BolgeXeber.Com » Analitika » Nəsimi Rayon Məhkəməsində görünməmiş özbaşınalıq

Nəsimi Rayon Məhkəməsində görünməmiş özbaşınalıq

24-02-2015, 14:51
Oxunub: 4 124 Nəsimi Rayon Məhkəməsində görünməmiş özbaşınalıqBu hakimlər məhkəmə prosesinin gedişindəcə öz məqsədləri üçün yeni qanunlar da icad edə bilirlər

İstər ölkə mətbuatında dərc olunan materiallarda, istərsə də bilavasitə redaksiyamıza ünvanlanan şikayət ərizələrində məhkəmə orqanlarının fəaliyyətində müşahidə edilən bu və ya digər neqativ hallara dəlalət edən fakt və açıqlamalara elə də nadir hallarda rast gəlinmir. Həm də ümumiyyətlə etiraf etmək lazımdır ki, məhkəmə qərarlarından birmənalı olaraq hər zaman iki tərəfin də razı qalmasını gözləmək heç də düzgün olmazdı. Digər tərəfdən isə, məhkəmələr iddiaçı və yaxud da cavabdeh tərəfin maraqlarını deyil, məhz qanunun tələblərini rəhbər tutaraq qərar verməlidirlər. Məhz belə olduğu təqdirdə narazı vətəndaşların sayı da minimuma enər.Lakin bütün bu deyilənlər redaksiyamıza şikayətçi qismində müraciət etmiş vətəndaş Məmmədova Mehriban Bayram qızının təqdim etdiyi açıqlamaların fonunda amamilə əhəmiyyətsiz, hətta mənasını itirmiş məvhumlar kimi səslənir. Məsələ bundadır ki, şikayətçinin sözlərinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iki hakimi, Şahin Abdullayev və Xumar Mərdanova istədikləri tərəfin mənafeyinə uyğun qərar çıxarmaq üçün sadəcə ölkə qanunlarını pozmurlar.

Bu hakimlər məhkəmə prosesinin gedişindəcə öz məqsədləri üçün yeni qanunlar da icad edə bilirlər. Təsəvvür edirsiniz, Azərbaycan Respublikası Konstitusiyasının *** maddəsinin, *** bəndinə əsasən I qrup əlil olan ölkə vətəndaşları mənzil ala bilməzlər..? Və yaxud da, məhkəmədə şahid qismində ifadə verən vətəndaşların, barəsində şahidlik etdikləri hadisənin baş verdiyi zaman, hadisə yerində olmaları vacib deyil..! Əgər bunlar sizə qəribə və inanılmaz gəlirsə, o zaman buyurun Mehriban Məmmədovanın və həyat yoldaşı Zaur Məmmədovun başına gələnlərlə siz də tanış olun. İlk növbədə gəlin M.Məmmədovanın təqdim etdiyi bəzi sənədlərlə tanış olaq. Bu sənədlərdən biri “KLASS AZ KO” MTK şirkətinin möhürü ilə təsdiqlənmiş maliyyə arayışıdır. Arayışda bildirilir ki, vətəndaş Zaur Vaqif oğlu Məmmədov 22 iyun 2010-cu il tarixində “KLASS AZ KO” MTK şirkətindən aldığı, paytaxtın Nəsimi rayonu, Ə.Həsənov küç. ev 7 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki, 295 saylı, 2 otaqlı mənzilin dəyərini tam ödəmişdir. Digər sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdır (Seriya RX, № 0354624). Bu çıxarışda da göstərilir ki, Ə.Həsənov küç. ev 7 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki, 295 saylı, 2 otaqlı mənzilin tam payla mülkiyyətçisi vətəndaş Zaur Vaqif oğlu Məmmədovdur. Sizcə bu sənədlər sözügedən mənzilin həqiqətən də Zaur Məmmədova məxsus olduğunu iddia etmək üçün kifayətdir? Bizə görə kifayətdir. Amma Nəsimi Rayon Məhkəməsinin hakimləri Şahin Abdullayev və Xumar Mərdanova görünür başqa fikirdədirlər. Məsələ bundadır ki, Zaur Məmmədovun qardaşı Namiq Məmmədov 2014-cü ilin may ayında Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, öz qardaşına və “KLASS AZ KO” MTK şirkətinə qarşı mənzil üzrə müqavilənin dəyişdirilməsi və payçı qismində tanınması barədə iddia qaldırıb. İddiaçının irəli sürdüyü birinci əsas bu olub ki, müqavilə bağlanan zaman onun yanında öz şəxsiyyət vəsiqəsi olmayıb. Bunun əvəzində isə yanında daima şəxsiyyət vəsiqəsini üstündə gəzdirən qardaşı olub. Buna görə də şirkətlə müqavilə məhz Zaur Məmmədovun adına bağlanıb. Tutaq ki… Amma məsələ bundadır ki, şirkət tərəfindən verilmiş aylıq ödəmə cədvəlində də məhz Zaur Məmmədovun adı qeyd olunub. Bax burda isə Namiqin ikinçi “dəlili” ortaya çıxır. Namiq iddia edir ki, onun qardaşı I qrup əlil olduğuna görə, o, göstərilən məbləğdə pula sahib ola bilməzdi. Yəni bu ödənişləri də qardaşının adından məhz Namiq Məmmədov həyata keçirib. Ən maraqlısı da budur ki, məhkəməyə sədrlik edən hakim Şahin Abdullayev də rəsmi sənədlərə deyil, Namiq Məmmədovun dəlillərinə əsaslanaraq iddiaçının xeyrinə qərar çıxarıb. Amma hadisələrin sonrakı gedişi daha maraqlı olub. Belə ki, 2014-cü ilin iyul ayında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə Şahin Abdullayevin verdiyi qərar ləğv edilib.Bundan sonra Namiq Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verib və Ali Məhkəmənin Mülki Kollegiyasının 21 noyabr 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qüvvədə saxlanılıb. Yəni hər iki yuxarı instansiya məhkəməsi Şahin Abdullayevin verdiyi qərarın səhv olduğunu təsdiq edib. Lakin bundan sonra Namiq Məmmədov yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bu dəfə artıq Zaur Məmmədova, “KLASS AZ KO” MTK şirkətinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağlanmış əqdin etibarsız hesab edilməsi və nəticələrinin ləğvinə dair” iddia qaldırıb.

