BolgeXeber.Com » Analitika » Kəbirə Məmmədovanın bazarı niyə tez-tez yanır?

Kəbirə Məmmədovanın bazarı niyə tez-tez yanır?

17-03-2015, 12:20
Oxunub: 3 742  Kəbirə Məmmədovanın bazarı niyə tez-tez yanır? Hər halda "Binə" Ticarət Mərkəzi pambıqdan deyil...

Binə Ticarət Mərkəzinin direktoru Kəbirə Məmmədovanın adı yenə gündəmdədir. Bəli, düz fikirləşirsiniz, həmişəki kimi, bu dəfə də ortada yanğın söhbəti var. Son yanğın hadisəsinin martın 14-də Ticarət Mərkəzinin 4-cü korpusunda, 7-ci sırada baş verdiyi bildirilir. Qeyd edək ki, ticarət mərkəzində artıq sistematik hal almış yanğınların qarşısı nədənsə alınmır.

2012-ci ildən bəri Binə Ticarət Mərkəzində baş verən yanğınların tam olmayan statistikasına nəzər salaq. 2012-ci ilin 20 fevralında bazarda güclü yanğın baş vermişdi. Həmin ilin 16 sentyabrında isə 146 nəfər dəm qazından zəhərlənmişdi. Buna səbəb kimi ticarət mərkəzində elektrik enerjisinin dayandırılmasından sonra ticarət mərkəzində olan generator qurğularının işə salınması göstərilirdi. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi. 2013-cü il yanvarın 31-də, fevralın 20-də, avqustun 10-da, dekabrın 13-də və 23-də baş verən yanğınlardan ən güclüsü həmin ilin son ayındakı dəhşətli yanğın idi. 2014-cü il iyulun 12-də, 2015-ci ilin fevralında və martın 14-də eyni ssenari ilə yanğınlar baş verib. Maraqlıdır ki, əksər yanğınların qısa qapanma səbəbindən törəndiyi deyilir. Bu da bir yana, indiyədək yanğınlardan əziyyət çəkən sahibkarlara demək olar ki, yetərli kompensasiya ödənilməyib. Baş verən son yanğın hadisəsi ilə bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu hadisədən bir neçə həftə öncə Binə bazarının 1-ci sırasından 6-cı sırasına qədər olan ərazidə dairəvi yol çəkiləcəyi səbəbindən söküntü işlərinin aparılacağı deyilirdi. Buna görə bazarı bəri başdan tərk edib özünə yer axtaran ticarətçilərin sayı günbəgün artırdı. Kəbirə Məmmədovanın adamları isə ciddi-cəhdlə çalışırlar ki, gedən olmasın. Hətta buna görə sahibkarlara təzyiqlər də edirlər. Bu günlərdə, yəni yanğından bir neçə gün öncə xəbər yayılmışdı ki, artıq Kəbirə Məmmədova yuxarılarla danışıb, yolun istiqamətini dəyişmək barədə ortaq məxrəcə gəlinib. Lakin martın 14-də baş verən yanğının sirli məqamları bununla bitmir. Çünki hadisə dairəvi yolun çəkilişi ilə bağlı söküləcəyi deyilən sırada baş verib. Bunun hansı səbəblərdən baş verdiyi isə hələlik müəmmalıdır. Binə Ticarət Mərkəzinin əsl sahibləri son yanğın hadisəsindən dərhal sonra Kəbirə Məmmədovanı ciddi sorğu-suala çəkiblər. Soruşulub ki, bu yanğınların törədilməsində əndazələri aşanlar niyə tapılmır. Kəbirə Məmmədova isə öz növbəsində söz verib ki, belə hadisələrin qarşısını almağa çalışacaq ki, "səsi çıxmasın". Deyəsən bu vədinə Kəbirə xanım əməl etməyi bacarıb. Binə bazarında baş verən yanğınlarla bağlı hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi barədə əlimizdə məlumat yoxdur. Lakin narazı sahibkarları susdurmaq üçün əvvəlki kimi, müxtəlif təpki üsullarından istifadə edilir. Həmin üsullar arasında qoçular vasitəsilə düzənlənən "razborka"lar da var. Tutalım, hansısa sahibkar icarə haqlarını gecikdirdiyi və ya məbləğin yüksək olmasından narazılığını bildirdiyi təqdirdə Kəbirə xanımın "qoçu"ları tərəfindən "zərərsizləşdirilir". Sahibkarların bildirdiyinə görə, Binə Ticarət Mərkəzində güzəran üçün beş-on manat çörək pulu qazanmağı da onlara çox görürlər. Kəbirə Məmmədova elə bir nəzarət mexanizmi qurub ki, mağaza sahibləri qazanc üçün yox, borca işləmək məcburiyyətində qalıblar. Burdakı daha bir köhnəlik əlaməti də ondan ibarətdir ki, ticarət mərkəzində xırda sahibkarlardan məcburi qaydada əlavə ödənişlər tələb olunur. Kəbirə xanımın söyüş və təhqirlərinə öyrəşənlərin başını aşağı salıb susmaqdan başqa çarəsi qalmır. Məlumat üçün bildirək ki, bir müddət öncə mətbuatda Kəbirə Məmmədovanın Birləşmiş Ərəb Əmirliklərində yeni biznesini daha da genişləndirmək üçün şəriklərindən xəbərsiz Dubayda kommersiya şəbəkəsi yaradacağı barədə xəbərlər yer almışdı. Bildirilirdi ki, Binə Ticarət Mərkəzinin əsl sahibləri Kəbirə xanımın bu əndazələrindən narazıdırlar. Bunun üçün onu başlarından eləməyi düşünürlər. Başqa bir versiyaya görə, Kəbirə Məmmədova öz himayədarlarından külli miqdarda pul gizlətdiyi üçün onların qəzəbinə gəlib. Lakin sonradan münasibətlər yaxşılaşıb.