BolgeXeber.Com » Analitika » Məmurların vecsizliyinin sirri

Məmurların vecsizliyinin sirri

9-02-2015, 11:05
Oxunub: 3 511 Bu xalqın Qarabağ üçün, Vətən üçün meydana çıxdığı vaxtlar çoxdan keçib

Bu günlərdə jurnalist dostum Rüfət Əhmədzadə ilə görüşüb çay içdik. Bu görüş tələm-tələsik, 10-15 dəqiqəlik oldu. Çünki Rüfət tələsirdi, Xarici İşlər Nazirliyinə Qarabağa aid bir məsələ ilə bağlı sorğu göndərmişdi və “onun cavabı gələr, sayta gec verərəm” deyə narahat oturmuşdu. Bu, jurnalistin peşə borcundan doğan narahatlıqdır, başa düşmək lazımdır. Amma sizi – sayt oxucularını yaxşı tanıyan bir adam kimi deyə bilərəm ki, biz çayxanada 2 saat oturub nərd oynasaydıq belə, o xəbərin tez və ya gec yayılması kimsəni narahat etməyəcəkdi. Mən də elə bunu dedim. Nə isə, söhbət oxucuların tələbi və marağı üzərinə gəldi. Mənim yaram çoxdan qaysaqlanıb, amma Rüfət gəncdir, idealistdir deyə kövrəldi, ürəyinin yarası açıldı və başladı xalqdan gileylənməyə.

Nəymiş, onun yazdığı xəbərlərə beynəlxalq mətbuat da istinad edirmiş, amma Azərbaycan oxucuları oxumurmuş. Nəymiş, o xarici siyasət jurnalistidir, amma ona elə müğənnilərlə, qalmaqallarla bağlı suallar verirlər, fikir soruşurlar. Həm də, sən Allah, nəymiş, gənclərin belə düşük mövzulara maraq göstərməsi, xarici siyasətə, Qarabağ probleminə vecsiz olması bizim dostumuzu məyus edirmiş!

Gülməlidir, vallah! Bu xalqın Qarabağ üçün, Vətən üçün meydana çıxdığı vaxtlar çoxdan keçib. Hətta o vaxtı “oturmayan ermənidir” sözünə görə hamı yerə yatırdısa, indi sənlə prinsipə girərlər, “Həpimiz ərməniyiz, həpimiz Hırant Dinkiz” deyib dirəşərlər də... Qloballaşmanın “antrikot” variantı.
Xalq həqiqətən vecsizdir – öz taleyinə qarşı. Artıq Qarabağ mövzusunun çeynənilməsi, ümummili problemlər, siyasi qanqaraçılıqlar insanlarda “bunalım” yaradıb. Baxırsan, şəvə bığlı, yekəqarınlı kişidir, oturub iki müğəni arasında gedən qalmaqalı, söyüşməni izləyir. Xalqın kişisi belə təsəlli tapır. Hirsini küçədə, avtobusda, metroda, ya da sosial şəbəkədə başqa sadə vətəndaşlardan çıxır. Amma hansısa müzakirə düşəndə ümumi rəy belə olur: “Məmurlar xalqı vecinə almır. Bura Azərbaycandır, düzələn deyil”.... Belə bir cəmiyyəti hansı ağlı başında olan məmur vecinə alar? Sən bütün müğənnilərin kimlə yatıb-durduğunu az qala əzbər bilərsən, amma həbsdə olan 3 ictimai fəalın adını çəkə bilməz... Vecsizliyin sirri budur, əzizlərim!
Əlişir Əhəd
Bolgexeber.com