3 manata köfta, üstündə də xərçəng yaradan maddələr satılır...
22-06-2015, 09:48
Oxunub: 7 912
“3-5 manata koftalar, 9 manata şalvarlar, ya nə alırsan al, 5 manat...”
Bu cür çağırışlara paytaxtın əksər məkanlarında rast gəlinir. Bazarların yaxınlığında, metroların giriş-çıxışında ucuz paltarlar, xüsusən də uşaq geyimləri satılır. Bu cür ticarət “20 yanvar” metrosu, “8-ci km bazarı” və “28 may” metrosu ətrafında daha çoxdur.
“28 may” metrosu ətrafında yerləşən belə mağazalardan birinin sahibi Həsən adlı gənc virtualaz.org saytına açıqlamasında deyir ki, əsasən Çin istehsalı olan bu geyimlərin kifayət qədər alıcısı var.
Satıcı gün ərzində neçə manatlıq alver etdiklərini demək istəməsə də qazancının onu qane etdiyini bildirir: “Bu paltarlar Çindən kilo ilə gəlir, sonra biz ayırıb satırıq - şort və maykaları 1 manata, şalvar və iri ölçülü köynəkləri, koftaları 3-5 manata. Düzdür, bəzilərində defekt olur, tikişlər əyri-üyrü olur, düymənin biri çatmır. Amma sata bilirik. Bizdən alverçilər də mal alır, etiketi dəyişib daha baha satırlar”.
Yay aylarında isə alver 2-3 dəfə artır, küçə ticarəti daha geniş yayılır və alıcılar əsasən ucuzluğuna aldanaraq pul verib öz səhhətləri üçün təhlükəni satın alırlar.
Təzə paltar alanda onu əvvəlcə yuyun
Çin istehsalı olan paltarlarda sağlamlıq üçün təhlükə törədən maddələrdən istifadə olunur. Hələ bir neçə il əvvəl Çində aparılan araşdırmada üzə çıxıb ki, Quandoqda istehsal olunan uşaq geyimlərinin yarısı sağlamlığa zərərlidir. Onların istehsalında formaldehit maddəsindən çox istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı Çində istehsal olunan uşaq paltarlarında qədərindən 900 dəfə artıq formaldehit istifadə olunduğunu bildirərək ehtiyatlı olmağa çağırıb. Çünki bu maddə xərçəngə yol aça bilər.
Bakı Dəmiryol Xəstəxanasının dəri-zöhrəvi həkimi Aqşin Kəngərli deyir ki, rəngsiz və kəskin pis iyi olan bu kimyəvi maddə vücuda daha çox tənəffüs və dəri yolu ilə təsir edə bilər: “Dəridə qızartı, qaşınma, göz, burun, boğazda yanma ola bilər. Bəzən yorğunluq, yuxulamaq, baş ağrısı, baş gicəllənməsi, huşu itirmə kimi hallara da təsadüf edilir. Elə hallar da olur ki, kəskin allergiya verir. Belə paltarlardan istifadə təhlükəlidir”.
Hətta heyvanlar üzərində aparılan araşdırmalar göstərir ki, formaldehidin xərçəng törətmək qabiliyyəti də var.
A.Kəngərli deyir yaxşı olar ki, bu geyimlərdən bədəni yeni formalaşan uşaqlar tamamilə uzaq tutulsun: “Heç olmasa bu paltarlar geyilməzdən əvvəl yaxşıca yuyulsun. Adətən bu cür geyimlər rəngarəngliyi ilə də cəlb edir. Halbuki bu kimyəvi boyaqlar və bəzəklər sağlamlığa ziyanlıdır. Xüsusilə də uşaq paltarlarını alarkən sadə olanları seçmək lazımdır. Çünki istehsal zamanı standartdan kənar xammal və boyalardan istifadədə kimyəvi maddələrin miqdarı artır”.
Bəs bu cür təhlükəli geyimləri ölkəyə kim daşıyır? Bunun qarşısını hansı qurumlar almalıdır?
İqtisadiyyat və Sənaye Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev virtualaz.org saytının bu suallarına cavabında deyir ki, bu cür məhsulların ölkəyə gətirilməsinə nəzarət təmsil etdiyi qurumun səlahiyyətində deyil. Amma nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həm ərzaq, həm də geyim bazarında keyfiyyətə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir.
“Biz bu sahədə mütəmadi olaraq monitorinqlər aparırıq. Bu cür keyfiyyətsiz mallar aşkarladıqda dərhal bazardan çıxarılır və fakt üzrə qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq tədbirlər görülür. Son dövrlər bu məsələ ilə bağlı paytaxtda və rayonlarda maarifləndirmə işlərinə üstünlük verilir. Əhalidən xahiş edirik ki, mal və xidmətlərdən istifadə edərkən diqqətli olsunlar və hər hansı xoşagəlməz halla rastlaşanda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Qaynar xətt”inə müraciət etsinlər” - deyə A.Əliyev tövsiyə edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər