BolgeXeber.Com » Analitika » “Turan” klinikasında qiymətlər kəllə-çarxa qalxıb

“Turan” klinikasında qiymətlər kəllə-çarxa qalxıb

3-03-2015, 18:10
Oxunub: 44 869 “Turan” klinikasında qiymətlər kəllə-çarxa qalxıbDolların bahalaşması “Turan” klinikasına da təsir göstərib

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tibb ocağındakı süni bahalaşmanın qarşısını niyə almır?

Bəzi özəl tibb klinikalarında vətəndaşların aldadılması, pasiyentlərə səhv diaqnozların tətbiq edilməsi, insanların aldadılaraq soyulması ilə bağlı kifayət qədər faktlar var və təsdiqlənib. Həkim səhlənkarlığı, səhv diaqnozlar və bunun pasiyentə psixi və mənəvi təsirinin acı nəticələri də kifayət qədər olub. Amma nədənsə aidiyyəti qurumların bu məsələlərlə bağlı gördüyü tədbirlər həmin klinikaların fəaliyyətində müsbət dönüş yaratmır.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən özəl klinikalarda müayinə və cərrahiyyə əməliyyatlarının qiyməti son günlər kəllə-çarxa qalxıb. Manatın dollara nisbətdə ucuzlaşmasını fürsət bilən bəzi özəl səhiyyə mərkəzlərində qiymət artımı müşahidə edilməkdədir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Xətai rayonunda yerləşən “Turan” klinikasında qiymətlər ötən aylarla müqayisədə xeyli bahalaşıb. Mətləbə keçid almamışdan öncə qeyd edək ki, keçən ilin ortalarında Səhiyyə Nazirliyinin klinikaya verdiyi beşillik lisenziyanın müddəti bitmiş və klinika bir neçə ay lisenziyasız işləmişdi. “Bəli, bizim klinikanın lisenziya müddəti bitib. Amma biz qanunsuz fəaliyyət göstərmirik. Sadəcə olaraq, Səhiyyə Nazirliyinin bizə təqdim etdiyi beşillik lisenziyanın müddəti bitib. Biz onlara lisenziya üçün müraciət etmişik. Bəzi prosedurlardan sonra yenidən lisenziya alacağıq. İndi isə fəaliyyətimizi davam etdiririk”, deyə “Turan” klinikasının baş həkimi Həmid Mustafayev bildirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə məsələ haqda deyib ki, lisenziyanın müddəti bitəndən sonra fəaliyyət göstərmək qanunsuzdur: “Bu qanunsuzluğa görə isə, Səhiyyə Nazirliyi cavabdehlik daşımır. Bunu hüquq-mühafizə orqanları araşdırmalı və lazımi ölçü götürməlidir”. Təəssüf ki, hüquq-mühafizə orqanları klinika rəhbərliyinin yol verdiyi qanunsuzluğu görməzdən gəldilər. Və sonradan nə oldusa nazirlik klinikaya yeni lisenziya verdi. İddialara görə, lisenziyanın bərpası “Turan” klinikasının sahibi Məmməd Musayevin məsələyə qarışmasından sonra baş tutub. Bizə verilən məlumatlarda isə deyilir ki, “Turan” klinikasında qiymətləri yalnız həkimlər müəyyənləşdirir: “40 manat ödəməklə həkimin qəbuluna düşəndən sonra digər xidmətlərin, o cümlədən əməliyyatın qiymətini öyrənmək mümkündür. Klinikanın diaqnostika şöbəsi vətəndaşlara USM, rəngli doppler, EXOKQ, EEQ, EKQ, rentgen və panorentgen xidmətləri təklif edir. Bu xidmətlərin qiymətində təxminən, 25-30 faiz artım müşahidə edilməkdədir. Yəni əvvəllər USM-ə görə vətəndaşlardan 35 manat tələb olunurdusa, indi bu rəqəm 50-60 manat civarında dəyişir. Tibb ocağının təklif ediyi xidmətlərdən mütəmadi olaraq istifadə edən sakinlər qymətlərin bahalaşmasına etirazlarını bildiriblər. Klinika rəhbərliyi isə bunu dolların bahalaşması və bu səbəbdən tibbi avadanlıqların alınması, təmiri xərclərinin artması ilə əlaqələndirirlər. Bahalaşma klinikaya müraciət edən insanların sayına əməlli-başlı təsir göstərib”. Etibarlı mənbənin sözlərinə görə, “Turan” klinikasında aparılan cərrahiyyə əməliyyatlarının da qiyməti bahalaşıb: “Belə ki, qarın boşluğu əməliyyatları, yırtıq cərrahiyyəsi, dəri və yumşaq toxumaların cərrahi xəstəlikləri və laparoskopik cərrahiyyə artıq köhnə qiymətlərlə həyata keçirilmir. Klinika rəhbərliyi manatın devalvasiyasını bəhanə gətirərək süni qiymət artımına yol verir. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olur”. Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son bir neçə gündür iri ticarət obyektlərində və bəzi özəl müəssisələrdə süni qiymət artımına qarşı monitorinqlər aparırlar. Lakin nəyəsə görə nazirliyin yetkili şəxsləri özəl səhiyyə müəssisələrindəki vəziyyəti araşdırmırlar. Məhz nəzarətsizlik ucbatından özəl klinikalarda özbaşınalıq pik həddə çatıb. Biz Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbərliyindən “Turan” klinikasında monitorinq aparmalarını xahiş edirik. İnanırıq ki, klinikada yoxlama aparılsa, qiymətlərin bilərəkdən artırıldığı üzə çıxacaq. Məsələ ilə bağlı klinika rəhbərliyinin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Buna rəğmən, qarşı tərəfin də cavab haqqını tanıyırıq.

gundelik-baku