BolgeXeber.Com » Analitika » Azərbaycana gələn turistləri tanımağın yolları

Azərbaycana gələn turistləri tanımağın yolları

15-06-2015, 19:17
Oxunub: 2 886 Azərbaycana gələn turistləri tanımağın yollarıAzərbaycan turistləri ən çox qonşu ölkələrdən qəbul edib

Hər turistə spesifik yanaşmaq lazımmış...; Ölkədəki turistlərə salam vermədən öncə bu yazını oxuyun
Məlum, bu günlərdə ölkəmizdə beynəlxalq yarışlar keçirilir. Şəhərin mərkəzi, yan-yörəsi turistlərlə qaynayır. Hətta yarışın ilk günlərində üç xarici idmançının avtobus qəzası nəticəsində xəsarət alması faktı da ovqatları təlx edib.

Amma bu günlərdə daha çox paytaxt sakinlərinin turistlərə olan münasibəti diqqət çəkir. Biz qonaqpərvər xalqıq, orası aydındır. Amma insanlarımız, xüsusən də gənclərimizin onlar kimi geyinməyən, saç düzümü, danışıq, davranış tərzi onlara uyuşmayan əcnəbilərə münasibəti o qədər də ürəkaçan deyil.

Bu günlərdə şəhərdə heç də xoş olmayan bir mənzərənin şahidi oldum: şortik geyinən iki əcnəbi gənc oğlan yolda addımlayır, onun arxasınca üç azərbaycanlı gənc düşərək söz atır, gülə-gülə Azərbaycan dilində söyüş söyür, lağa qoyurdular...

Azərbaycanlılar üçün turistlərlə necə davranmağın qaydalarını isə xüsusi olaraq hazırlamağa ehtiyac yoxdur. Sadəcə olaraq, bu məsələdə turist psixologiyasını bilmək kifayətdir.

Öncə ölkəmizə gələn turistlərin illərə uyğun müqayisəli statistikası. Azərbaycana ötən il gələn turistlərin sayı 2013-cü illə müqayisədə 16,82 faiz artıb. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ötən il Azərbaycana 2 487 804 nəfər turist gəlib. 2013-cü ildə isə ölkəmizə gələn turistlərin sayı 2 129 515 nəfər olub. Azərbaycan turistləri ən çox qonşu ölkələrdən qəbul edib. Rusiya, Gürcüstan, Türkiyə, İran və Ukrayna ötən il Azərbaycana turistlərin gəldiyi ölkələrin siyahısında ilk beşliyi təşkil edib. Azərbaycana gələn turistlərin sayına görə sonrakı yerləri Qərbi Avropa ölkələri və ABŞ tutub.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağının gözlənildiyini bildirib.

Ən çox turist cəlb edən ölkə

Dünyanın ən çox turist cəlb edən ölkələri məlum olub. Türkiyə mətbuatının məlumatına görə, bu ölkə turistlərin gəlmə sayı baxımdan bir çox böyük dövlətləri geridə qoyub. Dünyada ən çox turist çəkən ölkə Fransadır. Bu ölkəni 1 il ərzində 81 milyon 400 min turist ziyarət edib. İkinci yerdə 62 milyon 700 min turistlə ABŞ gəlir. 57 milyon 600 min turistlə Çin 3-cü, 56 milyon 700 min nəfərlə İspaniya 4-cü sırada yer alıb. 46 milyon 100 min turistlə İtaliya 5-ci pillədə yer alarkən, Türkiyə ölkəsinə gələn 34 milyon turist sayı ilə dünyada 6-cı sırada dayanıb.

İndi keçək, girişdə haqqında danışdığımız turist psixologiyası, turistlərə yanaşma tərzindən. Türkiyənin “Sabah” qəzeti turizm, turistlərlə bağlı dərin təcrübənin də vermiş olduğu inamla dünya turistlərinin özəllikləri ilə bağlı maraqlı bir araşdırma hazırlayıb.

Siyahıda Türkiyə turizminə verdiyi önəmli qatqılara görə önəmli yer tutan bizlər, azərbaycanlı turistlər də yer alıb. Oxuyun, bundan sonra tətilə çıxanda, ölkənizə gələn qonaqları təhlil edəndə yan-yörənizdəki turistlərin özəlliklərini, bunun hansı xalqın keyfiyyəti olduğunu bilin!
Ondan başlayaq ki, bəzi insanlar tətilə çıxanda “içindəki uşağı” da ortaya çıxarır. Yəni olduğu kimi davranır. Amma heç də hər kəs yox. Sən demə, turizm məkanlarında da diplomat kimi davrananlar az deyil. Diplomatik çeşidliliyi göstərən ən yaxşı turistlər yazımızda bəlkə siz də özünüzü tapa bilərsiniz.

