BolgeXeber.Com » Analitika » Əhməd Əhmədzadə Saatlıda “Aysən” Şadlıq Sarayına niyə borclu qaldı?

Əhməd Əhmədzadə Saatlıda “Aysən” Şadlıq Sarayına niyə borclu qaldı?

7-01-2015, 10:30
Oxunub: 6 895 Xanhüseyn Əhmədov:"Əhməd Əhmədzadə məni 20 min "zibilə" saldı"

Azərbaycanın çar Rusiyası ilə əlaqələri bineyi-qədimdən olub. Həmin əlaqələrin bizim milləti iki yerə bölməsi tarixin qara səhifələrinə aiddir. Bu, çox böyük siyasi söhbətin mövzusu olduğundan qoyuruq kənara… Amma yada salaq ki, hələ ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı “şimal ayısı” barədə çox tutarlı və satirik yazılar dərc edirdi. Jurnalın 3 mart 1907-ci ildə çıxan doqquzuncu sayında oxuyuruq:
“Neçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş nazirinə niyə Stolıpin deyirlər. Yəni Stolıpin nə deməkdir?
Cavab: Bizim lüğətimizdə Stolıpin iki mənanı göstərir: biri budur ki, hər kəs qonşusunun toyuğunu oğurlayarsa, dar ağacından asılsın, məlumdur ki, əvvəl günahkarı çıxarırlar stolun üstünə və boğazına kəndiri keçirəndən sonra ayağının altından stolun ipini çəkirlər, stol yıxılır və günahkar başlayır havada seyr etməyə. Bu səbəbdən də həmin baş nazirin adı Stolıpindir, yəni stolun ipi.
İkinci məna Usta Lipindir. Lipin yapon dilində dəlləyə deyərlər. Belə güman etmək lazımdır ki, dumaya yığışan sol firqələr çox çığır-bağır salsalar, Usta Lipin ülgücü çıxardacaq və vəkillərin dalına həcəmət qoyacaq ki, qanları artıqlıq etməsin”.
Bu urusların işi lap həngamədir. Görün, onlar bizi nə qədər əzizləyiblər ki, hələ çar Rusiyasının dövründə gəliblər Saatlı rayonunun Cəfərxan kəndində meliorasiya işləri aparıblar. Özü də bunu həyata keçirmək üçün nə təhər ediblərsə, pulu 1870-ci ildə Budapeşt Bankından çırpışdırıblar. Üstündən 34 il keçəndən sonra dübarə bura öz torpaqşünas alimlərini yollayıblar ki, gedin Muğan düzündə torpaqların təkrar şorlaşmasına qarşı bir şey düzün-qoşun… Həmin alimlər də bizim tərəflərin lülə kababından, təndir çörəyindən basıb-yeyib, samaqon arağından da vuraraq çar hökumətinə daklad eləyiblər ki, bəli, burada nə desək əmələ gələr. Nəticədə 1914-cü ildə çar Rusiyasında ilk elmi stansiya - Cəfərxan Şorlaşma Stansiyası məhz bizim mələkətdə yaradılıb. Sonra görüblər ki, “Cəfərxan Şorlaşma Stansiyası”nın adı primitiv səslənir, götürüb onu bir qədər “sovremenniləşdiriblər”: Muğan Meliorativ-Təcrübə Stansiyası.
Tarixçilər ərz edirlər ki, Cəfərxan qəsəbəsində meliorativ praktikada ilk dəfə olaraq şorlaşmış torpaqların meliorasiyası üçün örtülü drenaj tikilib, nə bilim təsnifatlar aparılıb, guya yuma texnologiyaları sınaqdan çıxarılıb və sair və ilaxır. Xülasə, bu təcrübə stansiyasında alim ivanlar Allah bilir hansı hoqqalar çıxarıblar…
Azerbaycaninfo.com bildirir ki, bu urusların ağlına da gəlməzdi ki, bir vaxt Azərbaycanın Əhməd Əhmədzadə adlı nəhəng bir melioratoru peyda olacaq və bu sahədə hətta “imperator” tituluna da layiq görüləcək. Elə buradaca qeyd edək ki, meliorasiya çox çətin və mürəkkəb sahədir. Bu işin yan-yönünü bilməyən adam elə “suvarılan torpaqlarda şoranlaşıb” batar. Zira bizim Əhməd müəllim bu sahədə o qədər bişib ki, urus alimləri nədir, lap “mirovoy akademiklər”i bükdələyib qoyar dizinin altına! “Suvarma imperatorumuz” elə-belə deyil ki, otuz ildi hökmranlıq edir. “Torpaq deyir, öldür məni, dirildim səni” atalar sözünə əməl edən Əhməd Əhmədzadə “torpağı öldürməklə” nəinki özünü, bütün qohum-əqrəbasını, dost-tanışlarını da “dirildir”…
Bir sözlə, “Suvarma imperatorumuz”un “vesi” respublikada çox böyükdü. İnsafən Əhməd müəllim barədə hamı xoş söz deyir, onun xeyirxahlığından, səxavətliliyindən söz açır. Elə biz də Əhməd Əhmədzadəni belə tanıyırdıq. Əgər, zəhrimara qalmış bu urus bratlarımızın 100 il bundan qabaq Saatlı rayonunun Cəfərxan qəsəbəsində yaratdıqları sınaq-təcrübə stansiyası olmasaydı…
Məsələ burasındadır ki, Əhməd Əhmədzadənin əsabələrindən kimsə təklif verib ki, gəlin həmin stansiyanın 100 illiyini qeyd edək. Elə hər şey də buradan başlayıb. Əhməd müəllimi tanıyanlar yaxşı bilirlər ki, o, hələm-hələm avantüralara baş qoyan adam deyil. Yəni, urus demişkən, “podumaeş, kakoy-nibud” stansiyanın 100 yaşı tamam olur… Uzaqbaşı bunu çox kiçik bir toplantı ilə yada salmaq olardı. Amma bu yubiley törəninin təşkilatçıları nə məqsəd güdübsə, çirmənib cani dildən işə elə girişiblər ki, sanki bunun məmləkət üçün çox önəmli ictimai-siyasi əhəmiyyəti varmış.
