BolgeXeber.Com » Analitika » “Azəriqaz”ın rəhbərinin hesabatı həqiqəti əks etdirir, yoxsa?..

“Azəriqaz”ın rəhbərinin hesabatı həqiqəti əks etdirir, yoxsa?..

12-02-2015, 14:10
Oxunub: 3 359 "Azəriqaz"ın rəhbərliyi qazlaşdırma siyasətini necə "sabotaj" edir?

Azərbaycanda qazlaşdırma səviyyəsinin dəqiq göstəriciləri üzərində baş sındıran ekspertlər məsələ ilə bağlı ARDNŞ prezidenti Rövnəq Abdullayevin verdiyi rəsmi məlumatlarda müəyyən düzəlişlər edilməsinə ehtiyac olduğunu bildirir. Qeyd edək ki, ölkədə qazlaşdırma işinin genişləndirilməsi üçün ilk növbədə, qaz şəbəkəsinin nəqletmə imkanlarının artırılması və normal rejimdə istismarının təmin olunması gərəkdir.

Eyni zamanda yeni magistral, daşıyıcı və paylayıcı kəmərlərin istismara verilməsi əhalinin qazlaşdırılması işini xeyli irəli aparan amillərdəndir. Azəriqaz İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev 2014-cü ilin yekunları ilə bağlı verdiyi müsahibələrində bildirir ki, 2009-2014-cü illər ərzində 26642,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 8082,5 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 721 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilib. Ümumilikdə, respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 730 mini ötüb. Həmin müddət ərzində yeni qazpaylayıcı stansiyalar əsaslı təmir olunub. Bütövlükdə isə Azərbaycanda qazlaşmanın səviyyəsi 84%-ə, o cümlədən Bakı şəhərində 99%, regionlarda isə 90%-ə çatdırılıb. Elə mübahisə də bu göstəricilər üzərində yaranıb desək, yanılmarıq. Belə ki, ekspertlərin rəyinə görə, bu rəqəmlər hələ ötən ilin birinci yarısına olan vəziyyəti əks etdirir. Son bir ildə işlərin sürətindən danışmaq yersiz olardı. Yalnız ötən ilin mart ayından başlayaraq qazlaşdırma işinin intensivləşməsinin müşahidə edildiyi deyilir. Lakin məsələnin digər tərəfi də var. Belə ki, qazlaşdırma aparılmış və aparılması nəzərdə tutulan bölgələrdə yeni tikililərin sürətlə artmasını da bir amil kimi nəzərdən qaçırmaq düzgün olmazdı. Bu baxımdan qazlaşmanın yekun göstəricilərinin ötənilki səviyyədən heç də fərqlənmədiyi üzə çıxır. Əgər belədirsə, onda bəs, "Azəriqaz" İstehsalat Birliyinin bu sahədə hansı uğurlu fəaliyyətindən danışmaq olar? Digər tərəfdən, Birliyin baş direktorunun imzaladığı raportların Dövlət Neft Şirkətində hansı səbəblərdən Ciddi araşdırılmaması ehtimalı da suallar doğurur. Nəzərə almalıyıq ki, Əkbər Hacıyev rəhbərlik etdiyi sahənin spesifikasından bir o qədər də səriştəli və məlumatlı kadr hesab olunmur, bunu "Azəriqaz" İB-də çoxları pərdəarxası etiraf etməkdədir. Hesabatlarının hazırlanması və tərtibi ilə məşğul olan peşəkar iqdisadçı və maliyyəçilər isə bəzi məlumatlara görə əksər hallarda baş direktorun ARDNŞ prezidenti qarşısında çətin durumda olmasında maraqlı görünür. Belə narahat situasiyalarla bir neçə dəfə üzləşdiyi bildirilən "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyevin hansı stresslərə məruz qaldığını təsəvvürdə canlandırmaq o qədər də çətin deyil. Lakin məsələni daha da qəlizləşdirən amillər də az deyil. Əkbər Hacıyevin "Azəriqaz"dan uzaqlaşdırılacağını gözləyənlərə sizcə nə lazımdır? Əlbəttə ki, bu şəxsin rəhbərlik qarşısında işbilməzliyini sübuta yetirən ciddi faktlar. Əgər qazlaşma ilə əlaqədar hər hansı qeyri-dəqiq statistika, yanlış məlumat ARDNŞ kimi ciddi bir dövlət qurumunun rəhbərinin dilindən səslənərsə, deməli, dolayısı ilə bunun babalı daha çox "Azəriqaz"ın baş direktorunun boynuna düşür. Digər tərəfdən, hər halda belə yanlışlıqlardan elə ARDNŞ prezidentinin imici də ziyan çəkir. Biz Rövnəq Abdullayevin ölkədə qazlaşma işinin sürətinin artırılması və qısa zamanda yüksək göstəricilər əldə edilməsi barədə "Azəriqaz"ın rəhbərliyinə ciddi tapşırıqlar verdiyini də gizlətmirik. Eyni zamanda Əkbər Hacıyevin hərəkətsizliyi ilə bu tapşırıqlara sərgilədiyi sayğısızlığın hansı mənbədən qaynaqlandığını bilmək istərdik. ARDNŞ prezidentinin qazlaşdırma siyasətinin "sabotaj" edilməsi ehtimalı da zənnimizcə, elə burdan yaranır.