BolgeXeber.Com » Analitika » Bakı Kompüter Kollecində ara qarışıb, məzhəb itib... -

Bakı Kompüter Kollecində ara qarışıb, məzhəb itib... -

30-01-2015, 18:35
Oxunub: 4 795 Şöbə müdirinin həbsi aləmi bir-birinə qatıb

Bakı Kompüter Kollecinin şöbə müdirinin həbs olunması barədə xəbər vermişdik. Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri zamanı Ə.Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. Ə.Səfərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Kolleclə bağlı əldə etdiyimiz şok faktlara keçid almamışdan öncə qeyd edək ki, Bakı Kompüter Kolleci 1991-2001-ci illərdə fəaliyyət göstərən Bakı Kompüter Liseyinin bazası əsasında meydana gəlib. Kollecə dörd ixtisas üzrə Azərbaycan və rus bölmələrinə test üsulu ilə tələbə qəbulu aparılır. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən şöbə müdiri Ələddin Səfərovun həbsi kollecin bir sıra vəzifəli şəxslərini, daha çox da direktor İradə Səfərovanı təşvişə salıb: "Ələddin Səfərov heç vaxt özbaşına şəkildə tələbədən rüşvət tələb edə bilməzdi. Çünki kollecin direktoru var. Təhsil ocağında yayılan məlumatlara görə, həbs olunan şöbə müdirini tələbədən rüşvət almağa məhz İradə Səfərova təhrik edib. Hazırda aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirirlər. Baş Prokurorluq kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə əsaslı şübhələrin olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, təhsil ocağında bundan əvvəl də xoşagəlməz işlərə imza atılıb. Direktor çox narahatdır. Yəqin ki, şöbə müdiri onu tələbədən rüşvət almağa vadar edən şəxs və ya şəxslərin adını istintaqa açıqlayacaq. Kollec rəhbərinin narahatlığı buna görədir. O şöbə müdirinin hər şeyi olduğu kimi istintaqa açıqlayacağından ehtiyatlanır. Ələddin Səfərov istintaqa obyektiv ifadə versə, o zaman İradə xanımın həbsi qaçılmaz olacaq". Məlumatlı mənbənin dediyinə görə, kollecdə çalışan müəllim heyəti və tələbələrin əksəriyyəti direktorun fəaliyyətindən narazıdır: "Dərsə davamiyyətin arzuolunan səviyyədə olmaması, semestr imtahanları zamanı tələbələrin əlavə xərcə salınması, qayiblərin müəyyən "sövdələşmə" nəticəsində silinməsi, tədris vəsaitlərinin yetərli olmaması, təhsilin keyfiyyətinin standartlara cavab verməməsi, tələbə-müəllim münasibətlərinin səhmana salınmaması və s. kimi problemlər Bakı Kompüter Kollecində ciddi fəsadlar yaradıb. İradə xanımın qanunasığmayan əməllərindən Təhsil Nazirliyinə dəfələrlə şikayət olunub. Bu şikayətlərə təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlər, sanitar normaların gözlənilməməsi, imtahan sessiyaları zamanı tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmadığı, tələbələrin aldıqları qiymətlərdən narazılıqları, tələbələrin müxtəlif bəhanələrlə imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməsində yaranmış problemlər daxil olub. Lakin nəyəsə görə onun barəsində heç bir tədbir görülməyib". Ümid edirik ki, Baş Prokurorluq və təhsil naziri Mikayıl Cabbarov bu məsələnin axırına çıxıb vəzifəsindən sui-istifadə edən digər şəxsləri də cəzalandıracaq.