Başqa sözlə desək, iddianın mahiyyəti saxlanılaraq, sadəcə hüquqi adlandırılmasında dəyişiklik olunub. Həm də bu dəfə iddiaçı məhkəməyə dediklərinin “doğruluğunu təsdiq edən” 25 şahid ifadəsi də təqdim edib. Amma bu şahidlər nə müqavilə bağlanan zaman, nə də ödənişlər həyata keçirilərkən nə iddiaçının, nə də cavabdehin yanında olmayıblar. Sadəcə olaraq Namiq Məmmədov hər dəfə bu “şahidlərə” telefonla zənğ edərək, prosesin gedişi barədə onları məlumatlandırmışdır. Bütün bunlar son dərəcə gülünc səslənsə də, bu dəfə işi aparan hakim Xumar Mərdanova da nə rəsmi sənədləri, nə də yuxarı instansiya məhkəmə orqanlarının qətnamələrini nəzərə almamış və iddianı təmin etmişdir. Yeri gəlmişkən bir məqamı da qeyd üetmək lazımdır ki, məhkəmədə şahid qismində ifadə verən bu şəxslərin hamısı Namiq Məmmədovun anası, Bakı Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Metodmərkəzdə metodist işləyən Sitarə Məmmədovanın həmkarları və onun kurasiyasında olan məktəblərin pedaqoqları olublar. Amma hakim Xumar Mərdanovanın bu qərarı verməsində əsas rolu, şikayətçinin deməyinə görə, yenə də bütün proses boyunca tez-tez “məsləhətləşmələrə” gələn hakim Şahin Abdullayev oynayıb.Şübhə etmirik ki, yuxarı instansiya məhkəmələri bu dəfə də Nəsimi Rayon Məhkəməsinin hakimi tərəfindən qəbul olunmuş əsassız və absurd qətnaməni ləğv edəcək. Lakin bizim daha böyük ümidimiz onunla bağlıdır ki, Məhkəmə Hüquq Şurasında hakimlər Şahin Abdullayev və Xumar Mərdanovanın fəaliyyətləri ciddi şəkildə araşdırılacaq və onların özbaşınalıqlarına son qoyulması üçün müvafiq tədbirlər görüləcəkdir. bizimdovr.az