BolgeXeber.Com » Analitika » Dinin tədrisi: təkliflər, təpkilər, tərəddüdlər

Dinin tədrisi: təkliflər, təpkilər, tərəddüdlər

5-01-2015, 10:05
Oxunub: 3 634 Məktəblilərin dini savadlanmasından niyə ehtiyatlanırıq?

Qısa bir aradan sonra orta məktəblərdə dinin tədris olunması məsələsi yenidən gündəmə gəilib: “Biz öz keçmişimizi, tariximizi, mədəniyyətimizi bilməsək, şəxsiyyətlərimizi tanımasaq, hansısa xalqlarla müəyyən məsələlərdə üz-üzə gələndə deməyə kifayət qədər sözümüz olmaz . Mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu haqda bilgilər əlbətdə ki, məktəblərdə verilməlidir”.Bu sözləri yeni il qabağı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrı Mübarız Qurbanlı deyıb.

Düz sözə nə deyəsən. Amma, çox böyük ehtimalla bu dəfə də nəsə deyən tapılacaq. Çünki, elə Komitə sədrinin özünün vurğuladığı kimi “dini bilgi dedikdə, bunu başqa cür başa düşənlər də olur, Quranı öyrətmək, ərəb əlifbasını öyrətmək, dindar yetişdirmək anlamında qəbul edirlər”.

Bəlkə də yox, çox yəqin ki, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, “orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilsin, disskusiyalara, debatlara, polemikalara səbəb olsun, özünə bu qədər tərəfdar və əleyhdar toplasın, bir çoxlarını tərəddüddə saxlasın.

Tolerantlıqda bütün dünyaya nümunə göstərilirik. Beynəlxalq miqyaslı ən nüfuzlu və mötəbər dini toplantılara ev sahibliyı edirik. Məscid və kilsələrin təmiri və bərpası gündən-günə geniş vüsət alır. Qafqazın ən böyük məscidi ölkəmizdə inşa olunur. Dini bayramlarımızı isə digər millətlərə və xalqlara xas olmayan xüsusi bir coşqu ilə qeyd edirik Dini mərasimlərin təşkilində və dini ayinlərin icrasında çoxlarını üstəlmişik. Dini abidələrə, ibadətgahlara, ziyarətgahlara axın edirik. Bəlkə, az qala yarıdan çoxumuz cavan və ahıllığımızdan asılı olmayaraq namaz qılır,ya da oruc tutur.

Digər tərəfdən “Dini etiqad azadlığı haqqında” Qanun qəbul etmişik.Vətəndaşlarımıza istədikləri dildə təkbaşına, ya da kollektiv şəkildə din öyrənmək və dini təhsil almaq hüququ vermişik. Dini mərkəz və idarələr təsis etmişik. Onlara din xadimləri və dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçün dini təmayüllü tədris müəssisələri-mədrəsələr yaratmaq səlahiyyəti vermişik. 20 ildən artiq bir müddətdə ali dini təhsil müəssəsi-Bakı İslam Universiteti və onun filialları da yaradılıb.BDU-nun və Qafqaz Universitetinin ilahiyyat fakültəsi ilahiyyatçı-islamşünas ixtisası üzrə mütəxəssis hazırlayır.Respublika Dini Araşdırmalar Mərkəzı, müxtəlif dini icmalar, ictimai birliklər, çox sayda cəmiyyətlər fəaliyyət göstərir, Daha nələr, nələr...

Bir çox alimlər, ictimai xadimlər, taninmış ziyalılar dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər. “İnsanlar xalqının ədəbiyyatını,tarixini,hətta musiqisini məktəblərdə öyrənirsə niyə də dinini öyrənməsin?”, “İnsanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?” kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər”, “ Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdə alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur” fikrində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlk bildirənlərin sayı yetərincə olub, günü-gündən durmadan artmaqdadır.

Bir çox ekspertlər də hesab edirlər ki, gənclərin müxtəlif qruplaşmalar, dini məzhəblərin təsiri altına düşməsi məhz onların dini bilgilərinin yetərli olmaması ilə əlaqədardır. Uşaq yaşlarından din barədə məlumatsız olan insanlar onlara ilk dəfə din barədə danışan şəxsdən öyrənirlər. Həmin şəxslərin isə onları hansı istiqamətə yönləndirəcəyi bəlli deyil və s.

Bununla belə məktəblərdə dinin tədrisi ilə bağli hər hansı bir fikir ortalığa atılanda, müəyyən bir təklif irəli sürüləndə dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə cəkirik, təhsilin dünyəviliyini qabardırıq, dərsi necə keçək, kimlər dərs desin, ədəbiyyat haradan götürülsün, proqram necə tərtib olunsun, maliyyə haradan tapılsın və s. bu kimi problemlərlə (əgər bunlara problem demək olarsa) “üzləşırik”.

Dinin tədrisi ilə bağlı məsələnın hər hansı bir formada məktəbə gətirilməməsində israrlı olan Təhsil Nazirliyinin aşağıdakı arqumentlərini kifayət qədər yetərli hesab etmək olarmı?

“Orta məktəblərdə dinlər, ilk növbədə isə İslam dini, İslam dininin tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvı dəyərlər humanitar fənnlərin tədrisində də uşaqlara mənimsədilir.Ümumi təhsil pilləsinin hər bir səviyyəsində tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb”

Təhsil Nazirliyinin mövqeyi ilə razılaşanlar və anoloji fikirdə olanlar da hesab edirlər ki, orta məktəb elm ocağıdır. Elmdə maarifləndirmə də kifayət qədərdir. Din tarixini şagirdlərə ətraflı tədris etməyə ehtiyac yoxdur. Bu gün məktəbdə uşaqların dərs yükü kifayət qədər yüksəkdir. Onların dini mövzularla daha da yüklənməsi, onsuz da artıq olan dərs yükünün daha da çoxalmasına yol açar.

