BolgeXeber.Com » Analitika » Zəngilan ƏSMM-nin direktorundan narazılıq

Zəngilan ƏSMM-nin direktorundan narazılıq

6-01-2015, 10:00
Oxunub: 4 537 Zəngilanlılar sosial yardımsız qalıb

Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda rayon və bölgələrimizdə fəaliyyət göstərən bəzi Əhalinin Sosial Müdafiə Mərkəzlərinin yarıtmaz fəaliyyətindən, onların işində müşahidə olunan ciddi qanun pozuntularından konkret faktlar təqdim olunur. Əksər hallarda bu qurumlar artıq adından da məlum olduğu kimi vətəndaşların sosial durumlarının yaxşılaşmasına yardımçı olmaq funksiyalarını heç də həmişə lazımi qaydada yerinə yetirmirlər. Aldığımız yeni məlumatlarda da Zəngilan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin fəaliyyətində yer almış bir sıra neqativ hallara dair açıqlamalar təqdim olunur. Biz əvvəllər də dəfələrlə rayonlarda fəaliyyət göstərən ƏSMM-lərin əksəriyyətində baş alıb gedən özbaşnalıqlardan, bu mərkəzlərə rəhbərlik edən məmurlar tərəfindən vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edən yazılar dərc etmişik. Redaksiyamıza daxil olan yeni məlumatlarda isə iddia olunur ki, Zəngilan ƏSMM özünün xüsusilə yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Həsən Ələkbərov isə işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Bu xüsusda aldığımız məlumatlarda göstərilir ki, korrupsiyanın qarşısını almaq məqsədi ilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Həsən Ələkbərov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Bakıda fəaliyyət göstərən Zəngilan ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir.

Elə bu mənimsəmələrin nəticəsi kimi də H.Ələkbərov bu gün paytaxtda yerləşən kommersiya obyektlərinin sahibinə çevrilib. Yerli mənbələrdən aldığımız məlumatlarda iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı İlham Həsən Ələkbərovun fəaliyyətində yer almış bir çox qanun pozuntuları dəfələrlə aşkar olunsa da, ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdır. Məlumatlarda həmçinin bildirilir ki, Həsən Ələkbərov öz himayədarlarına güvənərək və özünü Zəngilan RİH başçısı Ramiz Həsənova yaxın olan adam kimi göstərərək rayondakı mövqeylərini möhkəmlətməyə çalışır. Rayondakı mənbələr isə iddia edirlər ki, Zəngilan ƏSMM-nin rəhbəri bu mövqeyindən sui-istifadə edərək aztəminatlı ailələri dövlət yardımından məhrum edir. Bu isə dövlətimizin aztəminatlı ailələrin sosial təminatı məsələlərində həyata keçirdiyi siyasi xəttə qətiyyən uyğun deyil.

Mənbə bildirir ki, əslində rayon icra hakimiyyətində çalışan bəzi məmurlar da mərkəzin rəhbərini açıq şəkildə müdafiə edirlər. Bu səbəbdən də vətəndaşların yardım alması problemə çevrilib. Həftənin sadəcə 1-2 gününü yerində tapılan ƏSMM müdiri hətta vətəndaşları qəbul etmək belə istəmir. Ən maraqlısı budur ki, Zəngilan Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində çalışanlar yardıma ehtiyacı olmayan ən yaxın qohumlarına belə, yüksək məbləğdə sosial yardım düzəldirlər. Həqiqətən də sosial yardıma ehtiyacı olanlar isə aylarla mərkəzə gedib-gəlirlər. Daha sonra məlumatlarda bildirilir ki, nazirliyə gedən şikayət ərizələrinə baxımsızliq başqa bir səbəbdən də qaynaqlanır. Belə ki, ehtimallara görə Həsən Ələkbərovun yaxın adamlarından biri nazirlikdə məsul vəzifələrin birində çalışır. Bu səbəbədən də mərkəzin müdiri özünə tam arxayındır. Ümid edirik ki, növbəti saylarımızda Zəngilan rayon rəhbərliyinin bu problemlə bağlı müvaviq açıqlamalarını oxucularımıza təqdim edə biləcəyik.