BolgeXeber.Com » Analitika » Jurnalistlərdən mətbuat xidmətlərinə irad: “BİABIRÇILIQDIR”

Jurnalistlərdən mətbuat xidmətlərinə irad: “BİABIRÇILIQDIR”

4-03-2015, 11:16
Oxunub: 3 005 Jurnalistlərdən mətbuat xidmətlərinə irad: “BİABIRÇILIQDIR”Bu gün dövlət qurumlarının mətbuat xidmətləri ilə jurnalistlərin əlaqə qurması problem deyil

Bu problemsizliyin içində yeni bir problem yaranıb. Belə ki, jurnalist hər hansı məsələ ilə bağlı sorğunu mətbuat katibinə ünvanlayır, o isə jurnalisti arxayın salır ki, sorğunuza cavab veriləcək.
Üstündən bir müddət keçir, məlum olur ki, quruma ünvanlanan sorğuya cavab ya başqa mətbuatda dərc olunub, ya da cavab iki KİV-ə eyni vaxtda göndərilib. Bu zaman iki mətbuat qurumu arasında narazılıqlar yaranır.
Modern.az saytı məsələyə sayt rəhbərlərinin və jurnalistlərin mövqeyini öyrənib.
Hafta.az saytının baş redaktoru Səbinə Əvəzqızı təəssüf hissi ilə qeyd edib ki, bu gün belə hallar var: “Konkret misal da çəkə bilərəm. Dəfələrlə Müdafiə Nazirliyinə göndərdiyimiz rəsmi sorgunun cavabını “Trend”də oxumuşuq. Zəng edib narazılıq bildirməyimizin heç bir əhəmiyyəti olmayıb. Hətta Təhsil Nazirliyi ilə də eyni problemi yaşamışıq. Sanki yadlarına mövzu salırıq. Sualı maraqlı hesab edəndə nazirliklər bunun cavabını ya özlərinə çox yaxın hesab etdikləri mətbu orqana, ya da press-reliz formasında bütün KİV-ə yollayırlar. Bu zaman sual verən ilkin mənbənin hüququ pozulur. Bu , həm də ən azı ədalətsizlikdir. Hesab edirəm ki, bu mövzunu media qurumlarının rəhbərləri ilə mətbuat xidmətləri yığıb birgə müzakirə etməlidirlər”.
"Yeni Müsavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızı problemi birbaşa mətbuat xidmətlərinin qeyri-peşəkarlığı ilə bağlayıb: “Çünki peşəkar mətbuat xidməti rəhbərinin eksklüzivlik anlayışından xəbəri olmalıdır. O, jurnalistin ona ünvanladığı sualın cavabını daha sonra öz bülleteni, işi kimi təqdim edə bilməz. Çünki bu, jurnalistin beyin məhsuludur, müəlliflik hüququnu pozmaq olmaz.
“Yeni Müsavat”ın əməkdaşları da zaman-zaman bu problemlə üzləşir. Xüsusən bəzi nazirliklər, dövlət komitələri eksklüziv xəbərlərin “Yeni Müsavat”da dərc edilməsindən səbəbsiz və yersiz qorxu keçirirlər. Bu səbəbdən də suallarımıza hazırladıqları cavabları bülleten kimi bəzi agentliklərə göndərirlər. Bir neçə dəfə bununla bağlı dartışmalarımız, mübahisələrimiz olub, amma fayda verməyib. Fayda verməsi üçün mətbuat xidmətləri rəhbərləri ilə media kapitanlarının görüşü keçirilməli, ortaq məxrəcə gəlinməlidir. Əks halda problem daha da qabaracaq”.
“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev təəssüflə belə halların olduğunu vurğulayıb: “Əslində jurnalistin konkret sualına bu formada yanaşma yol verilməzdir. Sual konkret redaksiya və ya onun əməkdaşının beyninin məhsuludur. Mətbuat xidməti rəhbərlərinin məsələyə bu cür “topdan yayım” prinsipi ilə yanaşması müəllif hüquqlarının pozulması kimi də qiymətləndirilməlidir. Bu kimi faktlar getdikcə azalsa da, çalışmalıyıq ki, ümumiyyətlə olmasın. Belə hallar həm də media orqanları arasında problemlərə və haqlı söz-söhbətlərə də səbəb olur.
Mətbuat xidmətləri bütün media orqanları ilə daha yaxşı və operativ işləmək arzusundadırlarsa, buyursunlar, təmsil olunduqları dövlət qurumları ilə bağlı bizə məlum olmayan məsələlərlə bağlı açıqlamalar yaysınlar”.
Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu bildirib ki, bu problemi bütün dövlət qurumlarının mətbuat xidmətlərinə aid etmək ədalətsizlik olar: “Amma bəzi sözçülər doğrudan da, etik qaydaları pozur, qeyd olunan biabırçı mənzərənin yaranmasına səbəb olurlar.
Burada əsasən şəxsi münasibət və şəxsi maraq məsələsi rol oynayır. Bununla bağlı şəxsən özüm araşdırma aparmışam. Məlum olub ki, bəzi sözçülər verdiyi informasiyaya görə hansısa agentlikdən və ya xəbər portalından aylıq haqq alırlar. Bəzi dövlət qurumlarının isə rəhbərləri informasiya “alış-verişi” ilə məşğuldur. Onlar mətbuat xidmətlərinə informasiyaları, sorğulara cavabları ilk olaraq özlərinə yaxın olan mediaya göndərməyi tələb edirlər və beləliklə onların inkişaf etməsi üçün bu cür “xidmət” göstərirlər. Diqqətlə müşahidə etsək, bunu açıq şəkildə görə bilərik -hansı qurumun xəbərləri daha çox harada hamıdan öncə dərc olunur. Bununla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmağın vaxtıdır”.
Modern.az saytının baş direktoru Elşad Eyvazlı sözlərinə görə son zamanlar bu tendensiya kütləviləşib: “Hamısına şamil edə bilməsək də, təəssüf ki ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri belə yanlış addımlar atırlar. Bununla həm özlərinin qeyri-peşəkarlığını ortaya qoyurlar, həm də jurnalistlər arasında problemlər yaradırlar. Hesab edirəm ki, jurnalistlərimiz belə insanları ifşa etməlidirlər.
Guya bunlar bu kimi addımlarla hansısa media qurumunun, yaxud da jurnalistin yanında özlərini hörmətli etmək istəyirlər. Amma anlamalıdırlar ki, jurnalistlər biri-biri ilə hər an əlaqədədirlər. Mətbuat xidmətləri belə addımla özlərini gülünc vəziyyətə salırlar. Məsələnin mənəvi tərəfindən danışdıq. Ancaq hansısa jurnalsitin sualına cavabı başqa media qurumuna göndərmək yumşaq desək, biabırçılıqdır. Bunu da unutmasınlar”.
BOLGEXEBER.COM