BolgeXeber.Com » Analitika » Kitablara maraq niyə azalıb?

Kitablara maraq niyə azalıb?

15-06-2015, 14:09
Oxunub: 3 067 Kitablara maraq niyə azalıb?Kitabxanalar oxucuların tələbatını ödəyə bilmir

Ali təhsil ocaqlarında kitabxanaların vəziyyəti heç də qənaətbəxş deyil. Bu tələbələri narahat edən məsələlərdən biridir. Çünki tələbələrin peşəkar kadr kimi yetişməsində kitabxananın zəngin olmasının böyük rolu var. Çünki tələbələrə oxumaq üçün bəzən elə kitablar tapşırırlar ki, onu hər kitabxanadan tapmaq mümkün deyil.

Ona görə ali təhsil müəssisələri kitabxanaların zənginləşdirilməsi istiqamətində mühum işlər görməlidirlər. Əksər tələbələr kitabxanaların fəaliyyətindən razı deyillər. Hər axtardıqlarını tapa bilmədiklərini deyirlər. Bəzən kitab olsa da, kitabxanaçı kitabı tələbələrə vermir. Kitabın az sayda qaldığını əsas gətirərək tələbələri kitabla təmin etmirlər. Bundan başqa kitabların əksəriyyəti rus dilindədir. Bu da rus dilini bilməyən tələbələrə çətinlik yaradır. Heç olmasa əsas kitablar Azərbaycan dilinə tərcümə edilsə, daha yaxşı olar. Tələbələri narahat edən digər məsələ isə odur ki, müəllimlər tələbələrə kitablarını almağı təklif edirlər. Tələbələr isə bildirirlər ki, həmin kitab bizə dərs vəsaiti kimi lazım deyilsə, onu almağa lüzum görmürük: "Lakin müəllimlər tələbələrə kitablarını məcburi şəkildə satmaqda israrlıdırlar. Almayanda da bizi imtahandan kəsəcəkləri hədələyirlər".

Qeyd edək ki, bu gün kitabxanalara olan maraq azdır. Az sayda tələbə kitabxanalardan istifadə edir. Edənlər də o qədər razı olduqlarını demirlər. Xüsusilə tələbələr kitabların elektron variantından daha çox istifadə edirlər. Ümumiyyətlə, kitaba olan marağın azalmasını internetin geniş yayılmasıyla əlaqələndirirlər. Xüsusilə də elektron kitabların olması insanları kitabxanalardan uzaqlaşdırıb. Lakin kitab oxumaqdan əl çəkməyənlər də var. Sözsüz ki, elektron versiya ilə kitab arasında fərq var. Məsələn, kompüter qarşısında saatlarla oturub kitab oxumaq sağlamlığa mənfi təsir edir. Ona görə də saatlarla kitabın elektron versiyasını oxumaq mümkün deyil. Gözlər yorulur, sulanır,yorğunluqdan göz qapaqları bağlanır. Lakin kitab mütaliə edərkən isə belə hallara az -az rast gəlmək mümkündür. Ümumiyyətlə, kitab oxumaq insanı formalaşdırır, dünya görüşünün artmasına yardımçı olur. Ona görə də hər kəsin kitab oxumasına ehtiyac var. Kitabın həm də insan psixologiyasına müsbət təsiri var.

Mütəxəssislər kitab mütaliəsini zehnin inkişafı üçün atılan ən uğurlu addımlardan biri hesab edir. Daimi mütaliə yaddaşı, zehni möhkəmləndirir, öyrənmə qabiliyyətini artırır. Nəticədə insan hadisələri daha düzgün analiz edə bilir, gözəl nitqə sahib olur, məntiqli danışır. Düzgün qaydada kitab oxumaq gözləri də məşq etdirir.

Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Ancaq bu gün bizdə əksər insanlar nəinki istirahət mövsümündə, heç bekarçılıqdan ürəyi sıxılanda da kitab oxumaq barədə düşünmür. Gününün çoxunu ya çayxanada, ya kompüter arxasında, ya da televizor qarşısında keçirir.

Mütəxəssislər kitabxanaların hazırkı vəziyyətini normal saymırlar. Aparılan araşdırmalar göstərir ki, kitabxanaların əksər hissəsi müasir standartlara cavab vermir. Demək olar ki, ölkəmizdə kitabxanaların çox hissəsi yaxşı vəziyyətdə deyil.

Xüsusilə də oxucuların tələbatlarını ödəyə bilmirlər. Ona görə də gənclərin tələbatını ödəyən kitablar dərc olunmalı, kitabxanalar zənginləşdirilməlidir.