BolgeXeber.Com » Analitika »  Neft-Energetika kollecində bazar QAYDALARI

 Neft-Energetika kollecində bazar QAYDALARI

21-01-2015, 11:10
Oxunub: 6 564 [size=15]Mehman Abduləzizov direktoru olduğu kollecdə ixtisas dəyişmək arzusunda olan tələbələrdən də gəlir qaynağı kimi bəhrələnməyi bacarır

Aldığımız məlumatlarda Bakı Neft-Energetika Kollecində yenə də çeşidli qanun pozuntularının, müxtəlif korrupsiya hallarının baş alıb getməsinə dair açıqlamalar yer almaqdadır. Kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu önə çəkirlər. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunduğu kimi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Son məlumatları təqdim edən mənbələr bildirirlər ki, yanvarın 18-də başa çatmış növbəti sessiya imtahanları da kollecin direktoru Mehman Abduləzizov üçün olduqca “uğurlu” keçib. Belə ki, ixtisas rəhbərlərinə bir imtahana görə hər tələbədən 50 manat (minimum) almağı tapşıran direktor artıq yığdığı pulları saymaq və çeşidləməklə məşğuldur. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, Mehman Abduləzizov direktoru olduğu kollecdə ixtisas dəyişmək arzusunda olan tələbələrdən də gəlir qaynağı kimi bəhrələnməyi bacarır. Belə ki, həmin gənclərin ixtisas dəyişmək arzularını həyata keçirməklə o, həm özünü, həm də qarşı tərəfi razı sala bilir. Mənbələr bildirirlər ki, hazırda Bakı Neft-Energetika Kollecində təhsil alan tələbələrin bir qismi kollec daxilində ixtisaslarını dəyişmək arzusundadır. Bunun üçün isə onlar kollec rəhbərliyi tərəfindən irəli sürülən şərtlərlə razılaşmalı və mütləq onlara əməl etməlidirlər. Yalnız bundan sonra tələbələrin bu ixtisasdan digərinə köçürülməsini reallaşdırmaq mümkündür. Göründüyü kimi bu təhsil müəssisəsində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən Bakı Neft-Energetika Kollecində tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr təbii ki, dərslərə davamiyyətə də məhəl qoymurlar. Daha sonra məlumatlarda vurğulanır ki, Mehman Abduləzizov yol verdiyi özbaşınalıqlara və qanun pozuntularına görə nə vaxtsa məsuliyyətə cəlb oluna biləcəyi ehtimalını ağlına belə gətirmir. Belə ki, onun hansısa nüfuzlu himayədarlarının səyləri nəticəsində kollec direktorunun törətdiyi əməllər hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Buna görə də öz cəzasızlığına tam arxayın olan direktor kolleci dövlətin qanunları ilə yox, özünün qoyduğu qaydalar əsasında idarə edir. Eyni zamanda da bu özbaşınalıqlar digər dövlət qurumlarının səlahiyyətlərinin mənimsənilməsi və onların nüfuzlarına xələl gətirilməsi ilə müşayiət olunur. Belə ki, digər təhsil müəssisələrinə olduğu kimi əslində Bakı Neft-Energetika Kollecinə də qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Lakin mənbələrin iddialarına görə, Mehman Abduləzizovun “səyləri” nəticəsində hər il çoxsaylı tələbə bura testdən kənar daxil olur. Təbii ki, bu ittihamlar əsasında kollecdə müvafiq araşdırmaların aparılması və qanun pozuntularının aşkar olunması elə mürəkkəb bir proses olmaz. Lakin bu məqamda yenə də Mehman Abduləzizovun “qüdrətli” himayədarları səhnəyə daxil olurlar və məhz onların müdaxiləsi nəticəsində Bakı Neft-Energetika Kollecində baş verənlərə aydınlıq gətirilməsi ildən-ilə təxirə salınır... bizimdovr.az