Deməli, bu il dekabrın 20-də Azərbaycanın çox nüfuzlu və vəzifəli şəxsləri bir araya gələrək gediblər Saatlı rayonunun Cəfərxan qəsəbəsinə. Həmin qəsəbədə əvvəlcə “Muğan-Meliorasiya Təcrübə Stansiyası”nın yaranmasının 100 illiyi münasibətilə bir elmi-praktik konfrans yapıblar. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirə “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, səhmdar cəmiyyətin, Memarlıq və İnşaat Universitetinin, habelə elmi-tədqiqat institutlarının professor və elmi işçiləri iştirak edib. “Çıxış edənlər təcrübə stansiyasının əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu stansiya respublikada suvarılan torpaqlarda geniş elmi-tədqiqat işləri aparmaq üçün yaradılmış ilk elmi müəssisədir”.Hə, əziz oxucular, APA-nın xəbəri qalsın burda, sizlərə bundan sonrakı əhvalatları nağıl eləyək. Konfrans-monfrans, stansiyanın yubileyi kimə gərəkdi, əsas yeyib-içmək stoludu. Konfrans bitəndən sonra möhtərəm qonaqlar Saatlıdakı “Aysən” Şadlıq Sarayında təşkil olunan möhtəşəm banketə dəvət olunublar. Məclisdə vaqe olanlar barədə isə bizə iştirakçılardan biri danışıb…
Qabaqcadan deyək ki, adıçəkilən şadlıq sarayı “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin nəzdindəki Mil-Muğan Meşə Meliorasiya İdarəsinin rəisi Xanhüseyn Əhmədova məxsusdur. Və Saatlıda bunu bilməyən yoxdur ki, Xanhüseyn müəllim həmin saraya öz qızının adını verib. O ayrı məsələ ki, bu şadlıq sarayı rəsmən kimin adına “oformit” olunub, yəni, mümkündür ki, Xanhüseyn Əhmədov bunu öz adına və qızının adına rəsmiləşdirməsin. Amma təkrar edirik: bütün Saatlı əhli bilir ki, saray məhz Xanhüseyn Əhmədovundur. Aydınlıq üçün bir daha xatırladaq ki, Xanhüseyn Əhmədov bir vaxtlar Saatlının icra başçısı vəzifəsində işləyən Gülhüseyn Əhmədovun dop-doğmaca qardaşıdır.Həmin məclisdə iştirak edən və təbii ki, adının çəkilməsini istəməyən məmurun dediyinə görə, saraydakı təntənəli törənə təxminən 70 nəfərə yaxın adam qatılıb. Stol nə stol! Ən yüksək səviyyədə ləziz yeməklər, aztapılan quş növlərinin kababları, bahalı balıq delikatesləri, daha nələr, nələr…Heç şübhəsiz ki, “ev sahibi” rolunda Xanhüseyn Əhmədov olub. Nədən ki, həm yerli adamdır, həm sarayın sahibidir, həm də zarafat deyil, tabeliyində işlədiyi “Suvarma imperatoru” qonaq gəlib. Bizim də necə qonaqpərvər olduğumuz elə ta qədim zamanlardan bütün dünyaya bəllidir. Məsələn, məşhur ingilis səyyahı Antoni Cekinsonun “Gündəlik” adlı əsərini oxusanız, orada çox maraqlı faktlara rast gələcəksiniz. Səyyah adıçəkilən əsərində qeyd edir ki, Şirvan xanı Abdulla xan Şamaxı şəhərində onun şərəfinə qonaqlıq verir. Bu qonaqlıqda isə süfrəyə iki dəfəyə 290 növ (?!) yemək gətirilib. Süfrəyə birinci dəfə 140, ikinci dəfə isə 150 növ yemək qoyulub.“Aysən” Şadlıq Sarayında yemək növlərinin neçə cür olduğunu söyləyə bilmərik. Amma bizə bu barədə məlumat verən şəxsin dediyinə görə, 70 nəfərin iştirak etdiyi bu məclisin hesabı haradasa 15-20 min manat civarında olub.
