisi qəfildən yoxa çıxıb. Mənbəmizin iddiasına görə, əksəriyyətin peşəkar dəllal kimi tanıdığı və “Makler Musa” adlandırdığı bu şəxs nə az-nə çox, düz 5 milyon manat yığaraq qeyb olub. Pulu alınan və aylardır sənəd üçün qapıları döyən vətəndaşların dediklərindən belə aydın olub ki, “Makler Musa” aldığı pulları Əmlak Məsələləri Dövlət Komitəsindəki səlahiyyətli şəxslərə çatdırdığını və yaxın zamanlarda tikililərə sənədlərin veriləcəyini deyibmiş. Lakin son üç həftə ərzində “Makler Musa”nın nə özü ortada var, nə də telefonlarına zəng çatır.
Ehtimal olunur ki, o, fırıldağının üstünün açılacağından qorxaraq aradan çıxıb. Ancaq onun bu qədər böyük vəsaiti təkbaşına mənimsədiyi də inandırıcı görünmür. Xəbərdə o da deyilir ki, komitə sədri Kərəm Həsənov məsələnin ciddi şəkildə araşdırılması və yoxa çıxan dəllalla əlbir olanların aşkarlanması barədə tapşırıq verib. “Makler Musa”nın Azərbaycanı hansısa yollarla tərk etdiyi də dolaşan xəbərlər sırasındadır. Məlumata görə, hazırda Komitədə “Makler Musa” kabusu dolaşır və onunla bağlı əlavə bilgilər verilmir.
Başqa bir xəbərə görə, Komitənin rəhbərliyi ilə qohumluq əlaqəsi olan Əlipaşa adlı bir şəxs də vətəndaşlardan 600 min manat toplayaraq aradan çıxıb. Ancaq ən pisi odur ki, prezidentin sərəncamına əsasən həyata keçirilən bir prosesdə bu cür neqativ hallar üzə çıxıb və bu, K.Həsənovu çox narahat etdiyi üçün komandasındakı bir çoxlarını cəzalandıracağını, heç kimə güzəşt etməyəcəyini bəyan edib. “Hazırda Komitə fövqəladə rejim şəraitində işləyir” deyə, mənbəmiz bildirdi.
Əməkdaşımız bu xəbərlərlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri Qulu Xəlilova dəfələrlə telefon açsa da, o, zənglərə cavab verməyib.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər