BolgeXeber.Com » Analitika » Heç də, birmənalı qarşılanmayan maaş artımı

Heç də, birmənalı qarşılanmayan maaş artımı

19-01-2015, 08:55
Oxunub: 4 913 Dərs yükü normasını 1,5 dəfə artırıb, 12 saatdan 18 saata çatdırarkən, 6 saat dərs yükü kimdən alınıb, kimə veriləcək?

Uzun illərdən bərı müəllimlərin böyük səbirsizliklə gözlədiyi maaş artımı intizarına nəhayət son qoyuldu.(əgər buna son qoymaq demək olarsa). Bununla belə bu artım heç də hamı tərəfindən bir mənalı qarşılanmadı. Çünki, bu artım sevincini yaşamaq, heç də bütün müəllimlərə deyil, yalnız dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan bir qrup müəllimə nəsib olacaq, özü də həftəlik dərs yükünün optımallaşdırılması hesabına.Yəni stavka sovet dönəmində olduğu kimi, yenidən 12 saatdan 18 saata qaldırılacaq. Diaqnostik qimətləndirmə dedikdə isə ötən ilin yayında paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq imtahanları nəzərdə tutulur.
Kimisə 2 dəfəlik artımın o qədər də real görünmədiyini, bunun 30 faizdən də az olacağını, kimisə müəllim- şagird nisbətinin buna imkan verməyəcəyini, kimisə də digər bir çox dolaşıqlıqları əsas gətirməklə, məsələyə öz münasibətini bildirdi.Bu da gözlənilən idi. Çünki, Təhsil Nazirliyinin problemə münasibətı və məsələnin həllində tutdugu mövqe elə əvvəldən optimallıq baxımından o qədər də uğurlu deyildi .Qərar isə, məhz bu ali təhsil qurumunun hökumətə təqdim etdiyi təkliflər əsasında verilib və göründüyü kimi heç də ümumilikdə müəllim zümrəsinin maaş artımı olmayıb, yalnız paytaxtın müəllimlərı üçün stimullaşdırıcı artım xarakteri daşıyır.
Məlum olduğu kimi, hələ 1999-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə,yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stımullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqınə lazımi diqqət yetirilməməsı xüsusi olaraq vurğulanmış, bu məqsədlə rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.
On illik bir dövr ərzində qəti mövqe ortalığa qoymaq, illərdən bərı biganəlik göstərilən məsələni həll etmək əvəzinə, Təhsil Nazirliyi müəllimlərə lisenziya, bir müddən sonra sertifikat verilməsi, daha sonra könüllü attestasiya keçirilməsi barədə müxtəlif versiyalar irəli sürməklə məşğul oldu. Nəhayət, son olaraq Bakı Şəhəri üzrə təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək, ötən ilin mayında “Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may,2014-cü il, № - 526) əmr verdi ki, bu da öz növbəsində bir çox ekspertlər tərəfindən monipulyasiya kimi qiymətləndirilərək, səs-küysüz ötüşmədi. Həmin əmrə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirmənin nətıcələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər.
Təhsil Nazirliyinin yüksək çinli məmurları isə, əmrin təbliği istiqamətində müəllimləri əmin etməyə çalışırdılar ki, “sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir.” Əmrdən və açıqlamalardan göründüyü kimi əmək haqqı məsələsi Nazir əmrinin predmeti olmayıb.
Lakin, bir müddət keçdikdən sonra isə, müəllimlərin ənənəvi sentyabr müşavirəsində Nazir səviyyəsində rəsmən bəyan edildi ki, attestasiyadan keçməyən müəllimlərin əmək haqqı artırılmayacaq. Nə baş verdi?
Əvvəla, dilimizdə sınaq anlayışının özü elə sınaq xarakteri daşıyıb, bir növ “məşq” anlamına gəlir və yalnız Bakının 300 məktəbindən 28 mindən bir az artıq olan müəllim kontıngentini əhatə edir. İkincisi, regionlarda çalışan on minlərlə müəllim nə günah sahibidir ki, ayrı seçkilik aparıb, onları bu sınaqlara cəlb etməyiblər. Ümumiyyətlə müəllimləri şəhər- kənd kateqoriyasına bölmək hansı məntiqdən irəli gəlir? Üçüncüsü, yalnız iknci mərhələyə ehtiyac yarandıqdan sonra “yekunlaşan” imtahanlardan bütün müəllimlərin keçib- keçməməsinə, habelə bu imtahanların nə dərəcədə obyektiv və şəffaf olmasına da tam təminat yoxdur. Nəhayət, heç də bütün müəllimlər gözlənildiyi kimi, tələb olunan nəticələrə nail ola bilməyiblər. Bu mənada, maaş artımının sınaq qiymətləndirmədə zəif və yüksək nətıcə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil edilməsi, istər Təhsil sahəsində islahat Proqramının, istərsə də Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəaları ilə uzlaşmır. Strategiya müəllimlərin maddı motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən səriştə və nətıcə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabətəqabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur.Hazırkı məqamda isə sərıştə və nəticə nəzərə alınmamış olur.
Digər bir məsələ. Təhsil Nazirliyi “Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə”verdiyi əmrə birmənalı münasibət bildirmədiyi kimi, maaş artımı ilə bağı verilən qərara da ikili münasibət sərgiləyir. Nazirlikdən verilən ilkin açıqlamaya görə maaş artımı sınaq qiymətləndirmədə zəif və yüksək nətıcə göstərmələrindən asılı olmayaraq hər kəsə şamıi ediləcək. Növbəti gün isə Nazir bəyan edir ki, bizim məqsədimiz ondan ibarətdir ki, yüksək nətıcə göstərmiş müəllimlərın əmək haqqısı ilə o qədər də yüksək nətıcə göstərməyən müəllimin əmək haqqısında fərq olmalıdır. Sınaq qiymətləndirilməsi nətıcəsində yüksək nətıcə əldə etmiş müəllimlərlə zəif nətıcə əldə etmiş müəllimlərin dərs yükünün miqdarı direktorlar tərəfindən tətbiq olunacaq.
İstər-istəməz müəyyən suallar meydana çıxır. Əgər qiymətləndirmənin nətıcələri nəzərə alınmayacaqdısa, yayın qızmarında kimlərisə iş-gücündən, kimlərisə istirahətindən və məişət qayğılarından ayırıb, sınaq imtahanlarına cəlb etməklə ajiotaj yaratmağa nə ehtiyac var idi? Elə isə, bu halda nəyə görə maaş artımı bütün müəllimlərə deyil, yalnız qiymətləndirmədən keçənlərə aid edilir? Rəhbərlik etdiyi məktəbə müəllim götürməkdə belə etibar edilməyən direktora yüksək və zəif müəllimi dəyərləndirmək müəyyən problem yaratmayacaqmı?
Başqa bir mühüm məsələ. Mərhələlər üzrə həyata keçirilməli olan bu prosesdə, ilkin olaraq müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması ilə bağli məsələlər öz həllini tapmalı idi. Dərs yükü normasını 1,5 dəfə artırıb, 12 saatdan 18 saata çatdırarkən, 6 saat dərs yükü kimdən alınıb, kimə veriləcək? Axı bir çox müəllimlərin heç 12 saat da dərsi yoxdur. Bu, ixtisarlar etmək hesabınamı reallaşacaq? 18 saatdan artıq dərs yükü olanların əmək haqqına təsiri hansı səviyyə ilə ölçüləcək? Müəllim artıqlığı və çatışmazlığı olan regional məsələlər necə həll olunacaq və.s
Bir qrup müəllimin maaşını “2 dəfə” artırmaqdansa (əgər bu reallığı əks etdirirsə), cüzi olsa belə bütün müəllimlərin əmək haqqını qaldırıb, onları da sevindirmək, daha ədalətli və humanist addım olardı. Çünki harda çalışmasından asılı olmayaraq paytaxtdakılar da, regiondakılar da, diaqnostikadan keçib keçməməsindən asılı olmayaraq, şərəfli müəllim adı daşıyır və onların hər birinin maddi və mənəvi cəhətdən dövlət dəstəyinə böyük ehtiyacları var.
Bütün müəllimlər eyni əmək haqqı ala bilməz, məntiq də, dünya təcrübəsi də bunu deyir,
Bunun üçün isə, normal attestasiya keçirib müəllimlərin ixtisas və peşə səviyyəsinə obyektiv qiymət verıb dərəcələndirməklə fərqi aradan qaldirmaq olar.
Bu isə ciddi hazırlıq işlərinin aparılmasını tələb edir, yəni proses tam başa çatdıqdan sonra, Strategiyada nəzərdə tutulduğu kimi mərhələlər üzrə, səriştə və nətıcə əsasında, diferensiallaşdırılmış qayda stimullaşdırma mexanizmlərini tətbiq etmək, özünə güvənənlər üçünsə ilkin olaraq könüllü attestasiya keçirmək olardı.
Hər halda kimlərınsə təəccübündən, kimlərinsə təəssfündən asılı olmayraq hamını əhatə etməsə belə müəllimlərin əmək haqqının hər hansı bir formada artması təqdirəlayiq haldır.Ümid edək ki, çox keçməz digərləri də sevinər.

PS: Sonda, bir məqamı da qeyd etmək yerinə düşərdi ki, bu Təhsil Nazirliyinin tələskənliyə yol verdiyi birinci hal deyil.

Nadir İsrafilov, təhsil eksperti

Bolgexeber.com