Uşaqlara tolerantlıq, bütün dinlərə hörmət ruhunda tərbiyə etmək üçün dərsliklərdə bütün məlumatların olmasını deyənlər, dini tədris edə biləcək pedaqoi təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, hətta orta məktəblərdə dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyət təşkil etməsinə eyham vuranlar da var.

Elə isə, birinci sinifin tədris planına informatika fənni salırıq, məktəblərimizdə yapon dilinin tədrisini gündəmə gətiririk, ixtisasartırma, yenidənhazırlanma yolu ilə kimyaçını ibtidai sinif müəlliminə, bioloqu psixoloqa çevirə bilirik, dinin tədrisi üçün dərs saatı, dərs deyə biləcək müəllim tapa bilmirik.Ayrı- ayrı fənlərdən “çıxarış” edərək qurama “İnsan və cəmiyyət”,“Həyat bilgisi “ fənləri “düzəldirik”, onlara tədris planında yer tapırıq, bu kursların tədrisini tarixçilərə, coğrafiyaçılara həvalə edə bilirik, yaşam tərzimizə çevrilən, insanın yaranma tarixi ilə bir tarixə malik olan bəşəri din tarixini bir araya gətirib bunun tədrisinin formasını və məzmununu müəyyənləşdirməyi, bu bilgilərin kimlər tərəfindən öyrədiləcəyini problemə çeviririk.

Necə olur ki, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dini tədris müəssisələri olan mədrəsələrə xüsusi razılıq (lisenziya) verə bilir öz tabeliyində olan orta təhsil müəsisələrində dinin tədrisinə sərt təpki göstərir? Məgər Bakı İslam Universitetinin və BDU-nun akademik təhsilli ilahiyyatçıları orta məktəb səviyyəsində şagirdlərə dinlərin, məzhəblərin, cərəyanların meydana gəlməsi,onların yaranma şəraiti, əsas prinsipləri, müasir dünyadakı yeri,yayılma coğrafiyası, başlıca məqsədləri, əsas kitabları və s. haqqında konkret və anlaşıqlı bilgi verə bilmək səviyyəsində deyillər ?

Belə görünür kı, problem heç də yuxarıda sadalananlarda deyil. Problem fikir ayrılığının olmasında, məsələyə birmənalı yanaşılmamasındadır. Problem pedaqoqların, təhsil üzrə mütəxəssislərin, tanınmış ziyalıların və din xadimlərinin bir araya gələrək məsələni birdəfəlik çözmək istəyinin olmamasındadır.Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, cərəyanlara, sektalara qoşulanların sayını bir az da artırar? Bəlkə də, elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə dini dərslərin keçilməsidir?

Orta məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, gəncləri mollalaşdırmaq demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşması, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsi, cəmiyyətin qütbləşməsi demək deyil, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir.

Bu sahə ilə məşğul olanlar, həmçinin az-çox maraqlananlar yəqin bilməmiş olmazlar ki, heç bir Qanun, normativ- hüquqi akt və ya dıgər qanunvericilik sənədi orta məktəblərdə dinin əsaslarının tədris olunmasını qadağan etmir, və eyni zamanda bu təcrübə demək olar ki, bütün dünya ölkələrində tətbiq olunur. Bu barədə kifayət qədər deyilib və yazılıb. Əksinə, qanunvrricilikdə göstərilir ki, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər.

O ki, qaldı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədindəki ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənnin nəzərdə tutulmamasına, elə isə bu yaxın zamanlara qədər standartlarda və proqramlarda nə “İnformatika”, nə “İnsan və cəmiyyət”, nə də “Həyat bilgisi” fənləri nəzərdə tutulmuşdu. Hər kəsə məlumdur ki, təhsilin forma və məzmunca yeniləşməsi və təkmilləşməsi fonunda standartlar və proqramlar da zaman- zaman dəfələrlə dəyişib və budan sonra da dəyişəcək .

Bir də ki, görəsən dərsliklərdə dini bilgilərə dair lazımi materialın olduğunu və bunun ayrı-ayrı fənlər vasitəsilə şagirdlərə mənimsədildiyini iddia edərkən bu informasiyaların cüziliyinə və səthiliyinə diqqət çəkən, tarixi və mənəvi aspektlərinin fərqinə varan və ya şagirdlərin “mənimsədikləri” bilgilərə dair hər hansı bir sorğu keçirərək, mövcud durumu təhlil edib, qiymətləndirən olubmu?

Söhbət əlbətdə ki, dinin tədrisinə məhz bu gün və ya sabahdan başlanmasından, onun ayrıca fənn kimi yaxud fakultativ və ya maraq adlandırılan kurs şəklində öyrənilməsindən ,dinı tədris sadəcə İslam dinini yoxsa dünya dinlərini əhatə etməlidir sualının qoyuluşuna münasibətdən getmir. Söhbət dinin bəşəri və mənəvi dəyər kimi artıq həyat təzimizə çevrilməsi ilə nəhayət razılaşmalı oldugumuzdan, daim gündəmimizdə olan məsələ ətrafında orta məxrəcə gəlməyimizdən, mental ambisiyalarımızdan, kimdən və nədənsə çəkinmək, ehtiyatlanmaq xofuna son qoymaqdan gedir.

Gəlin hər şeyi problemə çevirmək ənnəsindən əl çəkək. Dinə, imana gəlib heç olmasa bir dəfə bu məsələnin həllində problemin üstünə gedək.

Nadir İsrafilov,
təhsil eksperti