BolgeXeber.Com » Analitika » Lisenziyalı cinayətkar dəstə - “Azər Mühafizə” MMC və “Qala BTC” MMC

Lisenziyalı cinayətkar dəstə - “Azər Mühafizə” MMC və “Qala BTC” MMC

3-02-2015, 13:35
Oxunub: 4 228 “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti adlı qurum işə düzəltmək adı ilə vətəndaşlardan 3500 manat dəyərində pul alır

Bir müddət öncə “Azər Mühafizə” MMC və “Qala BTC” MMC adlı özəl mühafizə şirkətlərinin əməkdaşları əmək haqlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçirdilər.Bu etiraz aksiyası şirkətin təmsil olunduğu müxtəlif bölgələrdə müşahidə olundu, hətta Prezident Aparatının qarşısında da aksiya keçirildi. Bolgexeber.com xəbər verir ki, baş verən hadisə haqda “Azadlıq” qəzeti məqalə hazırlayıb. Yazıda bildirilir ki, məlum oldu ki, “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti adlı qurum işə düzəltmək adı ilə vətəndaşlardan 3500 manat dəyərində pul alır. Bu miqdarın 1000 AZN-i “şirinlik”, 2500 AZN-i isə depozit kimi götürülür. Şirkət depozit kimi ödənilən pulun yarısını maaş kimi verəcəyinə söz verir. Lakin şirkətin məsul şəxsləri pulu aldıqdan sonra götürdükləri öhdəlikərin heç birini yerinə yetirmirlər. Buna görə də, şirkətin dələduzluğundan əziyyət çəkən insanların bir qismi etiraz yolu ilə haqlarının bərpasına çalışır.

Verilən məlumata görə, bu şirkətlərdə 10000 nəfərə yaxın əməkdaş işləyirmiş. Onların verilməyən son 3 aylıq maaşı 3 milyon manatdan artıq edir. Bugünlərdə məlum oldu ki, şirkətlərin vəzifəli şəxsləri həbs olunub. Onlar dələduzluqda, etibardan sui-istifadə etməkdə ittiham olunur. Amma Şirkətdə işləyənlər bu həbslərdən narazıdırlar. Çünki, onlara kiminsə həbsi yox, dəymiş ziyanın ödənilməsi vacibdir.

Qəzet yazır ki, məsələnin maraqlı tərəfi bundadır ki, bu şirkətlərə lisenziyanı DIN verib: “Yəni belə bir şirkətin fəaliyyətindən DIN xəbərdar imiş və şirkət qanuni şəkildə fəaliyyət göstərirmiş. Amma DIN-dən verilən açıqlamada məlum olur ki, nazirlik bu şirkətdə baş verənlərdən, qanunsuz fəaliyyətdən xəbərsiz imiş.

Təsəvvür edin ki, 10000 nəfər işçisi olan bir şirkət açıq şəkildə dələduzluqla məşğul olur, vətəndaşlardan külli miqdarda pul alır və rahat şəkildə fəaliyyətini davam etdirir. Ölkənin və vətəndaşın təhlükəsziliyinə cavabdeh olan qurumlar isə bundan xəbərsiz imiş.

Bir anlıq düşünək ki, bu şirkətin məqsədi ölkədə hansısa terror hadisəsi törətmək olub. O zaman bu böyük şəbəkənin edə biləcəklərini təsəvvür etmək çətin deyil. Necə olur ki, bir müxalifətçini gecə-gündüz izləyən qurumlar bu nəhəng şirkətdə baş verənlərdən xəbərsiz olur?

Bu sualın 2 cavabı ola bilər. Ya həqiqətən də aidiyyəti qurumlar əhalinin təhlükəsizliyini qorumaq iqtidarında deyil, ya da bu şirkəti yüksək çinli hansısa məmur himayə edir…”
Bolgexeber.com