Kanadalıdan çililərə qədər... Hərənin bir özəlliyi, bir gözəlliyi varmış...

Beləliklə, qəzet əcnəbi turistləri belə siyahılaşdırıb:

10. Kanadalılar

Xüsusi turist özəlliyi Kanada bayrağıdır. Az qala hər şeyin üstündə bu bayrağı görmək olar: çantalar, papaqlar, köynəklər, şortiklər. Bəziləri Kanada bayrağını qoluna döymə kimi də vurdurur. Təriflənməyə dəyər vərdişləri: Amerikan olmamaları. Cənubda olan qonşularının bütün müsbət cəhətlərini alıb, mənfi xüsusiyyətlərindən qurtulublar. O qədər nəzakətli və səmimi insanlardır ki, milli komandalarının sizin ölkənizə qalib gəlməsini belə arzulaya bilərsiniz. Qüsurları: Hər fürsətdə amerikan olmadıqlarını ifadə etmələri. Sanki İraq döyüşünü başlayan onlarmış kimi özlərini hər şeyin xaricində tutmağa çalışırlar.

9. İngilislər

Təyinedici turist xüsusiyyətləri: qırmızı rəng. Öz ölkələrində Günəş işığına həsrət olduqları üçün, getdikləri yerlərdə özlərini ən güclü Günəş şüalarına əmanət edirlər.
Təriflənməyə dəyər davranışları: ingiliscə bilirlər və Günəşin altında çox asan yana bilirlər. Bir pivəyə qonaq etsəniz, hətta bunu təklif kimi səsləndirsənizz, ömür boyu yoldaşınız ola bilərlər. Qüsurları: ingilislər üçün spirt və tətil bir bütündür. Yerli dili bilmədikləri üçün ingiliscə yüksək səslə danışarlar.

8. Çinlilər

Təyinedici turist xüsusiyyəti: əsla müstəqil səyahət etməzlər. Qruplar halında dövrlər edərlər və hər zaman başlarında bir rəhbər olur. Təriflənməyə dəyər vərdişləri: Qabaqlarına qoyacağınız hər şeyi sevə-sevə yeməyə hazırdırlar və bunları yerli xalq kimi bəyənərlər. Və pul mövzusu. Dünya iqtisadi böhran yaşayarkən çinlilər hələ də dəli kimi pul xərcləyir. Qüsurları: çinlilər hələ turizmdə yeni-yeni globallaşır. Tarixi sahələrə ad yazmaq və hər yerdə siqaret çəkmək kimi cəhətləri onları dərhal gözdən salır.

7. Avstraliyalılar

Təyinedici xüsusiyyətlər: avstraliyalılar şortik, başmaq və səndəl geyən, iqlimə və ya mədəni həssaslıqlara önəm verməyən turistlərdir. Təriflənməyə dəyər vərdişləri: məşhur qayğısız rəftarları. Viza alsalar, hər halda Əfqanıstanda şortik geyinib tanımadıqları insanlara “gözəl saqqal dostum” deyə-deyə ətrafda fırlanacaqlar.

Qüsurları: yığıncaqları və qısaltmalarla danışmaları. Öz aralarında asan anlaşırlar, amma hər iki sözdən birini qısaltmaları başqaları tərəfindən çox çətin anlaşılmalarına səbəb olur.

6. İtalyanlar

Təyinedici xüsusiyyətləri: italyanların marka sevgisi onları xaricdə də tək buraxmır. Qollarında Gucci çantalar və yüksək dikdaban ayaqqabılarla Machu Picchu’yu axtaran birini görsəniz, bilin ki, o, italyandır. Təriflənməyə dəyər vərdişlər: Mövzu italyanlarsa, ətrafda yaxşı qəhvə tapa bilərsiniz. Ayrıca restoranda qarşı masanızda sizdən daha çox əylənən bir qrup varsa, onlar italyanlardır.

Qüsurları: çox israrçıdırlar və yoldaşlarının düşüncələrinə əhəmiyyət vermirlər. Bundan başqa, turist kimi ərköyünlükləri də xeyli bezdiricidir.

5. Yaponlar

Təyinedici xüsusiyyəti: fotoaparat daşımaları. Amma indi telefon daşıyan hər kəs üçün bu xüsusiyyət keçərlidir.

Təriflənməyə dəyər vərdişləri: macərasevər yaponlar da qrup halında gəzirlər. Ta ki, getdikləri yerdə turistik məkan qurtarana qədər. Qüsurları: çəkdirdikləri hər şəkildə barmaqlarıyla V şəkli göstərmələri. Bu, guya ki, ingiliscə “victory” (qələbə) mənasını verir.

