BolgeXeber.Com » Analitika » Bakı merinin və nəqliyyat nazirinin “qəzası”

Bakı merinin və nəqliyyat nazirinin “qəzası”

15-06-2015, 10:59
Oxunub: 4 497 Bakı merinin və nəqliyyat nazirinin “qəzası”Video qalmaqalı iki məmuru bitirə bilər

Hacıbala Abutalıbovun “Bakubus”un törətdiyi qəza səbəbindən möhkəm danlandığı deyilir; “Atletlər kəndi”ndə baş vermiş qəzanın videokadrlarının nəqliyyat nazirinin oğlunun yaxın dostu Elnur Baimova məxsus saytda yayılması təsadüfdürmü?

Avropa Oyunlarında iştirak edən idmançıların yerləşdiyi “Atletlər kəndi”ndə baş verən qəzanın videosunun yayılması hakimiyyət daxilində ciddi müzakirələrə səbəb olub.

Xəbər verildiyi kimi, iyun ayının 11-də, saat 8.30-da, “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

İdmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib. Sonradan isə müalicələrini davam etdirmələri üçün təyyarə ilə Vyana şəhərinə göndəriliblər.
Məlumata görə, hadisədən xəbər tutan dövlət başçısı İlham Əliyev dərhal idmançılara bütün yardımların edilməsinə göstəriş verib. BBC-nin xəbərinə görə, qəzada ağır xəsarət alan idmançılar məhz prezidentin şəxsi təyyarəsi vasitəsilə Avstriyaya göndərilib. Bu fakt dövlət rəhbərliyinin bu məsələyə necə həssas yanaşdığını göstərir. Hazırda hər iki idmançı Vyanadakı tibb mərkəzində müalicələrini davam etdirir. Vanessa Sahinoviçin sümüklərində sınıq aşkarlanıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Luna Payerin də sümüklərində sınıq təsbit olunub. Üzgüçülərin həyati təhlükəsinin olmadığı bildirilib.


Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin də məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Hadisədən bir gün sonra “Atletlər kəndi”ndə baş vermiş qəzanın videokadrlarının yayılması əsl şok effekti yaradıb. Hakimiyyət bu olayın digər idmançılar arasında təlaş yaratmaması üçün çalışdığı bir vaxtda dəhşətli qəzanın videosunun yayılması ciddi narazılıq yaradıb.

Virtualaz.org saytı xəbər verir ki, başda hüquqşünas Mehman Muradlı olmaqla ictimai qrup bu gün səhər yayılan bu videokadrların kim tərəfindən ictimailəşdirildiyini aydınlaşdırmaq məqsədilə araşdırma aparıb. Qrupun araşdırmasının nəticələri göstərib ki, bu qalmaqallı video “News Azerbaijan” kanalında yerləşdirilib. “News Azerbaijan” isə Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşı, həmçinin nəqliyyat nazirinin oğlunun yaxın dostu Elnur Baimova məxsusdur.
Təhqiqatı aparan ictimai qrup güman edir ki, həmin videokadrlar Elnur Baimova Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilib. Qeyd edək ki, E.Baimov Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakı şəhərinin nəqliyyat əməliyyatları üzrə direktoru işləyib.

Bu video tezliklə saytlardan yığışdırılsa da, Rusiyanın bir sıra internet portallarında hələ də qalır.

Avropa Oyunlarının açılışına sayılı saatlar qalmış bu videonun yayılması hakimiyyət daxilində də ciddi narazılıq və narahatlıq yaradıb. Əldə etdiyimiz məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov möhkəm danlanıb.

Bakı merinin və nəqliyyat nazirinin “qəzası”Bu hadisənin videosunun yayılması barədə ittihamlara nə Nəqliyyat Nazirliyi, nə Elnur Baimov hələ ki cavab verməyib. Məlumdur ki, Avropa Oyunları ilə bağlı şəhər nəqliyyatında dəyişikliklər Hacıbala Abutalıbovla nəqliyyat naziri Ziya Məmmədov arasında narazılığı daha da artırmışdı. Buna səbəb nəqliyyat nazirinin yaxın ətrafına, o cümlədən oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən “Transqeyt”in şəhər nəqliyyatından sıxışdırılıb çıxarılması idi. Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində payları dövlətə məxsus “Bakubus” MMC yaradılması isə Avropa Oyunlarında bu şirkətə daha çox önəm veriləcəyini göstərirdi. Nəqliyyat Nazirliyi “Bakubus” da bizimdir" açıqlamasını versə də, Abutalıbovun rəhbərlik etdiyi qurumdan bildirildi ki, prezidentin göstərişi ilə Avropa Oyunlarında modern avtobusların Bakıya gətirilməsi məhz “Bakubus”a həvalə edilib və MMC paytaxtda özəl daşıyıcılarla, yəni bu sahədə inhisarçı olan Ziya Məmmədovun şirkətləri ilə rəqabət aparacaq.

Az sonra Avropa Oyunları ərəfəsi paytaxta gətirilən avtobusların istehsalçısı “Iveco Bus” şirkəti ilə Nəqliyyat Nazirliyi deyil, məhz Bakı Şəhər İcra Hakimiyyəti arasında müqavilə imzalanması da sübut etdi ki, Ziya Məmmədovun şəhər nəqliyyatından milyonlar qazandıran inhisarçı mövqeyinə son qoyulur. Avropa Oyunları ərəfəsi cəmi bir neçə gün ərzində “Transqeyt” də daxil, Ziya Məmmədova yaxın şirkətlərin onlarla avtobusları ya köhnə adı ilə xətdən çıxarıldı, ya da birdəfəlik bağlandı.

Nəqliyyat naziri ilə H.Abutalıbov arasında münasibətlər əvvəllər də yaxşı olmayıb. İki qurum arasında şəhər infrastrukturuna ayrılan böyük pullar uğrunda daima mübarizə gedib. İndi “Bakubus”un avtobus qəzası ilə bağlı videonun keçmiş Nəqliyyat Nazirliyi işçisinin rəhbərlik etdiyi bir portalda yayılması haqlı suallar yaradır. Xəbərlərə görə, bu sualları indi iqtidar da ciddi araşdırmaqdadır. Videonun hansı qurum vasitəsilə mediaya ötürülməsi artıq dəqiqləşib də. Bu video qalmaqalı H.Abutalıbovun tabeliyində olan “Bakubus”da həbslərlə yekunlaşmayacaq və nəqliyyat naziri də bu işdə ciddi ziyan çəkəcək. (musavat.com)