BolgeXeber.Com » Analitika » «Azərsu» şefi haqda şok iddialar — Dövlətin pulunu qohumları ilə necə yeyir…

«Azərsu» şefi haqda şok iddialar — Dövlətin pulunu qohumları ilə necə yeyir…

23-02-2015, 18:40
Oxunub: 2 663 «Azərsu» şefi haqda şok iddialar — Dövlətin pulunu qohumları ilə necə yeyir…Ötən günlərdə xəbər vermişdik ki, «Azərsu» ASC dövlət büdcəsindən ayrılan pulları göyə sovrumaqla məşğuldur

Həmin sırada şirkətin boru əməliyyatları həyata keçirdiyi və bu işdən külli miqdarda qazanc etdiyindən də bəhs olunurdu.
Tia.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, əslində, «Azərsu»da həyata keçirilən iri layihələrin hamısı qohumlar arasında bölüşdürülüb. Bu sırada əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.

Yusifəlinin boru və qum biznesi

Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni «qayda»lar tətbiq edib. Həmin «qaydalara» əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.

Əslində isə durum tamam fərqlidir. Tia.az-ın dəqiqləşdirmələrinə görə, bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.

Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.

Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.

Tia.az onu da xəbər verir ki, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.

«Sənaye Tikinti-M»in «parlayan ulduzu»

Tia.az-ın apardığı araşdırmalar zamanı o da məlum olub ki, Qorxmaz Hüseynovun rəhbəri olduğu qurumun böyük və pullu işlərini tapşırdığı digər bir şəxs isə elə qardaşıdır. Məhəmməd Hüseynov öz adına «Sənaye Tikinti-M» adlı MMC yaradıb və onun sayəsində nəinki «Azərsu»nun tenderlərində, həmçinin rayonlarda təşkil olunan tikinti işlərində də iştirak edir.

Qardaşının şirkəti təkcə 2011-ci ildə «Azərsu» üçün Korgöz qəsəbəsinə su xəttinin çəkilişi üçün 1,5 milyon manat pul alıb. Amma bu şirkət rayonlardakı əksər su xətlərinin çəkilişində də pay sahibidir. Məhəmməd Hüseynovun adı həmçinin dəyəri 15-20 milyon dollar olan başqa bir layihədə də hallanır. Hətta həmin layihə ilə bağlı qalmaqallı vəziyyətin yarandığı da bildirilir. Məsələni dəqiqləşdirməyə çalışırıq.

Qayın qardaşdan irəlidir

«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir.

Tia.az-ın dəqiqləşdirmələrinə görə, Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
BOLGEXEBER.COM