BolgeXeber.Com » Analitika » Hacı İbrahimin yazmaq istədiyi "Avesta" iflasa uğradı

Hacı İbrahimin yazmaq istədiyi "Avesta" iflasa uğradı

15-06-2015, 18:04
Oxunub: 4 136 Hacı İbrahimin yazmaq istədiyi "Avesta" iflasa uğradıHacı İbrahim Nehrəmli biznesini xaricə köçürmək qərarına gəlib

"Avesta" Konserninin prezidenti, "Xəzər adaları" layihəsinin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin həbs olunması bir müddət ölkə gündəminin əsas müzakirə mövzusuna çevrildi. Onun gözlənilmədən həbsi çoxlarında şok effekti yaratdı. Qeyd edək ki, iş adamı mayın 12-si saat 13:00-dan etibarən DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılıb.

O Beynəlxalq Banka olan 57 milyon dollarlıq kredit borcunu vaxtında qaytarmadığı üçün həbs olunmuşdu. Şirkət rəhbərinin həbs həyatı o qədər də uzun sürmədi. Bir neçə gün əvvəl iş adamı sərbəst buraxıldı. Hacı İbrahim Nehrəmli azadlığa çıxandan sonra bu açıqlamanı verdi: "Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm. Hər şey normaldır, qaydasındadır". "Avesta"nın rəhbəri azadlığa buraxılandan bir neçə gün sonra adı yenidən gündəmə gəldi. Bu dəfə keçmiş işçisi onun haqqında kəskin ittihamlar səsləndirdi. "Avesta Konserni" MMC-nin mühasibi işləmiş Sabirə Sadıqova media vasitəsi ilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağırıb və hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş edib. Onun sözlərinə görə, işçilər 2015-ci ildə yalnız yanvar ayının əmək haqqını ala biliblər. O da martda. Digər aylar üçün isə əmək haqları ödənilməyib: "Mən 2013-cü il oktyabrın ikinci ongünlüyündə "Avesta Konserni" MMC-nin baş ofisində işə qəbul olunmuşam. Əmək müqaviləsində əmək haqqım 200 manat qeyd olunub, amma tutduğum vəzifə düzgün qeyd edilməyib. Əmək müqaviləsinin ikinci nüsxəsi mənə təqdim olunmayıb. Mən vitse-prezident yardımçısı, Maliyyə Departamentində təchizatçılarla iş bölməsində təchizatçıların mühasibat hesabatının təqdim olunması işi ilə məşğul olmuşam. 2014-cü il iyulun 1-də Maliyyə Departamentində mühasib vəzifəsinə təyin edilmişəm. Əmək haqqı 250 manat olub. 2015-ci il aprelin 10-da şəxsi istəyimlə işdən azad olunmuşam. 2015-ci il üçün əmək haqqımın cüzi bir hissəsini ala bilmişəm". Şirkətin rəhbəri isə keçmiş işçisinin ittihamlarına cavab olaraq bildirib ki, əslində həmin işçi məsələni şişirdir: "Gərək öz dilindən danışsın. Şirkətdə 5 ildir işləyir. Bu vaxta qədər çörək qazanıb. Heç vaxt işçilərin pullarını gecikdirməmişəm. Sadəcə son vaxtlar baş verən hadisələrlə bağlı həmin mühasibin maaşı bir az gecikdirilib. Ona 1800 manat verilməlidir. Pulu artıq hazırdır. Şəxsən mənimlə əlaqə yarada bilərdi. Niyə mətbuata çıxıb, məsələni şişirdir, bilmirəm. Gəlsin pulunu aparsın da". Bu günlərdə "Avesta"nın digər keçmiş işçiləri etiraz keçiriblər. Yayılan məlumatlara görə, konsernin prezidenti Hacı İbrahim Nehrəmli maliyyə problemlərini heç cür yoluna qoya bilmir. "MMC-nin ofisinin qarşısında toplaşan işçilər maaşlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçiriblər. İşçilər artıq dörd aydır ki, maaşlarını ala bilmirlər. Onların hamısı işdən xaric edilsə də, 4 aylıq əmək haqqını ala bilməyib", deyə yayılan məlumatlarda bildirilir. Etirazlara baxmayaraq, şirkət rəsmiləri keçmiş işçilərin maaşını ödəməyib. İşçilər isə bildiriblər ki, əməkhaqlarını almayana qədər etirazlarını davam etdirəcəklər. Mötəbər mənbələrdən aldığımız məlumatlara görə, son vaxtlar yuxarıların hədəfinə çevrilən Hacı İbrahim Nehrəmli biznesini xaricə köçürmək qərarına gəlib: "Bir neçə gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan iş adamının ölkədəki biznes sahələrinin əksəriyyəti təhlükə altındadır. Belə ki, bu şəxsin Beynəlxalq Banka hələ də külli miqdarda borcu qalıb. Əgər qoyulan müddətdə həmin borclar ödənilməsə, onun sahibi olduğu əmlakın bir hissəsi əlindən alına bilər. Bunu gözəl başa düşən konsernin rəhbəri Türkiyədəki biznesinə diqqəti artırmağa başlayıb. İş adamı qardaş ölkədə illər öncədən biznes qurub və ordakı əlaqələrini möhkəmləndirməyi bacarıb. Buna görə də ötən il Türkiyənin "Ekovitrin" dərgisi Azərbaycanın tanınmış iş adamını türk cümhuriyyətləri üzrə "İlin ən uğurlu iş adamı" elan edib. Dərginin 13-cü ildir keçirdiyi "İlin Ulduzları Anketi"ndə azərbaycanlı iş adamı "İlin ən uğurlu iş adamı" nominasiyasında qalib olub. Qeyd etmək istəyirəm ki, "Ekovitrin" Türkiyənin iqtisadiyyat və iş dünyası ilə bağlı ən məşhur dərgilərindən biridir. Dərginin açıqladığı hesabatda bildirilir ki, sorğu 184.232 respondent arasında keçirilib. 31 fərqli kateqoriya üzrə 91 iş adamının namizədliyi irəli sürülüb. Biznesmenin Türkiyənin bəzi tanınmış iş adamları ilə yaxın münasibətləri var. Bu əlaqələrini işə salan Hacı İbrahim qardaş ölkəyə maliyyə yatırımlarını daha da artırıb. Onun bu ölkədəki biznesinə qardaşı Tağı İbrahimov nəzarət edir. Tağı İbrahimovun da Türkiyədə öz biznesi var. Bu yaxınlarda qiyməti milyonlarla ölçülən "Quzu" restoranı tikdirib istifadəyə verib". Mənbənin sözlərinə görə, yuxarı dairələr iş adamının maliyyə sərvətini ölkədən kənara çıxarmaq istəməsindən məlumatlıdır: "Amma bu məsələdə biznesmenin başı ağrıya, o yenidən istintaqa cəlb oluna bilər".
"Gündəlik Bakı"