Ortaya belə bir sual çıxır: Xanhüseyn Əhmədov həmin məbləği öz cibindən ödəyərmi? Əlbəttə, yox! Belədə qarşımıza lap yekə SUAL çıxır: elə isə bu təmtəraqlı qonaqlığın haqq-hesabını kim verib?
Təbii ki, məclisdə iştirak edhən digər vəzifəli şəxslər lap “Məşədi İbad” filmindəki kimi yeyib-içib ağızlarını marçıldadacaq, bahalı şərablardan vuracaq və bir-birləri ilə “maç-quc” edərək ayrılacaqlar. Bəs haqq-hesab?
Aldığımız məlumata görə, “şot” Əhməd Əhmədzadəyə aid olub. Nədən ki, artıq ərz elədik: Xanhüseyn Əhmədov o boyda hesabı ödəməyi boynuna götürməz, yəni bu saray sahibinə qətiyyən sərf eləməz. O zaman bir variant qalır: deməli, lənətə gəlmiş o stansiyanın 100 illiyinə görə büdcədən hansı vasitə ilə pul silinəcək. Bəlkə ayrı variantlar var, buyurun deyin…
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Bu yerdə yazdığın “Qurbanəli bəy” hekayəsi yada düşür: “Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür”.
Görəsən Mirzə Cəlil sağ olsaydı, Cəfərxan qəsəbəsindəki bir stansiyanın 100 illiyinə görə dövlətin bu qədər pulunu göyə sovuranlar barədə nə yazardı? Ölkə Prezidenti demişkən, bu qədər harınlamaq olmaz axı…
“Aysən” Şadlıq Sarayındakı haqq-hesabın “Suvarma imperatoru”muz tərəfindən tezliklə ödəniləcəyinə biz də şübhə etmirik. Bəlli olan budur ki, Əhməd Əhmədzadə hələ ki, pulu çatdırmayıb, yəni loru dildə desək, adını “nisyə dəftəri”nə yazdırıb. Ödəniləcək məbləğ isə kasıb-kusubun, adi vətəndaşların cibindən gedir…
Yeri gəlmişkən çox həssas bir məqama da toxunmaq istərdik. Maraqlıdır ki, dövlət başçısı ilə Əhməd Əhmədzadənin sözügedən bölgəyə səfəri təxminən eyni vaxta düşür. Yəni, bu ay dekabrın 15-də Azərbaycan Prezidenti Sabirabad-Saatlı zonasına səfər edib, dekabrın 20-də isə stansiyanın 100 illik yubileyi keçirilib və “Suvarma imperatoru” öz əsabələri ilə Saatlıda olub.İndi gəlin, bu iki səfər barədə kiçik paralellər aparaq. El dilində desək, o boyda ölkə Prezidenti öz komandası ilə bütün qayda-qanunlara riayət etməklə bölgəyə gedib. Kimsə də deyə bilməz ki, dövlət başçısı kimlərisə başına yığıb yeyib-içməklə məşğul olub. Yaxud, bunu İlham Əliyevi müşayiət edənlər barədə də söyləmək qeyri-mümkündür.Di gəl, yuxarıda söylədiyimiz kimi, elə də əhəmiyyəti olmayan bir “stansiya yubileyi” gündəmə gəlir, orta ranqlı dövlət məmuru Xanhüseyn Əhmədov öz “sevimli imperatoru”na qucaq açır və onun şərəfinə dəbdəbəli ziyafət məclisi qurur. İstər Əhməd Əhmədzadə, istərsə də Xanhüseyn Əhmədov məgər dövlət başçısından nümunə götürə bilməzdilərmi? Axı, belə vəzifəli şəxslərin bu cür əməllərini sadə insanlar görür, eşidir və öz qiymətlərini verirlər. Açıq deyək ki, bu təkcə dövlət vəsaitindən sui-istifadə edib, onu sağa-sola xərcləmək deyil, həm də iqtidarı gözdən və nüfuzdan salan bir addımdır.
Sonda “Stansiya”ya yubiley keçirib dövlət əmlakını dağıdanlara bir neçə il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin bəzi xəbərdarlıqlarını xatırladırıq:
- Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdir!
- Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır.
- Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirirlər. Yaraşırmı bu, dövlət məmuruna?

P.S. Ola bilsin ki, bu mövzuya bir daha qayıdacağıq. Ona görə də nöqtəni hələlik qoyuruq… Hələlik!