4. İsveçlilər

Təyinedici xüsusiyyətləri: uzun, sarışın, rahat və sağlam. İsveçliləri fərq etmək çox asandır, amma daha uzun və parlaq olan norveçlilərlə qarışdırmamaq lazımdır. Eləcə də daha-daha uzun və parlaq olan danimarkalılarla.

Təriflənməyə dəyər vərdişləri: Çox rahat rəftarlarıyla, Avropanın kaliforniyalıları kimidirlər. Nəzakətlidilər. Çimərlik paltarlarında ən gözəl görünən insanlardır.

Qüsurları: geridə qalmış insanlara olduqca dözümsüz münasibət göstərirlər.

3. Amerikanlar

Təyinedici xüsusiyyəti: çempionata qatılmağı bacara bilməyən professional golfçular kimi geyinirlər.

Təriflənməyə dəyər vərdişləri: yüksək səslə danışıb davamlı etiraz edirlər. Amma yenə də dünyanın ən açıq fikirli və mədəni fərqliliklərinə hörmət edən insanlarıdır. Bəxşiş verməkdə isə əvəzsizdilər. Hətta o qədər ki, üzünə baxdığınız üçün belə bəxşiş ala bilərsiniz. Qüsurları: Onlara elə gəlir ki, amerikanlı olmaq “hər şeyi edə bilərəm” mənasını verir.

2. Almanlar

Təyinedici xüsusiyyəti: sarı saçları, pivədən yaranan şiş göbəyə heyranlıqları və atletik görünmə səyi. Təriflənməyə dəyər vərdişləri: almanlar açıq havanı çox sevərlər və özlərini Avropa çimərliklərindən daha uzağa aparacaq mədəniyyətlərə qarşı maraq duyarlar. Ağıllı, hörmətli və yoldaş sevəndilər. Nə qədər çox içsələr də, bunun öhdəsindən gələ biləcək bədənləri var. İçib özünü itirənlərdən deyillər. Qüsurları: hədsiz dərəcədə xırdaçıdılar.

1. Çilililər

Təyinedici xüsusiyyətləri: Sakit ölkənin turistləri həqiqi turistlərdir. Özləri olduğu qədər getdikləri yeri də əyləndirirlər. Təriflənməyə dəyər vərdişləri: nə qədər çətinliklə qarşılaşsalar da, heç vaxt şikayət etmirlər. Qüsurları: çox rahat və komplekssizdilər. Və bunu çox şişirdilmiş şəkildə hamının gözünə soxmağa çalışırlar.

Ruslar:

Təyinedici xüsusiyyətləri: qadınlar daha çox qüsursuz bədən quruluşu, kişilər isə içkiyə meyllilikləri ilə diqqət çəkirlər. Heç bir kompleksləri yoxdur. Qızlar çox rahat şəkildə dostluğa meyl edir. Ailəli turistlər isə uşaqlarına xüsusi önəm verir. Təriflənməyə dəyər vərdişləri: yeməklə bağlı xüsusi kaprizləri olmur. Daha çox öyrənməyə, yeni dadları, yerləri kəşf etməyə maraqlıdırlar. Qüsurları: başqa turistləri, xüsusən də qeyri-avropalıları aşağılama meyli güclü hiss olunur. Getdikləri yerdə dominantlığa meyl etmələri, bəzən yersiz insident yaratmaları bundandır.

Və gəldik, Azərbaycan oxucusu üçün ən maraqlı sayılacaq rəyə. Yəni özümüzə. Qəzetin yazısında azərbaycanlı turistlərlə bağlı deyilən rəylər stereotiplərdən uzaq, konkret rəy sorğusunun nəticələrinə əsasən hazırlanıb. Ümumiyyətlə, bütün millətlərdən olanlar barədə yazılanları otellərdə, turizm obyektlərində keçirilən sorğunun nəticələrinə əsasən hazırlayıblar. Beləcə, azəri turistlər:

Təyinedici turist xüsusiyyətləri: daha çox kompleksli və qeyri-tətil geyimləri ilə diqqət çəkirlər. Dənizə üzməyə də qollarındakı saatla gedənlər var. İstirahətə ailəvi çıxmaları onları səciyyələndirən cəhətləridir.

Təriflənməyə dəyər vərdişləri: problem yaradan turist kateqoriyasına daxil deyillər. İçkili halda digər turistlərə narahatçılıq yaratmaq, habelə yeməkdən, hoteldən yerli-yersiz narazılıq etmək kimi hər hansı cəhətləri yoxdur.

Qüsurları: əylənməkdən, istirahətdən daha çox alış-verişə önəm vermələri. Hotelə, istirahət kompleksinə gəldikləri ilk gün ən yaxınlıqdakı alış-veriş mərkəzinin yerini soruşurlar. Onları əllərində kitabla nadir halda görmək olar. Az idman edirlər, daha çox yeməyin vaxtı və menyu ilə maraqlanırlar.
musavat.com