BolgeXeber.Com » Analitika » Dərman bazarı monopolistlər arasında bölündü

Dərman bazarı monopolistlər arasında bölündü

20-06-2015, 17:05
Oxunub: 3 986 Dərman bazarı monopolistlər arasında bölündü«Dərmanların qiymətinə nəzarət uzunmüddətli tədbir ola bilməz»

Dərman bazarı monopolistlər arasında bölündü
"Azərbaycanda dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi dərman vasitələrinin qiymətlərinin hədsiz artımı hallarını aradan qaldıracaq". Bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir əczaçılıq sahəsində dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsinin ötən ilin yeniliklərindən biri olduğunu qeyd edib. Artıq Nazirlər Kabineti tərəfindən dərmanların qiymətlərinə nəzarət qaydaları təsdiq edilib.

Tarif Şurasından verilən məlumata görə, iyunun 8-də keçirilmiş iclasda Qaydalara uyğun olaraq, "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat" və bəyannamə formaları təsdiq edilib.

Səhiyyə Nazirliyi müxtəlif dövlət proqramlarının həyata keçirilməsi üçün dərman, vaksin və preparatlar, diaqnostika, dezinfeksiya vasitələrinin alınmasını tender yolu ilə beş şirkət arasında bölüb. Satınalmanın qiyməti 88 milyon 142,7 min manatdır. Satınalmalar üzrə dövlət reyestrinin məlumatına görə, Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin əsas tədarükçüləri olan "Avro Med Company" və "Osteosintez-Bakı ETİB"dir. Onlarla 32,6 milyon və 3 milyon 570 min manat məbləğində müqavilə imzalanıb. "Pharmex Healthcare Products LTD" Britaniya şirkəti Səhiyyə Nazirliyi ilə 29,9 milyon manat məbləğində 18 müqavilə bağlayıb. Qalan vəsait (13 milyon 112 minmanat) xroniki böyrək çatışmazlığı üzrə dərman və tibbi təyinatlı vasitələrin satınalınması üçün "FRESENİUS GENERAL TRADİNG LLC" (qeydiyyat ölkəsi bilinmir - red) şirkətinə verilib.
Bu ildən dərman və tibb avadanlığı mərkəzləşdirilmiş qaydada alınır: Əvvəlki illərdə rayon və şəhər səhiyyə idarələri bunun üçün vəsait alırdı. Bu il bu məqsədlə 209,3 milyon manat xərclənəcək. Bu, 2014-cü ildəkindən 32,4 milyon manat və ya 18,3% çoxdur. Buraya başqa strukturlarla yanaşı, Onkoloji Mərkəzə ayrılan vəsait də daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il (tədarükçü "AzeriMed" MMC) 25656 min manatlıq tibb ləvazimatı, dərman və sarğı materialları alıb. Onkoloji Mərkəzə dövlət büdcəsindən 42 milyon ayırmaq nəzərdə tutulub.

Həkim Adil Qeybulla "Bizim Yol" qəzetinə açıqlamasında bildirdi ki, bu yaxınlara qədər dərman firmaları qiymətləri özləri müəyyən edirdi. O, manatın devalvasiyasından sonra əhalinin sosial həyatında xeyli problemlər yarandığı qənaətindədir.

A.Qeybulla süni qiymət artımını misal çəkdi və ona qarşı mübarizənin gündəmə gəldiyini vurğuladı: "Dövlət dərmanların qiymətinin tənzimlənməsini məcburi tədbir kimi həyata keçirdi. Ancaq bu uzun müddət davam edə bilməz. Ölkədə iqtisadi sabitlik yarandıqdan sonra yəqin ki, qiymətlər yenə də sərbəst buraxılacaq. Bu məsələnin bir müsbət tərəfi də budur ki, qiymətlər müəyyən çərçivədə olduğundan insanlar ucuz aptek axtarmayacaq. evin yaxınlığında olan apteklərdən lazım olan dərmanları ala biləcəklər. Bu insanlar üçün rahat olacaq".

A.Qeybullanın sözlərinə görə, qiymətlər vətəndaşların cibinə uyğun olacaq, şişirtmələr olmayacaq. Ancaq ümumiyyətlə, qiymətlərə müdaxilə bazar iqtisadiyyatının qanunlarına ziddir.
BOLGEXEBER.COM