BolgeXeber.Com » Analitika » “Karolina Valiant" müştəriləri aldatmaqda davam edir

“Karolina Valiant" müştəriləri aldatmaqda davam edir

10-02-2015, 12:10
Oxunub: 7 671 Vətəndaşlar hələ də şirkətin qurbanına çevrilirlər

Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına böyük dəstək verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün ölkəmizdə bütün sahibkarlara lazımi şərait yaradılır. Lakin dövlətimizin bu cür imkanından öz məqsədləri üçün istifadə edənlər var. Belə ki, ölkəyə keyfiyyətsiz, amma yüksək qiymətə məhsullar gətirirlər. Xüsusilə Çin istehsalı olan keyfiyyətsiz məhsulları ölkəmizə gətirərək insanlara baha qiymətə satırlar. O qədər keyfiyyətsiz məhsulları olurlar ki, heç Çin əhli bu cür məhsullardan istifadə etmirlər. Belə şirkətlərdən biri də Qafqazın ən böyük xəz-dəri qalereyası olan "Karolina Valiant"dır. Artıq uzun illərdir ki, "Karolina Valiant" respublikamızda əməlli- başlı özünə yer edib. Hər gün televiziyada, radioda bu şirkətin məhsullarını reklam etdiklərini görürük. O qədər tərifləyirlər ki, insanlar ora üz tutmağa başlayırlar. Ora daxil olanda isə gəlhagəl başlayır. Məhsullarını o qədər tərifləyirlər ki, məhsulların həqiqətən də yüksək keyfiyyətə malik olduğuna inanmağa başlayırsan. Bu yolla keyfiyyətsiz məhsullarını keyfiyyətli məhsul adı altında müştərilərə sırımağa çalışırlar. Sözsüz ki, dəridən başı çıxmayan müştəri isə buna dərhal inanır. Çin istehsalı olan məhsulları müştərilərə insanlara İtaliya, Amerika, Yunanıstan istehsalı kimi təqdim edirlər. Azərbaycanda, həmçinin Rusiyanın Xarkov və Pyatiqorsk şəhərlərində iki salonu olan bu mağazalar şəbəkəsi hazırda bazarın lideri sayılır. Şirkətin nümayəndələri xəz-dəri çeşidlərinin İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlandığını bildirirlər. "Karolina Valiant"ın özünün məhsullarına gəlincə, istehsalda İtaliyanın, İspaniyanın böyük şirkətlərinin xammallarından istifadə edildiyi qeyd olunur. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır. Yəni müştərilər buna asanlıqla aldanıb qalereyadan mal almaq qərarına gəlirlər. Amma reallıqda vəziyyət tamamilə fərqlidir. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda "Karolina Valiant"ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür. Aparılan araşdırmalar göstərir ki, satılan malların qiyməti 1000 manatdan başlayır. Deyilənə görə, şirkət idxal etdiyi məhsullara xüsusi kimyəvi maddələr qatır. Bu isə insan sağlamlığı üçün olduqca təhlükəlidir. Bu kimi məlumatların mediada işıqlandırılmasına baxmayaraq, vətəndaşlar hələ də "Karolina Valiant" şirkətinin qurbanına çevrilirlər. Hesab edirlər ki, mətbuatda yazılanlar həqiqət deyil. Əslində, "Karolina Valiant"ın bu gün Azərbaycanda Çin malı ilə bazarı zəbt etməsi, "Avropa istehsalı" adı altında satışa çıxarması birbaşa olaraq, cinayət əməli hesab olunmalıdır. Xatırladaq ki, xəzin keyfiyyətini əsasən gözəyarı müəyyən etmək lazım olur. Yaxşı xəzin rəngi təravətli və parıltılı olur, bükülmür, tükləri sıx, tüklərin altı isə, düz və hamar, dərinin tərs üzü isə, yumşaq olur. Keyfiyyətli xəz bir yerə büzüşüb yığılmır və tezliklə öz ilkin vəziyyətinə qayıdır. Xəzin hər yerində tüklər eyni səviyyədə olur və heç bir yerdə dazlıq olmur. Hətta görünməyən yerlərdə belə. Kürkün astarı da, mal haqqında çox şey deyə bilər. Onun bortları düz olmalıdır. Yaxşı malın hər yerindən eyni iy gəlməlidir, markalar əl ilə tikilməməlidir. Daha bir vacib məqam, astar heç vaxt tamamilə bərkidilmir. Malın astar tərəfində çirkli, yayılmış ləkələr olmamalıdır. Astar düz, bir qədər tutqun və ağ rəngdə olmalıdır. Sadaladığımız bu kimi məlumatlar xəzin keyfiyyətindən xəbər verir. Ümumiyyətlə, dəfələrlə olub ki, "Karolina Valiant"dan şikayətlərin şahidi olmuşuq. Yəni bu durum ilk dəfə deyil yaşanır. Yeri gəlmişkən qeyd edək ki, bu gün "Binə" Ticarət Mərkəzində yerləşən istənilən mağazaya daxil olduqda, hər bir satıcı bilir ki, həmin mallar məhz Çindən gətirilir və bunu da təsdiqləyirlər.